• şənbə, 20 Aprel, 02:59
  • Baku Bakı 15°C

Turizmin inkişafında yeni addım

10.03.18 12:30 1476
Turizmin inkişafında yeni addım
Son zamanlar qeyri-neft sektoruna diqqət artıb. Xüsusilə də turizmin inkişafına həm dövlət, həm də özəl sektorun marağı böyükdür. Və bu istiqamətdə ardıcıl olaraq addımlar atılır. Belə ki, Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılması nəzərdə tutulub.
Trend-in məlumatına görə, Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yerli istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud olan hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı AZAL və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb. Gəncə-Naxçıvan reysinin bərpası planlaşdırılan uçuşlar siyahısına əlavə edilib. Bununla yanaşı, 2019-2020-ci illərdə Azərbaycanın qərb regionunda turizm və rekreasiya zonalarının yaradılması və baş inkişaf planlarının hazırlanması nəzərdə tutulur.
Turizm şirkətlərinə hansı güzəştlərin olunacağını və bunun turizmin inkişafına necə təsir edəcəyini öyrənməyə çalışdıq.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov turizm sahəsində edilən bu güzəştləri müsbət qiymətləndirdiyini deyir: "Turizm iqtisadiyyatın qeyri-neft sektorunun ən mühüm sahələrindən biri olaraq hazırda inkişaf etməkdədir. Və ona görə də bu istiqamətdə edilən hər bir yeniliyi yüksək qiymətləndirmək lazımdır. Belə təqdirəlayiq işlər görməklə, ölkəyə daha çox turist cəlb etmək lazımdır. Eyni zamanda turizm üzrə Strateji Yol Xəritəsinin hədəflərinə çatmaq üçün bir sıra əhəmiyyətli işlər görülür. Sözügedən güzəştlər də bu işlərdən biridir. Edilən güzəştlər gəlmə turizmin inkişafını genişləndirəcək. Çünki gəlmə turizmin inkişafı birbaşa olaraq ölkə iqtisadiyyatına müsbət təsir edir. Həmçinin bu, ölkəyə valyuta axınını təmin edəcək. Gəlmə turizm sahəsində edilən güzəştlər digər tərəfdən daxili turizmin də inkişafına, yeni iş yerlərinin açılmasına təkan verəcək”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, bu sahədə güzəştlər tətbiq etmək vacibdir: "Ölkəmizdə turizm sahəsinin inkişafı üçün bir sıragüzəştlərin edilməsi şərtdir. Güzəştlərin edilməsi bu sahəyə olan marağın artmasına səbəb olacaq. Azərbaycana turist axınını sürətləndirmək üçün aviabiletlərin qiymətinin münasib olması vacibdir. Əgər hansısa aviaşirkət Azərbaycana uçuş təşkil etmək istəyirsə, biz bunun üçün hər bir şəraiti yaratmalıyıq. Təbii ki, burada marketinq və turizm siyasətini də nəzərə almaq lazımdır. Yəni hədəfi düzgün müəyyənləşdirib bu istiqamətdə çalışmaq əsasdır. Yoxsa ki, məqsədsiz şəkildə güzəştlər həyata keçirmək bizə heç nə qazandırmaz. Görülən bütün işlər bir-biri ilə vəhdət təşkil etməlidir. Məsələn, biletlərin ucuz olması, otellərin və digər xidmətlərin münasib qiymətə təşkili buna misal ola bilər. Əgər vəhdəti qoruyub saxlaya bilməsək, onda bu işdən zərərli çıxarıq”.
Müsahibimiz turist axınında bu sahədə aparılan qiymətləndirmə siyasətinin böyük rol oynadığını deyir: "Bu sahədə təklif olunan xidmətin qiymətləndirmə siyasəti düzgün qurulmalıdır. Bu siyasəti düzgün həyata keçirməliyik ki, hər iki tərəf bundan bəhrələnə bilsin. Biz hələ ki ölkəmizdəki turizm sahəsinin reklamı ilə məşğuluq. Yəni bu sahədə etdiklərimiz onun tanıtımı üçün vacibdir. Turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün hələ görüləcək işlər qabaqdadır. 3-5 ildən sonra turizm bizim istədiyimiz səviyyədə olacaq. Gələn turisti elə qarşılayıb, elə yola salmaq lazımdır ki, o, yenidən Azərbaycana gəlmək istəsin”.
Həmsöhbətimiz turistlərin psixologiyasından da danışdı: "Turistlərin ümumi bir psixologiyası olur. Turist evində olarkən xərclədiyi pulun miqdarına fikir vermir. Amma ölkədən kənara çıxdığı zaman nə isə bir endirimlə, güzəştlə rastlaşanda, bu onun üçün daha dəyərli olur. Və ölkə seçiminə təsir edir. Əgər bir dəfə getdiyi ölkənin xidmət təklifindən razı qalarsa, növbəti dəfə yenə həmin ölkəni seçir”.

"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov qeyd edir ki, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyi bir dövrdə turizm ölkəmiz üçün ən gəlirli sahələrdən birinə çevrilə bilər. Bunun üçün isə müəyyən işlər görülməli, gələn turistlər üçün güzəştlər edilməlidir: "Əslində turizm sahəsinə elə də böyük kapital qoyuluşuna ehtiyac yoxdur. Çünki ən böyük kapital ölkənin özüdür. Yəni ölkənin malik olduğu iqlim, təbiət, yerləşdiyi coğrafi ərazi turistləri cəlb etmək baxımından onun ən böyük üstünlüyüdür. Amma biletlərin, otellərin qiymətinin münasib olması artıq ikinci mərhələdir. Turizm elə bir sahədir ki, burada dövlətin dəstəyi olarsa, daha böyük uğur əldə etmək olar. Bu tip güzəştlər turizm sahəsinin inkişafı üçün olduqca önəmlidir. Turistlər səyahət edərkən onlar üçün ən sərfəli güzəştləri təklif edən ölkələrə daha çox üstünlük verirlər”.

Günel Azadə

banner

Oxşar Xəbərlər