AZE | RUS | ENG |

Turizmin “müsəlman bazarı”nı tutmağın yolları

Turizmin “müsəlman bazarı”nı tutmağın yolları
Ekspert deyir ki, Azərbaycan Müsəlmanların Qlobal Səyahət İndeksi reytinqində nəinki öncül yerlərdə olmaq, hətta liderlik etmək potensialına sahibdir

Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. "CrescentRating” və "MasterCard”ın birgə tərtib etdiyi illik Müsəlmanların Qlobal Səyahət İndeksi (Global Muslim Travel Index -GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub. Reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya ikinci yerdə qərarlaşmışdı. İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasında Türkiyə (75 bal) üçüncülüyünü qoruyub saxlayıb. O cümlədən, Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) siyahıya daxildir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin sıralamasında 20-ci yerdədir. Mükəmməllik, təmiz mühit, xidmətin keyfiyyəti və kommunikasiya kimi kriteriyalar üzrə aparılan araşdırmalarda ölkəmiz 53 bal alıb.

Araşdırmanın nəticələrinə əsasən, müsəlman turistlərin sayı ümumilikdə turizm bazarının 10-12 faizini təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist axınının 11%-ə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 milyard ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır. 

"Bu ölkələrin "MasterCard” və "CrescentRating”in təqdim etdiyi "Müsəlmanların Qlobal Səyahət İndeksi 2019” hesabatında yüksək sıralarda yer alması bizi sevindirir. Bu göstəricilər regionun inkişafı və sürətlə böyüməkdə olan müsəlman turist bazarının tələblərinə köklənməsini vurğulayır. Bu da məqsədəuyğun bir addımdır, belə ki, məhz müsəlman turist sektoru uzunmüddətli dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindən birinə çevrilməkdədir”, - deyə "Mastercard”ın Orta Şərq və Afrika regionu üzrə prezidenti Raqu Malhotra (Raghu Malhotra) bildirib.

Qeyd edək ki, GMTI 130 turizm istiqamətinin dünyanın ən sürətlə inkişaf edən turizm sektoru üzrə müfəssəl təhlilini həyata keçirən və bu sahədə dolğun məlumat təqdim edən bir araşdırmadır. Bu indeks, turizm məkanlarına, səyahət xidmətlərinə və investorlara müsəlman turizm sektorunun inkişafı və dəyişikliklərini izləməyə imkan verən bir göstəricidir. 130 turizm istiqamətinin hər biri GMTI-də ailəvi istirahətin uyğunluğu, xidmət səviyyəsi, təklif olunan imkanlar və seçimlər, marketinq təşəbbüsləri və turist axını kimi meyarlara əsasən qiymətləndirilir. Bu ildən etibarən daha iki meyar – hava nəqliyyatı və vizanın alınması ilə bağlı əməliyyatlar da nəzərdən keçirilir. Bu keyfiyyətlər ümumilikdə qiymətləndirilərək hər bir təyinat nöqtəsi üçün vahid indeks tərtib olunur.

Korporasiyanın web-səhifəsində hazırda "Halal Səyahət” bazarında sürətli inkişafın olduğu qeyd edilir. İnkişafın əsas səbəblərdən biri dünyada müsəlmanların sayının artmasıdır. Belə ki, müsəlmanlar dünyanın ən sürətlə inkişaf edən dini qrupu olmaqda davam edirlər. Gənclər seqmentinin də bu artımda xüsusi yeri var. Belə ki, müsəlman turistlər orucluq ayında Ramazan səyahətinə çıxmağa üstünlük verir və bunun üçün dini turizmlə zəngin olan məkanları seçirlər. Turistlər daha çox Ümrə ziyarətinə üstünlük verirlər. Həmçinin müsəlman turistlər arasında biznes səyahətləri də xeyli inkişaf edib. Onlar İndoneziya, Malayziya və Türkiyə kimi iqtisadiyyatı inkişaf edən ölkələrə MİCE turizmi qismində səfər edirlər. Həmin ölkələr məhsul və xidmətlərini uyğunlaşdırmaqla, müsəlman səyahətçilərə xidmət göstərirlər.  Azərbaycanın, Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) reytinqində irəliləməsi üçün hansı addımlar atılmalıdır? Turizmin prioritet sahəyə çevrildiyi bir dönəmdə səyahət bazarlarını cəlb etmək üçün təbii ki, məqsədəuyğun planlar olmalıdır. 

«Millennium Tourism & Congress» şirkətinin rəhbəri Ruslan Quliyev hesab edir ki, müsəlman ölkələrinin turizmi bizim üçün də çox ciddi bazardır: "Hesab edirəm ki, biz də bu istiqamətdə fəaliyyətimizi sistemli şəkildə aparmalıyıq. Əsasən "halal xidmət” konseptinə üstünlük verməliyik. Bu institut ki, Azərbaycanda yaradılmalıdır, onun işlərinə ekspertlər də dəvət olunmalıdır. Yəni təkcə mehmanxana deyil, ictimai iaşə obyektlərində, çimərliklərdə də bu istiqamətdə işlər aparılmalıdır”. Turizimçinin fikrincə, mehmanxana sahəsində də "halal xidmət” konsepti olan otellər yaradılmalıdır. Belə ki, dini bayramlarda müxtəlif ayinlərin, məsələn, orucluq, qurban bayramı ilə bağlı ayinlərin icrası üçün turistlərə şərait yaradılmalıdır: "Hesab edirəm ki, biz bu istiqamətdə işlərimizi genişləndirə bilərik. Eyni zamanda, hər il İndoneziyadan, Malayziyadan Ümrə ziyarətinə gedən turistlər var ki, onlar geri dönüşdə uzunmüddətli səfərə çıxdıqları üçün ikinci ölkələrdə də istirahət edirlər. Məsələn, bunun üçün onlar tranzit ölkə kimi Türkiyəni seçirlər. Azərbaycan da bu tranzitin üzərində yerləşdiyi üçün çox şanslıdır. Bu istiqamətdə də kütləvi turizmə hazır olmalıyıq». 
 
"Luna Travel” Turizm Agentliyinin direktoru Rəhman Quliyev hesab edir ki, Azərbaycanın bu hesabatda nəinki öncül yerlərdən birini tutmağa, hətta liderlik etməyə haqqı çatır: "Sorğu keçirdiyimiz vaxt Azərbaycana gələn turistlər ölkəmizi seçmələrində əsas məqsəd kimi ictimai asayişin yüksək səviyyədə qorunub saxlanmasını göstərirlər. Çünki ölkəmizdə dilindən və dinindən asılı olmayaraq hər bir kəsə eyni gözlə baxılır. Dünyanın heç bir yerində bu cür tolerant ölkə yoxdur. Bu reytinqdə Malayziyanın lider sayıldığı bildirilir, ancaq, o ölkədə vəhdət namazı deyilən bir ayin yoxdur. Bizim ölkəmizdə isə vəhdət namazı qılınır. Bu o deməkdir ki,  bu ölkə azaddır və burada asayiş yüksək səviyyədə qorunur. Əgər bir müsəlman Səudiyyə Ərəbistanından, Omandan və ya Qətərdən Azərbaycana gələrsə, o, ölkəmizə daxil olan kimi vəhdət namazı ilə bağlı məlumatı alacaq və bununla da Azərbaycanda turistlərə, o cümlədən müsəlman turistlərə necə münasibət bəsləndiyinin şahidi olacaq. O, ölkəmiz haqqında sorğu aldığı zaman, istər-istəməz ilkin olaraq bu məlumatlarla qarşılaşacaq”. Turizimçinin fikrincə, artıq Azərbaycanın turizm sektorunda informasiya bazası daha zəngindir: " Maksimum informasiyanı bütün dünyaya yaymağa çalışırıq. Bunun üçün Travel.TV kimi onlayn televiziya yaranıb. Bu kanal da öz növbəsində Azərbaycanın tanıtımı ilə məşğuldur. Qeyri-kommersiya xarakterli olan bu yayımın böyük təsir qüvvəsi var”. R.Quliyev turistlər üçün xidmət sektorunda da səviyyənin kifayət qədər  qənaətbəxş olduğunu deyir: "Ölkəmizdə müsəlman və ya alman turistə, onların xüsusiyyətlərinə, mentalitetlərinə uyğun olan səviyyədə xidmət göstərilir. Bu o deməkdir ki, burada multikultural ənənələr mövcuddur. İrqindən, dinindən asılı olmayaraq, bütün insanlara bərabərhüquqlu yanaşmadır. Təkliflər olunub ki, gələcəkdə ölkəmizdə Türkiyə turizm praktikasında olduğu kimi, müsəlmanlar üçün otellər, çimərliklər yaradılsın. Belə ki, bu məkanlara tam dini qaydalara riayət edən insanlar buraxılır: "Bu məkanlara alkoqollu içkilər tam yasaqdır, kişilər və qadınlar ayrı-ayrı çimərliklərdə istirahət edirlər və s. Bu cür turizm obyektlərinin açılması ilə bağlı da təkliflər olunub. Hesab edirəm ki, hazırkı vaxtda Azərbaycana gələn turistlər - istər xristian, istər müsəlman olsun, lazım olan bütün şərait yaradılır. Biz bacardığımız ən səviyyəli xidmətləri onlara göstərməyə hazırıq. Bu baxımdan hesab edirəm ki, bizim ölkə gələcəkdə nəinki bu siyahıya düşmək, hətta reytinq cədvəlində liderlik etmək hədəfindədir». 
 
Təranə Məhərrəmova 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779