• cümə axşamı, 25 aprel, 02:49
  • Baku Bakı 19°C

“Türk axını” Ukraynadan yan keçir

21.06.17 10:00 925
“Türk axını” Ukraynadan yan keçir
Bəlli olduğu kimi, mayın əvvəlində "Qazprom” 2019-cu ildə istifadəyə verilməsini nəzərdə tutduğu "Türk axını” qaz kəməri layihəsini reallaşdırmağa başlayıb. Rusiya qazının Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Avropa ölkələrinə nəqlini nəzərdə tutan layihə iki xətt üzrə həyata keçirilməli və hər birinin gücü 15,75 mlrd. kub metr olmalıdır. Birinci xətt qazın Türkiyəyə, ikinci isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. Boru xəttinin dənizdən keçən hissəsi 900 km. təşkil etməlidir, 200 km. isə Türkiyənin ərazisi ilə Yunanıstana kimi uzanmalıdır.
Ümumiyyətlə, Rusiyanın Ukraynadan yan keçməklə inşa ediləcək boru xətlərinə marağı Ukraynada 2004-cü ildə yaşanan daxili siyasi hadisələrdən sonra yaranıb. Viktor Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra əvvəlki hakimiyyət dövründə Ukrayna ərazisindən Rusiya qazının tranzit nəqli ilə bağlı imzalanan sazişlər dəstəkləndi. Lakin Ukrayna Rusiyanın onun qaz nəqliyyat sisteminə aktiv şəkildə cəlb edilmək istəyini rədd edərək, üstünlüyü Avropa İttifaqına verdi. Nəticədə də, qaz nəqliyyat sistemini birgə idarə etmək barədə danışıqlar nəticəsiz başa çatdı. Sonra isə Kiyevlə Moskva arasında aramsız "qaz müharibələri” start götürdü. Kiyev bununla Rusiyanı etibarsız qaz nəqliyyatçısı kimi qələmə verməyə çalışır, Moskva isə ona qarşı təzyiq göstərmək istəyirdi. V.Yuşşenkonun dövründə Rusiya qazının Avropaya nəqli ilə bağlı problemlər Rusiya qarşısında alternativ marşrutlar axtarıb tapmaq məsələsini qoydu. Bu istiqamətdə işlər əsasən "Şimal axını” layihəsi ilə bağlı davam etdirildi. Lakin zaman-zaman Rusiyanın Qara dəniz vasitəsilə qazın nəqlində ciddi problemləri yaranırdı. 2014-cü il pik oldu. Bu ölkədə dövlət çevrilişindən sonra isə Ukraynada hakimiyyətə gələn antirus qüvvələrlə Moskvanın münasibətləri tamamilə pisləşdi. Məhz bundan sonra Ukraynadan asılılıq Rusiya üçün xüsusi aktuallıq kəsb etməyə başladı. Bir neçə variant təklif edilsə də, sonda "Türk axını”nın üzərində dayanıldı. 2015-ci ildə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskinləşdikdən sonra layihə arxivə atıldı. Yalnız 2016-cı ildə münasibətlər normallaşdırdan sonra tərəflər yenidən layihəyə qayıtdılar.
Artıq hər iki ölkənin parlamenti, prezidenti sazişi təsdiq ediblər. Ən çox diqqət çəkən Bolqarıstana qazın nəqlidir. Bu layihələrin reallaşdırılması Rusiyanın strateji cəhətdən önəmli bir regionda mövqelərini möhkəmləndirə bilər. Eləcə də, Serbiyaya qazın nəqlinin artırılması məsələsi var. Son vaxtlara kimi, bu ölkəyə il ərzində 2 mlrd. kub metr qaz nəql edilirdi. Nəticədə, Avropa ölkələrinin bir qismi Rusiya layihəsinə özlərinin Avropada yerinin və Rusiya ilə münasibətlərinin möhkəmləndirilməsi kimi baxmağa başladılar. Ukraynaya gəldikdə, o, tranzit ölkə kimi rolunu itirmək təhlükəsi ilə üzbəüz qala bilər. "Türk axını” işə düşdükdən sonra bu ölkə tranzit kimi tam rolunu itirəcək. Bu, Ukrayna büdcəsinə də təsir edəcək. Müqayisə üçün bildirək ki, əgər əvvəllər Ukrayna ərazisi ilə nəql edilən Rusiya qazının həcmi 100 mld. kub metr idisə, 2016-cı ildə bu rəqəm 82,5 mlrd. kub metrə düşüb. "Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, 2020-ci ildən sonra bu rəqəm 15 mlrd. kub metrə düşə bilər. Bu isə Ukraynanın qaz nəqliyyat sistemini rentabelsiz bir quruma çevirə bilər.
Layihənin reallaşması Qara dəniz hövzəsində qüvvələr balansını da kardinal şəkildə dəyişə bilər. Belə ki, uzun illər özünün qaz nəqliyyat sistemini Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edən Ukrayna bu imkandan məhrum ola bilər. ABŞ və Aİ-yə gəldikdə, onlar Rusiyaya Kiyevin əli ilə təzyiq göstərmək imkanını itirə bilərlər.
Ukrayna da dinc durmaq istəmir. Rusiyaya qarşı Bolqarıstan və Rumıniyadan dəstək qazanmağa çalışır. Ukrayna Türkiyəni də Rusiyaya qarşı yönəltməyə, onun layihədə iştirakdan imtinasına nail olmağa cəhd edir. Ukrayna tərəfi Ankaranın diqqətini Krım tatarlarına yönəltmək istəyir. Bəlli olduğu kimi, Rusiya Krımı işğal etdikdən sonra yarımadada yaşayan tatarlara qarşı ayrı-seçkiliyə yol verir. Bundan əlavə, Kiyev üçün Gürcüstanla da münasibətlər önəm kəsb edir. Bu ölkə xarici siyasətini ABŞ və Aİ ilə münasibətlər üzərində qurub. Kiyev Moskva ilə Tbilisi arasındakı gərginlikdən öz maraqlarına uyğun istifadə etməyə çalışır.
O ki qaldı Türkiyəyə, "Türk axını” reallaşarsa, bu onun mövqeyinin xeyli gücləndirə bilər. Layihənin reallaşması ilə Türkiyə enerji resurslarının Avropaya çatdırılmasında başlıca ölkəyə çevrilə bilər. Bu həm də onun Rusiya ilə münasibətlərini gücləndirər. Eləcə də, Avropa İttifaqı ilə münasibətlərdə əlavə arqument verə bilər.
Yeri gəlmişkən, layihə Rusiyaya qarşı sanksiyalar və Ankaranın Qərblə gərgin münasibətləri şəraitində reallaşır. Bundan əlavə, "Türk axını” və "Şimal axını” qaz kəmərləri Rusiya qazının Avropa bazarında mövqelərini müəyyən etmiş olacaq. Avropada mövqelərini gücləndirməyə çalışan Birləşmiş Ştatlara gəldikdə, bu ölkə qitəyə özünün enerji resurslarını nəql etməyə səy göstərir.
Qərb Ukraynaya müdaxilə etdiyinə görə Rusiyaya qarşı sanksiyaları gücləndirir. Bütün bunlara rəğmən, qarşıda Ukraynanı ciddi proseslər gözləyir. İstənilən halda, irimiqyaslı hərbi əməliyyatların baş verəcəyini gözləmək gərək deyil. Rusiya böyük ehtimalla Kiyevə qarşı yalnız iqtisadi rıçaqlarını işə salacaq. Ukraynanın bütün bunların qarşısında duruş gətirəcəyini isə zaman göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər