• çərşənbə axşamı, 23 aprel, 11:27
  • Baku Bakı 20°C

Turizmin inkişafında xarici sərmayənin rolu

08.01.19 19:18 1834
Turizmin inkişafında xarici sərmayənin rolu
Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair sənəd üzərində işləyir. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. "Sənəd özündə aqroturizmə sərmayələrin cəlb edilməsi konsepsiyasını əks etdirir. Turizmin bu istiqaməti perspektivli və gəlirli hesab edilir. Yaxın illərdə Azərbaycanda turizmin bu növünü xarici turistləri cəlb etməklə populyarlaşdırmağı planlaşdırırıq. Turistlər regionlarda kəndlərə səfər edərək, kənd həyat tərzi sürəcəklər, yerli adətlərlə tanış olacaqlar və hətta, kənd işlərinə qatılacaqlar", deyə o bildirib. Şöbə rəhbəri vurğulayıb ki, turizmin bu sahəsi Avropa ölkələri, xüsusən də İtaliyada geniş tətbiq olunur.
Maraqlıdır, hazırda turizmin hansı növlərində xarici sərmayə qoyuluşuna ehtiyac var, xarici investorların marağını cəlb etmək üçün hansı addımlar atıla bilər?
"SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası)sədri Ceyhun Aşurov deyir ki, xarici sərmayə istənilən sahədə inkişafı sürətləndirən faktorlardan biridir: "Çünki xarici sərmayə özü ilə birlikdə bir çox yeniliklər, təcrübə, biznesə fərqli yanaşma gətirir. Hazırda inkişafı lazım bilinən və investisiya tələb olunan bəzi turizm sahələri var. Azərbaycan turizm bazarı elə də böyük olmasa da, amma potensialı yüksək olan bazardır. Coğrafi iqlim, müxtəlif şəraitlər ölkəmizə gələn turistlərin sayını artırmağa imkan verir. Xarici investorların köməyi ilə müxtəlif obyektlərin tikintisini həyata keçirmək olar. Hansı ki, bunlar da gələcəkdə turizmin inkişafına birbaşa təkan verəcək. Tutaq ki, Azərbaycanda otellərin sayının artırılmasında yerli sahibkarların köməyi bəs eləmir. Xarici investorları bura cəlb etməklə, həm yeni otellərin açılışına, həm yeni markaların ölkəyə gəlməsinə, beynəlxalq standartlara uyğun turizm müəssisələrinin yaradılmasına nail ola bilərik. Həmçinin bu turizm obyektlərinin ətrafında turistlərin marağını cəlb edəcək əyləncə və alış veriş mərkəzlərinin açılışı da xarici investorlarla əlaqədardır. Bu, dolayısı ilə iqtisadiyyatın digər növlərinin də inkişafına şərait yaradır. Digər tərəfdən obyektiv rəqabət mühiti formalaşır. Xarici sərmayənin olması həmin obyektin xaricdə də tanınmasına, marketinq və PR işlərinin aparılmasına səbəb olur. Bildiyimiz kimi, turizmin növləri müxtəlifdir. Aqro, eko, çimərlik, ov, sağlamlıq, qış turizmi növləri var. Ola bilər ki, səyahətə çıxan şəxs sırf bunlardan biri üçün səfərə çıxır. Amma qonaq olduğu ölkədə turizmin digər növlərindən də istifadə edir. Məsələn, sağlamlıq turizmi üçün gələn biri, ola bilər ki, boş vaxtlarında tarixi-mədəniyyət abidələrini ziyarət etsin, hansısa restorana gedib milli mətbəxin dadına baxsın. Hətta, həftəsonu, vaxtı olduğu üçün Şahdağa gedib qış turizmi ilə məşğul olsun. Bu da turizm növlərinin bir biri ilə sıx əlaqəli olduğunun göstəricisidir. Bütün bu qeyd etdiyimiz məsələlər turizmlə bağlı Strateji Yol Xəritəsində öz əksini tapıb. Personalın və turizm növlərinin inkişafı xarici investorların cəlb edilməsində əhəmiyyətli rol oynayır”.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki, bu sahəyə investorların marağını artırmaq üçün motivasiya xarakterli işlər görmək lazımdır: "Azərbaycanda turizmin inkişafı yüksələn xətlə davam edir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sahəsində də həm yerli, həm də xarici investorların cəlb olunması başlıca amillərdəndir, lakin bunun üçün ilk növbədə münbit şərait yaratmaq lazımdır. Azərbaycan hökuməti qeyri-neft sahəsində, o cümlədən, turizm sahəsində sahibkarlığın inkişafına xüsusi önəm verir, imtiyazlar tətbiq edir. Bütün bu tədbirlərin davamı olaraq, sahibkarları turizm sahəsində fəaliyyəti genişləndirmək məqsədi ilə stimul vermək, motivasiya etmək lazımdır ki, investorlarda maddi maraq yaransın.
Təbii ki, burada turizmin inkişafına yönəlmiş tədbirlər görülməlidir. Məsələn, turizm ehtiyacları üçün torpaq sahələrinin güzəştli şərtlərlə təqdim olunması, xüsusi vergi güzəştləri və s. Digər tərəfdən "Yaşıl kənd” turizminin inkişafı üçün üsul və yollar təmin olunmalıdır. Bunun üçün məhz aqrar kənd turizmi üçün infrastruktur yaradılmalıdır. Həmçinin aqrar turizmin inkişafı üçün peşəkar mütəxəssisləri cəlb etmək lazımdır.
Bundan başqa cənab prezident 2017-2020-ci illərdə çimərlik turizminin inkişafı üçün verdiyi Sərəncam xarici investorları cəlb etmək üçün böyük potensiala malikdir. Çimərlik turizminin inkişafı xarici sərmayənin ölkəyə cəlb olunmasına zəmin yaradacaqd.
1 və 2 ulduzlu otellərin və hostellərin inşasına stimul vermək lazımdır ki, xarici investorlar da bu sahəyə sərmayə yatırsın. Sağlamlıq turizminin inkişafı üçün yeni şəfa ocaqları tapılmalıdır. Eyni zamanda əl dəyməmiş sağlamlıq ocaqları var ki, onların mineral sularından şəfa ocaqları kimi istifadə etmək olar. Həmin şəfa ocaqlarına xarici investorlar sərmayə yatıra bilərlər”.
"New ERA Travel” turizm agentliyinin rəhbəriElçin Rüstəmovqeyd etdi ki, turizmə xarici investorların cəlb edilməsi prioritet məsələlərdəndir: "Mən şəxsən turizmlə bağlı bir çox görüşlərdə xarici sərmayə qoyuluşunu dəfələrlə vurğulamışam. Turizm sahəsini inkişaf etdirmək üçün bunu vacib məsələlərdən biri hesab edirəm. Onu da qeyd edim ki, bu məsələ ilə bağlı bəzi danışıqlar aparılır. İnvestisiya turizmin müxtəlif növlərinə yatırıla bilər. Sadəcə, burada həm qarşı tərəfin, həm də bizim maraqlarımız üst-üstə düşməlidir. Düşünürəm ki, ilk olaraq otellərin tikintisi işindən başlamaq olar. Məsələn, dünyanın tanınmış hər hansı otellər şəbəkəsinin bir filialının Azərbaycanda açılması həmin ölkənin turistlərini bura gəlmək üçün stimullaşdıra bilər. Yəni o, başqa yerə səfər edərkən, ölkəsində gördüyü, xidmətinə bələd olduğu oteldə qalmağı seçər. Onu deyim ki, sahəsindən asılı olmayaraq, xarici investorların cəlb olunmasında həmin ölkədəki siyasi sabitlik də böyük rol oynayır. Şükür ki, bizdə bu baxımdan bir problem yoxdur. Digər tərəfdən maliyyə dövriyyəsində olan stabillik də əsas götürülür. Yəni dövlətin iqtisadi inkişafı nə qədər dayanıqlı olsa, investorlar üçün bir o qədər cəlbedici olar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər