"Azərbaycan həqiqətən sürprizlərlə
dolu nağıllar ölkəsidir. Ona görə də, bizə təklif etdiyi hər şeyi araşdırmağa
kömək edək: dağlardan tutmuş palçıq vulkanlara, xalçalardan, qalalardan tutmuş
Xəzər dənizinə qədər...” Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən
"Experience Azerbaijan” tanıtım jurnalında yer alan bu fikirlər oxucunu
istər-istəməz bu heyrətamiz ölkə ilə tanışlığa səsləyir. Jurnalda Azərbaycanın
turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə
ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini
cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə
ətraflı məlumat təqdim olunub.
Yerli və beynəlxalq peşəkarlar
tərəfindən hazırlanan jurnal, Azərbaycanın xaricdə yerləşən bütün
səfirliklərində, beynəlxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə
fəaliyyət göstərən əksər hotellərdə paylanılır.
"Experience
Azerbaijan” jurnalının təqdimat mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid
nəşrin xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini
qeyd etdi. Belə ki, bu tip nəşrlər təbliğat metodu kimi mühüm rola malikdir: "Bu cür
təbliğat turizmdə marketinqin əsas hissələrindən biridir». F.Zenqstşmid məlumat
verdi ki, bu ilin birinci rübündə Qazaxıstan, Ukrayna, Cənubi Koreya və
Yaponiyada Azərbaycanın turizm nümayəndəlikləri açılacaq: "2020-ci ildən Böyük
Britaniyadan turistlərin cəlb edilməsi nəzərdə tutulur. Bu il ərzində
İspaniyada böyük bir turizm forumu keçiriləcək. Orada iştirak etmək Cənubi
Avropadan turist cəlb edilməsi baxımından faydalı olacaq. Bu ilin sonunda
həmçinin Parisdə keçiriləcək sərgidə də iştirak planlaşdırılır. Eyni zamanda,
Azərbaycana gələnlərə öz dostluğumuzu təklif etməyi düşünürük. Biz öz
müştərilərimizə mədəni şəkildə müraciət etməyə çalışacağıq. Biz bilirik ki,
yeni bir istiqamət açarkən bu yöndə çalışmaq lazımdır”. Təqdimatı keçirilən «Experience
Azerbaijan» jurnalının nəşrindən danışan baş icraçı direktor diqqətə çatdırdı
ki, nəşr tam olaraq yerli məhsuldur və beynəlxalq redaktorların iştirakı ilə
dərc edilib: "Jurnaldakı şəkillər Azərbaycan fotoqraflarının əməyinin
məhsuludur. Nəşrdəki materiallar çox maraqlıdır. Eyni zamanda, oxuculara lazımi
tövsiyələr də yer alıb». F.Zenqstşmid fevral ayında Turizm Agentliyinin yeni
turizm portalının da istifadəyə veriləcəyini qeyd etdi: «Bu portalda "booking”
planlama işləri də görüləcək”. O, ötən ilin nəticələrinə toxunaraq 2019-cu ildə
Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edildiyini qeyd etdi: "Ötən il
Azərbaycana 3,2 milyon turist səfər edib. Turizm sahəsində artım 11,4 faiz
olub. Artım Avropa ölkələri ilə müqayisədə, xüsusilə çox olub. Asiya bazarı
üzrə isə daha aşağı artım müşahidə edilib. Bu o deməkdir ki, biz artıq öz
marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki,
turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar”. F.
Zenqstşmidin sözlərinə görə, 2020-ci
ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənilir: "Daxili şərait nəzər
alınsa, bu, çox yaxşı artımdır”. Baş icraçı direktor
viza məsələsinə də toxundu: "Azərbaycan Turizm Bürosu olaraq çalışırıq ki,
vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz
mübarizə aparacağıq ki, daha çox ölkə rahat şəkildə viza ala bilsin".
"Experience Azerbaijan” jurnalının redaktoru Tom Marsden Azərbaycana
səyahət edən turistlər üçün nəşrin əhəmiyyətli bir vasitə olacağına əminliyini
bildirdi: "Mən 6 il əvvəl Azərbaycana gələndə bu ölkənin yalnız neft və qaz
sərvətlərinin olması haqqında məlumatlı idim. Burada yaşadığım müddətdə
Azərbaycanın çox zəngin mədəniyyətə, tarix və adət-ənənəyə malik olduğunu
gördüm. Bütün bu dəyərlərin yer aldığı jurnal inanıram ki, oxucuların xoşuna
gələcək. Əsas məqsədimiz bu standartları qorumaqdır. Jurnalda «Azərbaycan
harada yerləşir, mədəniyyəti necədir və s.” kimi məlumatları Azərbaycan
insanlarının dili ilə çatdırmağa çalışmışıq. Məqsədlərimizdən biri insanları
Azərbaycana gəlmək üçün ilhamlandırmaqdır. Bunun üçün jurnalda Azərbaycanın
görməli yerlərini əks etdirmişik. Həmçinin ölkənin inanılmaz rəngarəngliyini
açmağa çalışmışıq. İstəyirik ki, jurnal Azərbaycana gələnlər üçün bələdçi rolunu
oynasın. Ona görə də, nəşrdə turistlər üçün çoxlu tövsiyələr yer alıb. İnanırıq
ki, səyahət edən insanlar üçün Azərbaycanla tanışlıqda bu jurnal bir vasitə
olacaq”.
Qeyd edək ki, 5 min tirajla
yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən "Experience Azerbaijan”
jurnalı ildə iki dəfə dərc olunacaq. Jurnalı onlayn formada,bukeçiddən (http://bit.ly/35Qn8qu) istifadə edərək, pulsuz əldə etmək
mümkündür.