• cümə, 26 Aprel, 01:05
  • Baku Bakı 16°C

Turizmin inkişafında tarixi, mədəni irsin rolu

29.11.18 09:00 1818
Turizmin inkişafında tarixi, mədəni irsin rolu
Son dövrlər ölkəmizdə inkişaf edən qeyri-neft sektorunun sahələrindən biri də turizmdir. Turizmin dünyadakı dinamik inkişafına ayaq uydurmaq üçün bəzi işlər görülür. Xüsusilə də Dövlət Turizm Agentliyi bu istiqamətdə ciddi addımlar atır. Məsələn, Agentlik "Yanardağ” qoruğunun ərazisində müasir infrastrukturun yaradılması üzrə təkliflər hazırlayır. Bunu Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, hazırda "Yanardağ” Dövlət tarixi-mədəni və təbii qoruğunun rekonstruksiyası üzrə işlər davam etdirilir.
K.Quluzadə qeyd edib ki, agentliyin strukturuna "Yanardağ”dan əlavə "Atəşgah” Dövlət tarixi-memarlıq qoruğu, "Basqal” Dövlət tarixi-mədəni qoruğu, "Xınalıq” Dövlət tarixi-memarlıq və etnoqrafik qoruğu, "Lahıc” Dövlət tarixi-mədəni qoruğu, Şəkinin "Yuxarı Baş” Dövlət tarixi-memarlıq qoruğu və "Kiş” Dövlət tarixi-memarlıq qoruğu daxildir. Azərbaycan Prezidenti "Basqal” qoruğunun mövcud vəziyyəti barədə müvafiq məlumatın, eləcə bu qoruq ərazisində turizm infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması barədə sərəncam imzalayıb. Agentlik rəsmisinin sözlərinə görə, analoji işlər daha beş qoruq ərazisində aparılacaq.
Tarixi, mədəni memarlıq abidələrimizin və etnoqrafik qoruqlarımızın ərazisində müasir infrastrukturun yaradılmasının turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimov deyir ki, tarixi əhəmiyyətli məkanları yenidən müasir tələblərə uyğun şəkildə düzəldib dünyaya tanıtmaq vacibdir: "Zaman keçdikcə bu cür memarlıq abidələrinin və qoruqların yenidən müasir standartlara uyğun şəkildə işlənilib cəmiyyətə təqdim edilməsi olduqca vacibdir. Bundan başqa, təkcə həmin qoruqların özünü yox, o istiqamətdə olan yolları da müasir tələblərə uyğun təmir etmək lazımdır. Həmçinin yolüstü turizm xidməti göstərən obyektlər də açılmalıdır. Yəni iş kompleks şəkildə həyata keçirilməlidir. Yol üstündə sanitar qovşaqlar, çay içmək və yemək üçün kiçik obyektlər bu kimi qoruqlara olan marağı artıra bilər. Təbii ki, bu obyektlərdə təmizliyə və şəffaflığa riayət olunması əsas şərtdir. Yəni tutaq ki, turist burdan Şəkiyə gedirsə, darıxmamağı üçün yolboyu onun marağını cəlb edəcək obyektlər olmalıdır. Düşünürəm ki, imkan düşdükcə bu kimi tarixi əhəmiyyətli məkanları yenidən müasir tələblərə uyğun şəkildə düzəldib dünyaya tanıtmaq vacibdir. Azərbaycanda turizm sahəsi inkişaf etməkdə olduğu üçün bu kimi məsələlərə xüsusi önəm verməliyik”.
M.Ağakərimov deyir ki, bu işdə dünya təcrübəsindən də istifadə etmək olar: "Texnika və texnologiya durmadan inkişaf edir. İnsanlar daha maraqlı, onlar üçün fərqli olacaq bir məkan görmək istəyirlər. Turistlər zövq məsələsində çox müxtəlifdirlər. Elə turist var ki, ancaq dənizi sevir, elə turist də var, qastronomik turizmə maraq göstərir, bəziləri üçün də tarixi, mədəni məkanlara səfər etmək daha xoşdur. Ona görə bütün bunları nəzərə alaraq ölkəmizdəki turizm sahələrini genişləndirməli və hərtərəfli inkişaf etdirməliyik. Əlbəttə ki, bu işdə turizm şirkətləri də maraqlı olmalıdır. Həmin məkanlara müxtəlif turlar təşkil etməklə ölkəmizə gələnlərin diqqətini o istiqamətə yönəltməliyik”.
"Luna Travel” turizm şirkətinin direktoruRəhman Quliyev bu addımın tariximizin yaşadılması baxımından önəmli olduğunu deyir: "Belə işlərin görülməsi ölkəmizdə turizmin inkişafına təkan verən amillərdəndir. Azərbaycanda nəinki bu sadalananlar, hətta bundan başqa nə qədər tarixi memarlıq abidələri varsa, hamısı turistlərə tanıdılmalıdır. Bu kimi tarixi memarlıq abidələri və ya qoruqlar regionlarımızda daha çoxdur və onların yenidən müasir tələblərə uyğun şəkildə işlənilib həm yerli vətəndaşlara, həm də xaricilərə tanıdılması tariximizin yaşadılması baxımından önəmlidir. Düşünürəm ki, tarixi strateji əhəmiyyətli abidələrimizin tanıdılmasında daha çox maraqlı olmalıyıq. Bir misal çəkim, ermənilər köhnə bir at nalı tapırlar. Həmin nalın 3-4-cü əsrə aid olduğunu deyib, dünya ictimaiyyətinə qədim tarixlərindən bəhs edirlər. Halbuki, bəlkə də bir neçə il bundan əvvələ aid olan bir naldır. Bizimsə həqiqətən tarixi keçmişə malik abidələrimiz olduğu təqdirdə, biz niyə bunu etməyək, niyə öz tariximizi dünyaya tanıtmayaq? Biz turizm şirkətləri də bu addımı alqışlayırıq və öz dəstəyimizi göstərməyə hazırıq”.
R.Quliyev bildirir ki, uzaq Şərqdən gələnlərin etnoqrafik məkanlara marağı daha çox olur: "YUNESKO-nun siyahısında olan tarixi, mədəni-irsi abidələrimizin bir çoxuna turlar təşkil edirik. Çünki bəzi turistlər gələn zaman bildirirlər ki, ilk növbədə tarixi abidələri görmək istəyirlər. Biz onları nəzərə alaraq həmin məkanlara tur paketlər hazırlayırıq. Və çalışırıq ki, həmin ərazilərə səfər zamanı tariximiz haqqında geniş bilgilər verək. Məsələn, yapon, çinli, koreyalılar ancaq tarixi yerləri gəzməyi sevirlər. İnanın, onlar bəzən tarix haqqında o qədər suallar verirlər ki, çatdırıb cavab vermək olmur. Hər şeyi dərinliyinə qədər soruşub öyrənməyə çalışırlar. Bu əslində, sevindirici haldır. Çünki bir turist burada nəsə öyrənirsə, gedib ölkəsində də bizim haqqımızda danışacaq. Beləcə, ölkəmizə olan maraq artacaq. Bu isə turist və kapital axınına birbaşa şərait yaradır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər