• şənbə, 20 Aprel, 15:35
  • Baku Bakı 23°C

“Türk axını” Türkiyə parlamentinin gündəliyində

30.11.16 12:33 985
“Türk axını” Türkiyə parlamentinin gündəliyində
"Türk axını” ilə bağlı layihə reallaşmaq üzrədir. Məsələ artıq Türkiyə Böyük Məclisinin gündəliyinə salınıb və yaxın günlərdə qanun layihəsi ilə bağlı dinləmələrə başlanılacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Rusiyanın "TASS” xəbər agentliyinə müsahibəsində bunu təsdiq edib. Türkiyə və Rusiyanın sadəcə qonşu ölkə olmadığını deyən Çavuşoğlu "Yüz illərdir Avrasiyacoğrafiyasının ritmini birlikdə müəyyən edən iki qədim dövlətik. Biz Rusiya ilə münasibətlərimizə həmişə bu nöqteyi-nəzərdən yanaşdıq. Gələcəyə də yenə bu perspektivlə baxırıq”, - deyə bildirib.
Türkiyənin Rusiya iləmünasibətlərinə məhdudiyyətlər qoymadığını qeyd edən Mövlud Çavuşoğlu "Hədəfimiz 100 milyard dollar ticarət həcmi, Akkuyu və"Türk axını” kimi nəhəng layihələrdir”, - deyə vurğulayıb. Rusiya-Türkiyə iqtisadi əlaqələrinin bir-birini mükəmməl şəkildə tamamladığına diqqət yetirən Çavuşoğlu: "Rusiya Türkiyənin enerji sahəsindəki əsas tədarükçüsüdür, Türkiyə isə Rusiyaya təzə meyvə-tərəvəz sahəsindəən yaxşı imkanları təmin edən tədarükçüdür. Türkiyə Rusiyaya turizm sahəsində ən yaxşı imkanları təmin edir, Rusiya da türk inşaat şirkətlərinə mühüm layihələrlə dəstəkverir”- deyib.
Beləliklə, Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalından sonra arxivə atılan "Türk axını” layihəsi yenidən gündəmə gəlib. Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq layihəyə görə, boru xətti 2019-cu ilin sonunda istismara veriləcək. Kəmrlə nəql olunacaq qazın bir qismi Türkiyənin daxili ehtiyaclarına sərf olunacaq. Yekun məqsəd isə Türkiyənin təbii qazın satışı üzrə mərkəzə çevrilməsidir.
Türkiyə qazdan yararlanacaq
"Türk axını” ilə bağlı razılıq Rusiya prezidenti Vladimir Putinin oktyabrın 10-da İstanbula səfəri zamanı əldə olunub. "Milliyət” yazır ki, tərəflər arasında əldə olunan razılaşmaya görə, qaz kəməri iki boru xəttindən ibarət olacaq. Quru və dəniz sahələrində inşa ediləcək bu xətlərin hər birinin ümumi gücü 15,75 mlrd. kubmetr olacaq. Buraxılış gücü isə ildə 31,5 mlrd. kubmetr planlaşdırılır. Razılaşmaya uyğun olaraq, boru xəttinin quru və dənizdən keçəcək hissələrinin inşası ilə Rusiya tərəfi məşğul olacaq. Quru hissə ilə keçəcək xətlərdən biri Türkiyənin daxili ehtiyaclarını ödəməyə sərf ediləcək və bu işləri BOTAŞ həyata keçirəcək. Quru ilə keçəcək ikinci xətt isə Avropaya uzanacaq. İnşa və istismar işləri ilə başqa bir kompaniya məşğul olacaq. Boru xəttinin bütün məntəqələrinin istismara verilməsi işləri 2019-cu ilin 30 dekabrında başa çatmalıdır.
Məqsəd - qaz sferasında mərkəzə çevrilməkdir
Qanun layihəsində o da qeyd edilir ki, layihə ilə bağlı ortaya çıxacaq problemlər məhkəməyə çatmamış həll ediləcək. Əgər burada nəticə əldə olunmazsa, onda arbitraj məhkəməsinə müraciət ediləcək. Bu da kömək etməzsə, onda son olaraq BMT Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edilə bilinər. İlkin olaraq 30 il üçün nəzərdə tutulan razılaşma, hər beş ildən bir yenilənəcək. "Bizim ölkə yeni-yeni strategiyalar hazırlayır və məqsəd regionda enerji mərkəzinə çevrilməkdir. "Cənub Qaz Dəhlizi”nin bir hissəsi olacaq TANAP layihəsinin reallaşması istiqamətində mühüm addımlar atılır. Xəzər qazının Avropaya, oradan isə Cənubi-Şərqi Avropaya çatdırılmasını nəzərdə tutan layihə böyük əhəmiyyət kəsb edir”,- deyə qəzet yazır.
Layihəyə yeni iştirakçıları cəlb oluna bilər
Qəzet onu da yazır ki, Rusiyanın "Qazprom” və Türkiyənin "BOTAŞ” şirkətləri"Türk axını” layihəsinə yeniiştirakçıları cəlb edə bilər. Tərəflər arasında əldə olunan razılaşmaya görə, kəmərin quru sahəsi ilə çəkilən ikincihissəsinin və dəniz sahəsinininşası üçünRusiya tərəfinin razılığı əsasında yeni iştirakçılar cəlb oluna bilər. Bu iştirakçıların layihədəki payları nizamnamə kapitalına uyğun olaraq bölüşdürüləcək.
"Türk axını”na ehtiyac arta bilər
Yeri gəlmişkən, Brüssel Karnegi İnstitutunun enerji mütəxəssisi Devid Livinqston qeyd edir ki, Rusiyadan Almaniyaya Baltik dənizi altından cəmi 55 milyard kubmetr təbii qaz ötürülməsini nəzərdə tutan "Şimal axını-2” layihəsinin ləğv edildiyi təqdirdə Rusiyanın "Türk axını”na olan ehtiyacı daha da artacaq. D.Livinqston "Qazprom”un "Türk axını” layihəsində çox ciddi dəyişikliklər olmayacağını bildirib.
Onu da qeyd edək ki, "Şimal axını-2” layihəsi hazırda Avropada geniş müzakirə olunur. Almaniya ona dəstək versə də, digər ölkələr qarşı çıxır. Yeri gəlmişkən, dünyada Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. Ekspert və analitiklər bu prosesin hansı səviyyəyə qədər dərinləşə biləcəyi ilə bağlı təhlillər aparır, proqnozlar verirlər. "Milliyət” yazır ki, reallıqda vəziyyət xeyli dərəcədə mürəkkəbdir, risk faktorları mövcuddur. Lakin meydana gələn yeni imkanları da arxa plana atmaq olmaz. Eləcə də, Qərb siyasi dairələrində "Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə və nə dərəcədə inkişaf edə bilər? sualına cavab axtarılır. Təhlillər və proqnozlar göstərir ki, Rusiya-Türkiyə münasibətlərində normallaşma tendensiyası üstünlük təşkil etsə də, hələlik mənzərə tam aydın deyil.
Azər
banner

Oxşar Xəbərlər