• cümə, 29 Mart, 18:24
  • Baku Bakı 14°C

Turizmin inkişafına şərait yaradan bayram

03.03.18 13:00 1054
Turizmin inkişafına şərait yaradan bayram
Qarşıdan Novruz bayramı gəlir. Özünəməxsus adət-ənənələri olan bu bayramı xalqımız hələ qədim dövrlərdən etibarən xüsusi şəkildə qeyd edir. Çünki Novruz yeni gün, yeni əhval-ruhiyyə deməkdir. Amma getdikcə Novruz bayramı ölkəyə gələn turistlərin də böyük marağına səbəb olur. Son illər ərzində turizm sahəsinə göstərilən diqqət və qayğı öz bəhrəsini göstərməkdədir. Bu qayğı özünü ilbəil artmaqda olan turist sayında da əks etdirir. Əlbəttə ki, post-neft dövründə turizmin inkişafı çox əhəmiyyətlidir. Son bir neçə ildə Novruz bayramı ərəfəsində ölkəmizə turist axını hər il daha da artır. Görəsən, bu il bayram ərəfəsində turistlər üçün hansı yeniliklər, proqramlar nəzərdə tutulub?
Novruzu milli dəyərlərimizin təbliği üçün imkan hesab edən "MillenniumTourism” şirkətinin direktoruRuslan Quliyevin sözlərinə görə, turistlər üçün xüsusi tədbirlər təşkil olunacaq: "Bu təkcə indinin məsələsi deyil. Turizmin inkişafı artıq strateji hədəfə çevrilib. Bütün ölkə turizmi Novruz tətilində ölkəyə gələn qonaqlara çeşidli proqramların təqdim olunması üçün səfərbər olunub. Artıq xarici ölkələrdən erkən rezervasiyalar edilib. Novruz bayramı üçün Bakı və regionlar da daxil olmaqla, hotel və mehmanxanalarda 85 faiz yerlər artıq dolub. Bayrama qədər bu rəqəmin 95 faizə qədər artacağı ehtimal olunur. Turistlərə əvvəlcədən müxtəlif marşrutlar üzrə hazırlanan müxtəlif xidmətlər təklif edilir. Bildiyiniz kimi, Novruz bayramı ilə bağlı çoxlu sayda milli adət-ənənələr var. Milli dəyərlərimizin təbliği baxımından bu çox vacib bir məsələdir. Bakıda, Gəncədə, Qəbələdə, Qubada, Qusarda və digər regionlarda təşkil ediləcək bayram tədbirlərinə turistlər də cəlb olunacaq. Onların bizim adət-ənənələrimizlə tanış olmaları üçün müxtəlif proqramlar hazırlanır. Novruz YUNESKO-nun siyahısına daxil olub. Bu baxımdan, ölkəmizi təbliğ etmək üçün gözəl bir fürsətdir. Hazırlıqlara artıq altı ay əvvəldən başlanılıb. Müxtəlif ölkələrin turistləri üçün uyğun təkliflər hazırlanıb və sifarişlər alınıb. Hələlik bayram ərəfəsində nə qədər turistin ölkəyə gələcəyini deyə bilmərik. Amma mehmanxanaların böyük bir qismi artıq indidən tutulub”.
Bayram tətilində ölkəyə böyük turist axınının gözlənildiyini qeyd edən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviriMüzəffər Ağakərimovda bildirdi ki, artıq otellərin əksəriyyətində əvvəlcədən bronlaşdırılma aparılıb: "Yerlərin əksəriyyəti doludur. Turizm şirkətləri turistlər üçün müxtəlif əyləncəli proqramlar hazırlayıblar. Hər bir turizm şirkətində, otellərdə Novruz ab-havası turistlərə hiss etdirilməlidir. Turizm Assosiasiyası olaraq biz də öz məsləhətlərimizi otellərə vermişik. Gələn qonaqlar təkcə şəhərdə deyil, qaldıqları mehmanxanalarda da bayram əhval-ruhiyyəsini hiss etməlidir. Qonaqlara müxtəlif hədiyyələr, bayram tədbirlərində Novruzun atributları təqdim olunacaq. Ümumiyyətlə, bu bayram qədim dövrlərdən ölkəmizdə şən əhval-ruhiyyə ilə qeyd edilir. Son illərdə xüsusi ilə ərəb ölkələrindən və İrandan gələn turistlər çoxluq təşkil edir. Bununla yanaşı, Rusiya, Asiya və Avropa ölkələrindən də bayram ərəfəsində xeyli sayda turist axını olacaq. Dəqiq rəqəmlər bilinməsə də, ehtimal edirik ki, keçən ilə nisbətən bu il daha çox turisti qarşılayıb yola salacağıq. Çünki əvvəlki illər ərzində ölkəyə gələn qonaqlar öz ölkələrinə qayıdarkən çox məmnun qaldıqlarını bildiriblər. Bir sıra türkdilli müsəlman ölkələrində Novruz bayramının keçirilməsinə baxmayaraq, Azərbaycanda Novruz daha yüksək səviyyədə qeyd edilir. Bu bayram Azərbaycanda həm dövlət səviyyəsində, həm də xalq tərəfindən qeyd olunur. Təkcə Bakı şəhərində deyil, eləcə də regionlarda bu bayram xüsusi məna kəsb edir. Ölkəyə gələn turistlər regionlara da üz tuturlar. Lisenziya ləğv edildikdən sonra turizm şirkətlərinin sayında artım müşahidə olunub. Bu baxımdan, keçən ilə nisbətən daha çox qonağın gələcəyi istisna deyil. Turizm şirkətləri xüsusi proqramlar və marşrut xətləri hazırlayıblar. Həm Bakı şəhərində, həm də regionlarda turistləri qarşılamaq imkanımız var. Qalmaq istəyən turistlər üçün otellərdə hər cür şərait yaradılıb. İnfrastruktur məsələləri də artıq öz həllini tapıb. Bu il də bayram ərəfəsində əsasən İran, Rusiya, Orta Asiya və fars körfəzi ölkələrindən daha çox turistlərin gələcəyini gözləyirik”.
Milli Turizm Təbliğat Bürosunun meneceri Kənan Quluzadədeyir ki, bu il də bayram günlərində irimiqyaslı Novruz festivalı keçiriləcək: "Keçən ilki təcrübə göstərdi ki, konsert proqramları, maraqlı əl işlərinin, mili mətbəx nümunələrinin təqdim edilməsi, 60-a yaxın ifaçı və kollektivin çıxışı, yəni ümumilikdə festival turistlərin diqqətini cəlb etdi. Ötən il bir həftə ərzində davam edən festivala 400 minə yaxın adam qatıldı. Onların təqribən yarısı xarici turistlər idi. Ötən il olduğu kimi, bu il də xüsusilə İran turistlərinin çoxluq təşkil edəcəyini ehtimal edirik. Meydan tamaşaları, milli mətbəximizin şirniyyatları, ifalar, rəqslər turistlərə təqdim olunacaq. Bu il də rəngarəng tədbir olacağına əminik. Ümumilikdə, keçən illə müqayisədə bu il ölkəyə gələn turistlərin sayında artım olacağını düşünürük”.
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhman Quliyevdeyir ki,ölkəyə gələn turistlərin Novruz bayramına xüsusi marağı var: "Bu baxımdan, müxtəlif tədbirlərin keçirilməsi üçün artıq layihələr hazırlanıb. Novruz bayramını bu il də xüsusi şəkildə qeyd etməyə hazırlaşırıq. Həm milli kimliyimizi, həm də mədəniyyətimizi turistlərə nümayiş etdirəcəyik. Əsas məqsəd turistlərin səmərəli vaxt keçirməsinə şərait yaratmaq və onları ölkəmizə cəlb etməkdir. Bizim əsas istəyimiz bunu ənənəvi bir hala çevirməkdir. Böyük «Səməni festivalı», keçəl, kosa tamaşaları, yumurta döyüşdürmək, müxtəlif şou-proqramlar, milli rəqslər, tonqal festivalları turistlərə təqdim olunacaq. Regionlarda otellərin ərazisində, rayon mərkəzlərində bayram tədbirlərinin keçiriləcəyi gözlənilir. Rayon mərkəzində turistlərin daha çox olduğu yerlərdə müxtəlif bayram tədbirləri təşkil olunacaq. Çünki bayram ərəfəsində regionlara böyük turist axını olur. Bayramın daha da maraqlı keçməsi üçün turizm şirkətləri müxtəlif proqramlar hazırlayıb. Həmçinin Bakıda bulvarda, "İçərişəhər”də və digər mərkəzi yerlərdə bu kimi tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Bizim əsas məqsədimiz turistlərin marağını ölkəyə cəlb etməkdir. Biz də "Luna Travel” olaraq turistlər üçün regionlara maraqlı səfərlər təşkil edirik. Turistlərin əvvəl getmədiyi yerlərə marşrut xətləri fikirləşirik. Çünki digər regionlarda da turizmi inkişaf etdirmək və yeniliklər etmək lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər