• cümə, 29 Mart, 14:04
  • Baku Bakı 14°C

Turizmin inkişafına əngəl olan səbəblər

15.07.15 10:46 2403
Turizmin inkişafına əngəl olan səbəblər
Mürəkkəb viza prosesi, təyyarə biletləri və hotellərin qiymətlərinin baha olması, 2-3 ulduzlu hotellərin azlığı milyonlarla vəsaiti xaricə yönəldir
Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə daha ciddi nailiyyətlər əldə edilməsi, ölkəmizə gələcək turistlərin yerləşdirilməsi, onların rahatlığının, gəliş-gedişinin təmin olunması məqsədi ilə paytaxt Bakıda və ətraf rayonlarda çoxsaylı otellər inşa edilib. Paralel olaraq nəqliyyat infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılıb. Bakı şəhərində beynəlxalq avtovağzal kompleksi, rayonlarda yeni avtovağzal binaları inşa edilib, Heydər Əliyev və Naxçıvan beynəlxalq hava limanları yenidən qurulub, Gəncə, Qəbələ, Lənkəran və Zaqatalada müasir hava limanları yaradılıb. Təbii ki, bütün bunlar vətəndaşlarımızın həyat şəraitini daha da yaxşılaşdırmağa xidmət etməklə yanaşı, turizm sektorunun inkişaf etdirilməsinə hesablanıb.
Lakin son illərin müşahidəsi onu deməyə əsas verir ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər lazımi nəticəni vermir. Belə ki, ölkəyə gələn turistlərin sayı qaneedici səviyyədə deyil. Üstəlik, yerli sakinlər də istirahət üçün Gürcüstan, Türkiyə, Yunanıstan kimi ölkələrə üz tutmaqdadırlar. Bunun başlıca səbəbləri Azərbaycandakı hotellərdə qiymətlərin baha olmasıdır. Bundan başqa, Türkiyədə istirahət etmək istəyən azərbaycanlılar bu ölkəyə Gürcüstandan təyyarə ilə getməyə üstünlük verirlər. Burada da əsas səbəb, AZAL-ın biletlərinin qiymətinin baha olmasıdır. Azərbaycanda turizm sahəsində canlanmanın müşahidə olunmamasına daha bir səbəb viza rejiminin mürəkkəbliyidir. Ölkəmizə gəlmək istəyən əcnəbilər viza almaq üçün 1-2 ay vaxt itirməli olurlar ki, bu da son anda onların bezməsi, qədim Şərq ölkəsinə gəlmək fikirlərindən daşınması ilə nəticələnir. Sonda bütün bu əngəllər turizm sektorunun inkişafına mənfi təsir göstərir, Azərbaycan bundan milyonlarla manat vəsait itirir. Qiymət bahalığı ucbatından azərbaycanlıların öz Vətənində deyil, başqa ölkələrdə istirahətə üstünlük verməsi də külli miqdarda vəsaitin xaricə axmasına səbəb olur. Bütün bunlar barədə yerli ekspertlər dəfələrlə öz açıqlamalarında həyəcan təbili çalsalar da, vəziyyət müsbətə doğru dəyişməyib.
Ona görə də iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlər ən yüksək səviyyədə dilə gətirilib. Dövlət başçısı Azərbaycana turist kimi gəlmək istəyən xarici vətəndaşların vizanı çətinliklə, 1-2 ay vaxt sərf edərək almasına, təyyarə biletlərinin və hotellərin, xüsusən də regiondakı hotellərin qiymətlərinin baha olmasına, ölkədə 2-3 ulduzlu hotellərin azlığına diqqət çəkib. Avropa məkanında ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunlarından sonra ölkəmizə, paytaxt Bakıya turist marağının daha da artacağını vurğulayan İlham Əliyev gələcəkdə Azərbaycana gələn turistlərin sayının artırılması üçün lazımi tədbirlər görülməsini vacib sayıb. Deyib ki, bunun üçün ilk növbədə viza məsələsi sadələşdirilməlidir. Prezident İlham Əliyev aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırıldığını da qeyd edib. O, ölkəmizin yanacağı xaricdən almadığına, özünün istehsal etdiyinə, ağ neftin ucuz qiymətə satıldığına, AZAL-a dövlət tərəfindən böyük subsidiyalar verilməsinə, təyyarələrin dövlət büdcəsinin vəsaiti hesabına alınmasına, bütün aeroportların dövlət hesabına tikilməsinə, ümumilikdə bütün şəraitin dövlət hesabına yaradılmasına diqqət çəkib. Bütün bunların müqabilində uçuş biletlərinin qiymətinin başqa ölkələrə, şəhərlərə nisbətən baha olmasını düzgün hal saymayıb. Ölkə rəhbəri iclasdakı yekun nitqində Azərbaycanda, xüsusən də bölgələrdə hotel qiymətlərinin baha olmasına da toxunub. O, beşulduzlu olmayan, əsasən regionlarda fəaliyyət göstərən hotellərin qiymətinin baha olmasını yaxşı hal hesab etməyib. Qeyd edib ki, rayon yerlərində hotellər elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Prezident İlham Əliyev rayonlarda 2-3 ulduzlu hotellərin az olmasını da turizm sahəsində problem kimi qiymətləndirib. Bildirib ki, bunun sayəsində o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər.
Mövzu ilə bağlı mövqeyini “Kaspi”yə bölüşən Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov ölkə rəhbərinin səsləndirdiyi iradların Azərbaycanda turizmin inkişafına maneə törətdiyini söyləyib. O, bu məsələlərin mətbuat səviyyəsində dəfələrlə qaldırıldığını, ancaq problemin bu günə qədər həllini tapmadığını qeyd edib: “Beynəlxalq ekspertlərlə, ölkəmizə gələn xarici qonaqlarla söhbətlərdə də qeyd olunurdu ki, viza almağın mürəkkəbliyi Azərbaycana gəlişi çətinləşdirir. Halbuki informasiya texnologiyalarının inkişaf səviyyəsi bu sahədə qısa zamanda dönüş yaratmağımız üçün əlverişli imkanlar açır. Ölkəmiz dünya miqyaslı tədbirlərə ev sahibliyi edir və bu, Odlar Yurduna marağı ildən-ilə artırır. Amma viza məsələsi maraq sahiblərinin Azərbaycana səyahət etməsi üçün maneəyə çevrilir. Təbii ki, bunun qarşısını almaq lazımdır. AZAL-a gəldikdə, bir çox hallarda bu qurum rəqabət mühitində Azərbaycan qədər şanslı olmayan ölkələrin hava yolları şirkətlərinə uduzur. Bu da ciddi analiz olunmalıdır. AZAL turizm mövsümü zamanı qiymət siyasətində bəzi güzəştlərə getməlidir ki, cəlbediciliyini daha da artırsın. Bakı sivilizasiyalar, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz və Şərqi Avropa ölkələri arasında mərkəz olmalıdır. AZAL bu üstünlükləri biznes fürsətə çevirməyi bacarmalıdır. Aşağı ulduzlu hotellərin açılması isə birbaşa Dövlət Proqramında öz əksini tapan məsələdir. Artıq Azərbaycanda 535 hotel var ki, onların da böyük əksəriyyəti 5 ulduzlu hotellərdir. Ancaq hər hansı ölkə turizm sahəsində söz demək istəyirsə, yalnız 5 ulduzlu hotellərlə kifayətlənməli deyil. Özəl sektor ayrı-ayrı regionlarda, eləcə də paytaxt Bakıda 2-3 ulduzlu hotellərin tikintisinə önəm verməlidir. Biz qarşımıza hədəf qoymuşuq ki, ölkəmizə gələn turistlərin sayı 3 milyonu aşsın, Azərbaycanın ümumi daxili məhsulunda turizmin payı 4,1-dən 5 faizə qədər irəliləsin. Bu nailiyyətləri əldə etmək üçün yuxarıda sadalanan 3 istiqamət üzrə yaranan problemlər həllini tapmalıdır”.
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Azərbaycanda brend hotellərin olmasını yaxşı hal hesab etsə də, hotelçilik sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Bildirib ki, bunun üçün 2-3 ulduzlu hotellərin inşası məqsədi ilə sahibkarlarda motivasiya yaratmaq lazımdır: “Belə sahibkarlara yeni inşa olunan hotellərə görə vergi sistemində imtiyazlar verilməlidir. Ola bilər ki, açılışdan sonra ilkin mərhələdə bu imtiyazlar tətbiq edilsin. Bu müddət 1 və ya 2 il ola bilər. Belə sahibkarlardan kiçik dərəcə ilə vergi tutula bilər. Nəticədə belə güzəştlər sahibkarları bu sahə üzrə biznes qurmağa həvəsləndirər. Əgər Azərbaycan kütləvi turizmin inkişafında maraqlıdırsa, o zaman 2-3 ulduzlu hotellər tikmək lazımdır. Çünki bahalı hotellər hesabına kütləvi turizmi inkişaf etdirmək olmaz”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, Azərbaycanda 2-3 ulduzlu hotellərin inşası çox qısa zaman ərzində həll edilməli, ölkəyə gələn turistlər itirilməməlidir. Onun sözlərinə görə, rayonlardan Bakıya, eyni zamanda qonşu ölkələrdən Azərbaycana gələn aztəminatlı şəxslər daha ucuz hotellərdə qalmaq istəyirlər. Ancaq belə hotellər olmadığından onların çoxu evlərdə kirayə qalırlar. Bu isə onların təhlükəsizliyini və dövlətə vergilərin ödənilməsi məsələsini arxa plana keçirir. Ekspert deyib ki, qonşu Türkiyə və İranda olduğu kimi, bizim ölkədə də 2-3 ulduzlu hotellərin qiymətləri münasib olmalıdır.
Turizm məsələləri üzrə ekspert Bahadur Bilalov hotellərdə qiymətlərin baha olmasına səbəb kimi bəzi dövlət məmurlarının sahibkarların işlərinə qeyri-qanuni müdaxilə etməsini göstərib. Deyib ki, ölkə başçısı Nazirlər Kabinetinin iclasında çıxışında bu faktı da xüsusi olaraq vurğulayıb: “Rəsmi məlumata görə, Azərbaycanda birdəfəlik gecələmə yerlərinin – çarpayıların sayı 35 mindən çoxdur. Bu rəqəmi ilin 365 gününə vuranda 13 milyona yaxın edir. Lakin Dövlət Statistika Komitəsinin hesabatında bu rəqəmin 10 dəfədən də az bir hissəsi yer alır. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycanda hotel biznesi qeyri-rentabellidir. Təcrübə isə bunu göstərir ki, hər il ölkədə orta hesabla 30-40 hotel inşa olunur. Əgər rentabellik yoxdursa, yeni hotellərin inşası hansı zərurətdən yaranır? Araşdırmalar göstərir ki, hotellərlə bağlı düzgün rəqəmlər, buraya gələnlərin sayı, ən nəhayət, gəlirlər gizlədilir. Bunu vergi orqanları ilə razılaşdırmadan etmək qeyri-mümkündür. Real mənzərə sübut edir ki, hotellərlə vergi orqanının əməkdaşları arasında gizli sövdələşmələr var. Bu da süni qiymət artımı, bahalaşma ilə müşayiət olunur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər