Turizmin inkişafında tarixi, mədəni irsin rolu
Son dövrlər ölkəmizdə
inkişaf edən qeyri-neft sektorunun sahələrindən biri də turizmdir. Turizmin dünyadakı
dinamik inkişafına ayaq uydurmaq üçün bəzi işlər görülür. Xüsusilə də Dövlət
Turizm Agentliyi bu istiqamətdə ciddi addımlar atır. Məsələn, Agentlik
"Yanardağ” qoruğunun ərazisində müasir infrastrukturun yaradılması üzrə
təkliflər hazırlayır. Bunu Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, hazırda "Yanardağ” Dövlət
tarixi-mədəni və təbii qoruğunun rekonstruksiyası üzrə işlər davam etdirilir.
K.Quluzadə qeyd edib ki,
agentliyin strukturuna "Yanardağ”dan əlavə "Atəşgah” Dövlət tarixi-memarlıq
qoruğu, "Basqal” Dövlət tarixi-mədəni qoruğu, "Xınalıq” Dövlət tarixi-memarlıq
və etnoqrafik qoruğu, "Lahıc” Dövlət tarixi-mədəni qoruğu, Şəkinin "Yuxarı Baş”
Dövlət tarixi-memarlıq qoruğu və "Kiş” Dövlət tarixi-memarlıq qoruğu daxildir.
Azərbaycan Prezidenti "Basqal” qoruğunun mövcud vəziyyəti barədə müvafiq
məlumatın, eləcə bu qoruq ərazisində turizm infrastrukturunun inkişafı üzrə
təkliflərin hazırlanması barədə sərəncam imzalayıb. Agentlik rəsmisinin
sözlərinə görə, analoji işlər daha beş qoruq ərazisində aparılacaq.
Tarixi,
mədəni memarlıq abidələrimizin və etnoqrafik qoruqlarımızın ərazisində müasir
infrastrukturun yaradılmasının turizm sahəsinin inkişafına necə təsir
edəcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Turizm Assosiasiyasının
(AzTA) nümayəndəsi Müzəffər Ağakərimov deyir ki, tarixi
əhəmiyyətli məkanları yenidən müasir tələblərə uyğun şəkildə düzəldib dünyaya
tanıtmaq vacibdir: "Zaman keçdikcə bu cür memarlıq abidələrinin və qoruqların
yenidən müasir standartlara uyğun şəkildə işlənilib cəmiyyətə təqdim edilməsi
olduqca vacibdir. Bundan başqa, təkcə həmin qoruqların özünü yox, o istiqamətdə
olan yolları da müasir tələblərə uyğun təmir etmək lazımdır. Həmçinin yolüstü
turizm xidməti göstərən obyektlər də açılmalıdır. Yəni iş kompleks şəkildə
həyata keçirilməlidir. Yol üstündə sanitar qovşaqlar, çay içmək və yemək üçün
kiçik obyektlər bu kimi qoruqlara olan marağı artıra bilər. Təbii ki, bu
obyektlərdə təmizliyə və şəffaflığa riayət olunması əsas şərtdir. Yəni tutaq
ki, turist burdan Şəkiyə gedirsə, darıxmamağı üçün yolboyu onun marağını cəlb
edəcək obyektlər olmalıdır. Düşünürəm ki, imkan düşdükcə bu kimi tarixi
əhəmiyyətli məkanları yenidən müasir tələblərə uyğun şəkildə düzəldib dünyaya
tanıtmaq vacibdir. Azərbaycanda turizm sahəsi inkişaf etməkdə olduğu üçün bu
kimi məsələlərə xüsusi önəm verməliyik”.
M.Ağakərimov
deyir ki, bu işdə dünya təcrübəsindən də istifadə etmək olar: "Texnika və
texnologiya durmadan inkişaf edir. İnsanlar daha maraqlı, onlar üçün fərqli
olacaq bir məkan görmək istəyirlər. Turistlər zövq məsələsində çox
müxtəlifdirlər. Elə turist var ki, ancaq dənizi sevir, elə turist də var,
qastronomik turizmə maraq göstərir, bəziləri üçün də tarixi, mədəni məkanlara
səfər etmək daha xoşdur. Ona görə bütün bunları nəzərə alaraq ölkəmizdəki
turizm sahələrini genişləndirməli və hərtərəfli inkişaf etdirməliyik. Əlbəttə
ki, bu işdə turizm şirkətləri də maraqlı olmalıdır. Həmin məkanlara müxtəlif
turlar təşkil etməklə ölkəmizə gələnlərin diqqətini o istiqamətə yönəltməliyik”.
"Luna Travel” turizm
şirkətinin direktoruRəhman Quliyev bu addımın tariximizin
yaşadılması baxımından önəmli olduğunu deyir: "Belə işlərin görülməsi ölkəmizdə
turizmin inkişafına təkan verən amillərdəndir. Azərbaycanda nəinki bu
sadalananlar, hətta bundan başqa nə qədər tarixi memarlıq abidələri varsa,
hamısı turistlərə tanıdılmalıdır. Bu kimi tarixi memarlıq abidələri və ya
qoruqlar regionlarımızda daha çoxdur və onların yenidən müasir tələblərə uyğun
şəkildə işlənilib həm yerli vətəndaşlara, həm də xaricilərə tanıdılması
tariximizin yaşadılması baxımından önəmlidir. Düşünürəm ki, tarixi strateji
əhəmiyyətli abidələrimizin tanıdılmasında daha çox maraqlı olmalıyıq. Bir misal
çəkim, ermənilər köhnə bir at nalı tapırlar. Həmin nalın 3-4-cü əsrə aid
olduğunu deyib, dünya ictimaiyyətinə qədim tarixlərindən bəhs edirlər. Halbuki,
bəlkə də bir neçə il bundan əvvələ aid olan bir naldır. Bizimsə həqiqətən tarixi
keçmişə malik abidələrimiz olduğu təqdirdə, biz niyə bunu etməyək, niyə öz
tariximizi dünyaya tanıtmayaq? Biz
turizm şirkətləri də bu addımı alqışlayırıq və öz dəstəyimizi göstərməyə
hazırıq”.
R.Quliyev
bildirir ki, uzaq Şərqdən gələnlərin etnoqrafik məkanlara marağı daha çox olur:
"YUNESKO-nun siyahısında olan tarixi, mədəni-irsi abidələrimizin bir çoxuna
turlar təşkil edirik. Çünki bəzi turistlər gələn zaman bildirirlər ki, ilk
növbədə tarixi abidələri görmək istəyirlər. Biz onları nəzərə alaraq həmin
məkanlara tur paketlər hazırlayırıq. Və çalışırıq ki, həmin ərazilərə səfər
zamanı tariximiz haqqında geniş bilgilər verək. Məsələn, yapon, çinli, koreyalılar
ancaq tarixi yerləri gəzməyi sevirlər. İnanın, onlar bəzən tarix haqqında o
qədər suallar verirlər ki, çatdırıb cavab vermək olmur. Hər şeyi dərinliyinə
qədər soruşub öyrənməyə çalışırlar. Bu əslində, sevindirici haldır. Çünki bir
turist burada nəsə öyrənirsə, gedib ölkəsində də bizim haqqımızda danışacaq.
Beləcə, ölkəmizə olan maraq artacaq. Bu isə turist və kapital axınına birbaşa
şərait yaradır”.
Günel
Azadə