• cümə, 19 Aprel, 01:09
  • Baku Bakı 18°C

Turizmin “qara siyahısı”nın yaradacağı məsuliyyət

12.09.17 10:00 2345
Turizmin “qara siyahısı”nın yaradacağı məsuliyyət
Azərbaycan Turizm Assosiasiyası turizm sənayesi iştirakçılarının "Qara siyahı”sını tərtib edəcək.
Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib ki, əvvəllər də belə siyahını hazırlayırdılar. İndi isə onu bərpa etmək qərarına gəliblər. Bu siyahıya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək: "Siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcəklər. Hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bundan sonra siyahıya əlavə olunacaq. Belə təcrübə bir çox ölkələrdə tətbiq olunur və yarana biləcək risklərin, eləcə də digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir”.
N.Bağırov assosiasiyanın iştirakçıları haqqında da məlumat verib. O bildirib ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. Və assosiasiyaya ancaq turizm qanunvericiliyinə uyğun fəaliyyət göstərən və turistlərin hüquqlarını təmin edən şirkətlər üzv ola bilər.
Maraqlıdır turizmin bu qədər inkişaf etdiyi, ölkəyə turist axının ən yüksək səviyyədə olduğu bir dövrdə, "qara siyahı” hansı effekti verə, turizm sahəsindəki hansı problemləri həll edə bilər? Bu, turizm sahəsində fəaliyyət göstərən şirkətlərin məsuliyyətini artıracaqmı? Bu kimi suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov "qara siyahı” məsələsinin hələ ki, müzakirədə olduğunu bildirdi: "Hələ ki, konkret olaraq hansı turizm şirkətlərinin, otellərin, aviaşirkətlərin, turistlərin həmin siyahıya əlavə olunacağını deyə bilmərik. Bu qaydaları isə biz qoymamışıq. Bu, ümumi olaraq beynəlxalq standartlara uyğun müəyyənləşdirilən tələblərdir və onlara əməl etmək mütləqdir. Özünü apara bilməyən turist, vətəndaşları və gələn turistləri aldadan, fırıldaqçılıqla məşğul olan turizm şirkətləri həmin siyahıya əlavə olunacaqdır. Amma hələ ki, bu mövzu ətrafında müzakirələr gedir. Dəqiq bir şey dəmək üçün tezdir. Bunu da qeyd edim ki, görülən bu kimi tədbirlər turizmin inkişafı naminə edilir”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhman Quliyev qeyd etdi ki, qara siyahı bütün dünya praktikasında var: "Əgər ölkəyə bir turist gəlib 100 dollar pul xərcləyib, amma ölkənin imicinə zərər gətirən nalayiq hərəkətlər edirsə, bəzi daxili proseslərə, siyasi məsələlərə qarışırsa, birbaşa olaraq arzuolunmaz şəxslər siyahısına salınmalıdır. Hətta turistlərin ölkəmizə axın etdiyi ilk gündən çağırışım ondan ibarət oldu ki, onlar arasında çox ciddi yoxlamalar aparılmalıdır. Müharibə şəraitində yaşayan ölkə olaraq, bu kimi mövzularda diqqətli olmaqda fayda var. Lazım gələrsə, lap sərhədlərimizi bağlayarıq. Yetər ki, müstəqilliyimizə, suverenliyimizə, ölkəmizin imicinə zərər gəlməsin. Bugünkü gündə 5-10 turistin gəlməsi ölkəmizdən önəmli deyil. Şəxsən bir turizm şirkətinin nümayəndəsi olaraq deyirəm ki, mənə o çörək lazım deyil. Əgər mənim dövlətimə, insanlarıma bir ziyan dəyəcəksə, mən o pulu istəmirəm. Mənə o cür turistlərdən gələn pul gərək deyil. Düşünürəm ki, bu siyahı məsələsinin də turizm sahəsinə heç bir mənfi təsiri olmayacaq. Çünki individual olaraq, fərdi qaydada tətbiq ediləcək. Tutaq ki, bir ərəb və ya iranlı turist qrupu gəlibsə, onların içindən bir nəfər "qara siyahı”ya düşürsə, bu demək deyil ki, həmin qrupun adamları da siyahıya daxil olur. Bunun qrupla bir əlaqəsi yoxdur. Biz qonaqpərvər millətik, digər turistlərin başımız üstündə yeri var. Sadəcə, tək istəyimiz ölkə imicinə zərər verəcək hərəkətlərin edilməməyidir.
Müsahibimizdən "qara siyahı”ya əlavə olunacaq turizm şirkətləri haqqında da soruşduq: "Cənab prezidentimiz sahibkarlığa dəstək məqsədi ilə lisenziyalaşmanı ləğv edib. Bundan da bir çox şirkətlər sui-istifadə edərək, səriştəsiz və səmərəsiz fəaliyyət göstərirlər. Bunun da nəticəsində həm ölkəyə gələn, həm gedən turistlər çox böyük əziyyətlər çəkir. Bu cür şirkətlər daşıdığı məsuliyyəti dərk etmirlər. Bizim o şirkətləri sıxışdırıb ortadan çıxartmaq kimi bir fikrimiz yoxdur. Sadəcə, xəbərdarlıq edirik. Əgər xəbərdarlıqdan sonra da onlar öz fəaliyyətlərini düzəltmirlərsə, bu zaman qara siyahıya əlavə olunurlar. Turist bizim ölkəni seçib gəlirsə, o yaxşı istirahət eyməyə layiqdir. Biz çalışırıq ki, nə Azərbaycana gələn, nə də ölkəmizdən gedən turist aldansın. Həmin insanların hüquqları pozulmasın. İnsanlara çağırış edirəm ki, diqqətli olsunlar. Özünü turizm şirkəti kimi təqdim edən hər kəsin sözünə aldanmasınlar. Elələri var ki, heç ofisləri, işçiləri belə yoxdur. İnsanlar istirahət etmək istəyir, nəyəsə əsəbiləşmək, pullarını boşa xərcləmək istəmirlər. Yəni bu "qara siyahı” əslində çox yaxşı fikirdir. Biz iclaslarda da bunu müzakirə etmişik. Həmin turizm şirkətlərini bağlatmaq assosiasiyanın görə biləcəyi bir iş deyil. Sadəcə olaraq "qara siyahını” mətbuat, sosial media vasitəsilə ictimaiyyətə təqdim edərək, insanları maarifləndirməyə çalışırlar. Bununla da həmin şirkətlərin fəaliyyətinə görə, assosiasiyanın heç bir məsuliyyət daşımadığını bildirirlər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər