• cümə axşamı, 02 may, 02:12
  • Baku Bakı 15°C

“Türk axını” reallaşmaya bilər

07.05.15 06:37 1288
“Türk axını” reallaşmaya bilər
Rusiya prezidenti Vladimir Putin İrəvanda “soyqırımı” sözünü işlətməklə ölkəsini çox ciddi problemlərlə üz-üzə qoyub. Necə deyərlər, ölkənin başının üstünü alan iqtisadi və siyasi problemlərin üstünə biri də əlavə edilib. Söhbət Kremlin böyük ümid və təmtəraqla qələmə verməyə çalışdığı “Türk axını” layihəsindən gedir. Layihənin tarixin arxivinə atılacağı barədə ehtimallar Kremldə şok effekti doğurub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanı tənqid edən bəyanatı isə ikitərəfli münasibətlərin heç də normal axarda olmadığını üzə çıxarıb. Belə ki, o, Moskvanı keçmişə deyil, Ukrayna və Krımda törədilənlərə çevrilib baxmağa çağırıb. Düzdür, rusiyalı ekspertlər qarşılıqlı ittihamların ikitərəfli münasibətlərə xələl gətirməyəcəyini və Türkiyə ilə Rusiya arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bəyan etməyə başlasalar da, əslində heç də belə deyil. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.
Ən sərt addım isə Türkiyə prezidentinin faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirakdan boyun qaçırması oldu. Tədbirdə Türkiyəni bu ölkədəki səfir Ümid Yardım təmsil edəcək. İqtisadi və siyasi xarakter daşıyan ikinci zərbə isə daha irimiqyaslıdır. “Qazprom” bir neçə ay davam edən danışıqlardan sonra özəl türk şirkətlərinə qazın qiyməti ilə bağlı güzəştə getmək qərarına gəlib. Beləliklə, may ayı üçün qazın satış qiyməti hər min kubmetr üçün 260 ABŞ dollarına düşə bilər. Halbuki əvvəl imzalanan müqavilədə bunun həcmi 374 dollar idi. Özü də qiymətlər bu ilin yanvarın 1-dən hesablanmağa başlayacaq. Yəni “Qazprom” indiyə qədər satdığı qaza görə aldığı vəsaiti geri qaytarmalı olacaq. Bu vəsait isə elə də az deyil – təqribən 250-300 milyon dollar. Qeyd edək ki, “Qazprom”un Türkiyəyə ixrac etdiyi qaz Ukrayna vasitəsilə Transbalkan qaz kəməri vasitəsilə çatdırılır. Əlavə 18 mlrd. kubmetr isə “Mavi axın” vasitəsilə alınır. 2014-cü ildə Türkiyə “Qazprom”dan 27,3 mlrd. kubmetr qaz alıb. Lakin əsas nəql “Botaş” dövlət şirkətinin üzərinə düşüb. “Qazpom”da məhz onunla qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqlar aparırdı. Yayılan son xəbərlərə görə isə “Qazprom”un “Botaş”la apardığı danışıqlar dalana dirənib. Bu isə bütövlükdə “Türk axını” layihəsinin reallaşmasına əlavə problem yaratmış olur. “Botaş” hazırda ruslara qazın hər min kubmetri üçün 370 dollar ödəyir, Avropa bazarında isə bu qiymət 100 dollardan da aşağıdır. Özü də bu, türk lirəsinin qiymətinin aşağı düşdüyü, eləcə də gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində baş verir. “Qazprom” da artıq bir neçə milyon avro itki ilə üzləşib. Şirkət bu pulu Varnada boru xəttinin inşa ediləcəyini gözləyən podratçı şirkətlərə ödəyir. Özü də bu sahədə yaranmış inhisar bazarda iştirak payını da riskli edir - fevral ayından Türkiyə sıxılmış maye qazın alınması işlərini gücləndirib. Bunun bazarda qiyməti isə 50 dollardan da aşağıdır. Apreldə Rusiyadan alınan qazın həcmi ötən illə müqayisədə 38 faiz azalıb. Görünür, belə qeyri-müəyyən vəziyyətdə “Qazprom” bazarda öz payının qorunub saxlanılması üçün özəl ixracatçılara üstünlük vermək qərarına gəlib.
Bir sözlə, “Türk axını”nın taleyi yenidən yekun qərar gözləyə-gözləyə havadan asılı vəziyyətdə qalıb. Belə bir mürəkkəb durumda isə TANAP qrafikə uyğun olaraq sürətlə inşa edilir. Təsadüfdən, yoxsa yox, Türkiyə yanacaq və energetika naziri Taner Yıldızın bu fikri “Türk axını” layihəsinin dayandırılacağı ilə bağlı yayılan xəbərlərlə üst-üstə düşmüş oldu. Nazir bəyan edib ki, TANAP tək Türkiyə üçün deyil, eləcə də Avropa üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın “Türk axını” ilə bağlı danışıqları heç cür TANAP-ın reallaşmasına maneçilik yarada bilməz. Bu, V.Putinin müəllifi olduğu layihəyə sonuncu zərbə olmayıb. Avropa Komissiyası rəhbərinin enerji məsələləri üzrə müavini Maroş Şefçoviç də Moskvanı hədələyən bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Rusiya üçün Ukraynadan yan keçməklə Avropaya qaz nəql etməsi, o cümlədən “Türk axını”nı reallaşdırması həm texniki, həm də hüquqi baxımdan çox çətin olacaq. Belə bir vəziyyətdə Rusiya üçün yeganə çıxış yolu Ukraynaya qarşı ərazi iddialarını dayandırması ola bilər. Moskva isə belə bir mövqeni hələ ki, nəinki yaxına buraxır, əksinə, aqressiv addımlarını daha ad gücləndirir. Hətta Qərbin sanksiyaları və üzləşdiyi maliyyə böhranı belə Rusiya rəhbərliyini geri çəkilməyə məcbur edə bilmir.
Azər
banner

Oxşar Xəbərlər