• cümə axşamı, 25 aprel, 02:32
  • Baku Bakı 19°C

“Türk axını” axmaz oldu

03.07.15 10:35 1839
“Türk axını” axmaz oldu
Layihənin reallaşması ən azı payızadək təxirə salınıb
Belə getsə, “Türk axını” layihəsi elə layihə olaraq da qalacaq. Layihənin imzalandığı gündən altı ay keçməsinə baxmayaraq, onun reallaşması problem olaraq qalır. Türkiyədə parlament seçkiləri, ardınca da hökumət qurulması istiqamətində problemlər, eləcə də Yunanıstanda yaşananlar bu layihənin reallaşmasını uzun müddətə təxirə salmış olur. Ötən gün isə Türkiyənin “BOTAŞ” və Rusiyanın “Qazprom” şirkətlərinin “Türk axını” layihəsi ilə əlaqədar təbii qazın qiymətində razılığa gələ bilmədikləri barədə xəbər yayıldı. Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Agentliyin məlumatına görə, ölkələr arasında 6 aydır davam edən danışıqlar nəticə verməyib. Bu səbəbdən “Türk axını” layihəsi ilə bağlı sazişin imzalanmasının ən azı oktyabr ayına qədər təxirə salındığı bildirilir. Xatırladaq ki, hazırda Türkiyə Rusiyadan 10 milyard dollar dəyərində qaz idxal edir və Moskvadan qaz alan ikinci ölkədir. Qeyd edək ki, “Cənub axını” layihəsinin ləğvindən sonra Rusiya prezidenti Vladimir Putin “Türk axını” layihəsi ilə bağlı 2014-cü ilin dekabr ayında açıqlama vermişdi. O, bəyan etmişdi ki, layihə yaxın vaxtlarda reallaşacaq. Onu da əlavə edək ki, “Türk axını” kəməri ilə nəql ediləcək qazın həcminin illik 63 milyard kubmetr olacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, əksəriyyət hesab edir ki, iyul ayının ilk on günü Ankara və Moskva üçün kritik olacaq. Belə ki, Türkiyə iki həftə ərzində Rusiya ilə “BOTAS” dövlət şirkəti üçün nəzərdə tutulan qazın qiymətinin endirilməsinə dair razılığa gəlmək niyyətindədir. Bu barədə “Röyters”ə Türkiyə hakimiyyətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. Qeyd edək ki, rəsmi Ankara ötən həftə bəyan edib ki, qiymətə dair razılıq əldə olunmayacağı təqdirdə beynəlxalq arbitraj məhkəməsinə müraciət edə bilər. Mənbə tərəflərin nisbətən “yumşaldığını” bildirsə də, arbitraja müraciət ediləcəyini istisna etməyib. “Məsələ bir-iki həftə ərzində həllini tapmalıdır” - deyə o bildirib. “Qazprom”dakı mənbənin bildirdiyinə görə, tərəflər arasında yekun razılıq əldə olunmayıb, danışıqlar davam etdirilir. Qeyd edək ki, “Qazprom” əvvəl Türkiyənin digər özəl qaz şirkətlərinə endirim verib. Rusiya mətbuatı iddia edirdi ki, Türkiyə “Türk axını”nın inşasına razılıq verib. Lakin bu heç də belə deyil. Türkiyənin yanacaq və energetika naziri Taner Yıldız da bu günlərdə bəyan edib ki, Türkiyə inşa işlərinə razılıq vermədiyindən hələ ki, layihənin yalnız dənizdən keçən hissəsində mühəndis qazma işləri aparıla bilər. Sənəd qaz kəmərinin birinci xəttində tədqiqatların aparılmasını nəzərdə tutur. Bundan əlavə, Rusiyanın energetika naziri Aleksandr Novak bu yaxınlarda bildirmişdi ki, Rusiya və Türkiyə iyunun sonlarına kimi “Türk axını”nın inşası ilə bağlı dövlətlərarası mətni razılaşdıracaqlar. Lakin göründüyü kimi, bu, baş vermədi. Ekspertlər hesab edir ki, Türkiyə Rusiya qazının satış qiyməti aşağı salınmayana qədər “Türk axını”nın reallaşdırmasına yol verməyəcək. Heç şübhə yoxdur ki, yeni yaradılacaq hökumət də bu məsələdə güzəştə getməyəcək. Bir faktı da nəzərə alaq ki, Türkiyənin təbii qaza olan tələbatı günbəgün artdığından Ankara üçün Rusiya qazının qiymətinin aşağı salınması çox vacibdir. Hətta Türkiyə hökumətlərarası sazişə imza atsa belə, bu, gec-tezi enerji böhranına gətirib çıxaracaq. Siyasi elita yaxşı anlayır ki, Rusiyanın əlində qaz - təzyiq vasitəsidir. Rusiya hələ mart ayında bununla bağlı Türkiyəni xəbərdar edib. O zaman “BOTAŞ” gözləyirdi ki, Rusiya Türkiyəyə daşınan qaz üçün 15 faiz güzəşt tətbiq edəcək. Lakin “Qazprom” bu güzəşti yalnız özəl türk şirkətlərinə tətbiq etdi. Əminliklə demək olar ki, Rusiya bu addımla özəl sektorun köməyi ilə Türkiyəyə təzyiq göstərmək istəyir. Beləliklə də, Rusiya nümayiş etdirmək istədi ki, yalnız bir şərtlə qazın qiymətində güzəştə gedəcək - Ankara “Türk axını” layihəsində güzəştə getməlidir. Bu isə az ehtimal edilir.
Analitiklər hesab edir ki, Yunanıstan ətrafında baş verən dramatik proseslər yeni qlobal böhrana, Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara bilər. Yunanıstan “Türk axını” layihəsinin tranzit marşrutunda ən önəmli və həssas ölkə sayılır. Demək, bu ölkə ətrafında cərəyan edən proseslər sözügedən layihəyə də təsirsiz ötüşməyə bilər. Yada salaq ki, “Türk axını” da, TANAP da Yunanıstanla sərhədə eyni nöqtədə çıxmalıdır. Oradan da o, TAP kəmərinə birləşdiriləcək. “Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq xabda müştərilərə təhvil verməyi planlaşdırır. Odur ki, xeyli vaxtdır Rusiya-Qərb qaz savaşı əslində daha çox Yunanıstan uğrunda gedirdi.
Xatırladaq ki, bu yaxınlarda Rusiya “Türk axını” boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzalayıb. Rusiyanın energetika naziri A.Novak sazişin imzalanması mərasimində çıxış edərək razılaşmanın detallarını açıqlayıb. A.Novak layihədə Yunanıstan ilə bərabər hissəyə sahibi olacaqlarını söyləyib. Rusiya Ukrayna ilə münasibətlərin korlanmasından sonra Avropaya təbii qaz nəqlində açar rolunu oynayan ölkəni və qaz nəqli marşrutları tapmağa çalışırdı. Görünür, rəsmi Moskva artıq axtardığını tapıb. Ancaq 63 milyard kubmetrlik “Türk axını” layihəsini gündəmə gətirən Rusiya Yunanıstan ilə kəmərin uzadılması məsələsində razılıq əldə etsə də, hələlik Ankara ilə qəti bir hökumətlərarası razılaşma əldə edilməyib. Və görünür, hələ bu proses uzun müddət belə davam edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər