Turizmin inkişafına dəstək olacaq daha bir təşkilat yaradıldı
Ölkədə turizm
agentliklərinin fəaliyyətinə dəstək göstərmək, mövcud çatışmazlıqları aradan
qaldıraraq birgə inkişafa nail olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək
məqsədini daşıyan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təqdimatı
keçirildi. Turizm sənayesindəki mövcud problemlərin dinlənilməsi üçün platformaya
çevriləcək assosiasiya, turizm şirkətlərinin şikayət, rəy və təkliflərini
dövlət qurumlarına və digər üst qurumlara çatdıran təşkilat funksiyasını həyata
keçirəcək.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
Assosiasiyanın
təqdimat mərasimindəki çıxışında turizmin prioritet sahələrdən birinə çevrilməsi
üçün çalışdıqlarını deyən Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyev son illərdə bu sahədə kifayət qədər işlərin
görüldüyünü, bununla belə problemlərin də mövcud olduğunu qeyd etdi: "Mövcud
problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi bir vəzifə
Agentliyin əsas işidir. Turizm kompleks xidmət sahəsidir və inkişafı da birbaşa
xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır”. Turizm
Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasını, formalaşan turizm sənayesinin
inkişafı istiqamətində atılan vacib addımlardan biri hesab edən F.Nağıyev qeyd
etdi ki, qurum, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün turizm
agentliklərini bir araya toplayan güclü platforma rolunu oynayacaq: "Assosiasiyanın
fəaliyyətinin əsas məqsədi turizm agentliklərini bir araya gətirərək mövcud
potensialı inkişaf etdirməkdir. Hazırda mövcud problemlərin optimal həlli
istiqamətində işlər görülür. 2015-ci ildə lisenziyaların ləğvi həmin dövr üçün
uğurlu oldu, turizm sənayesində canlanma yaratdı.
Təəssüf ki, bundan
sui-istifadə edən qüvvələr də az olmadı. Bu isə bütövlükdə ölkə turizminin
imicinin zədələnməsinə yol vermək deməkdir. Buna görə də, turizm şirkətlərinin
fəaliyyətinə ümumi nəzarət mexanizminə yenidən zərurət yarandı. Agentlik, hazırda
dövlət reyestrinin yaradılması üzərində çalışır. Əlbəttə, bu məsələdə turizm
şirkətlərinin maraqları nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər
hazırlanacaq. Həmçinin kiçik və orta biznesin inkişafı üçün turizm sahəsinə
investisiya qoyuluşlarını stimullaşdırmağa çalışırıq”. F.Nagıyev qeyd etdi ki,
ixtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi də əsas
vəzifələrdən biridir. Belə ki, Azərbaycanın bütün dünyada turizm istiqaməti
kimi tanıdılması və xarici bazarlarda ölkənin turizm imkanlarının tətbiqində
səyləri birləşdirmək, turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması,
onların ölkəmizdən məmnun qayıtması və s. kimi məsələlər turizm sahəsində
çalışan hər kəsin marağında olmalıdır”.
F.Nağıyev bildirdi ki, DTA dövlət və
özəl biznes əməkdaşlığını əsas tutaraq, biznes qurumları ilə faydalı
münasibətlərin inkişafında maraqlıdır: "Biz sağlam rəqabət mühitinin
tərəfdarıyıq. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai
nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir. İnanırıq ki, yeni yaranan
qurum proseslərin inkişafına öz töhfəsini verəcək”.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru
Florian Zenqstşmid qarşıya
qoyulan hədəflərdən danışdı: «Təkcə kəmiyyət deyil, keyfiyyət baxımından
məhsullarımızı artırmalıyıq. Qarşıda bir çox çətinliklər durur. Hazırda yaranan
geopolitik situasiyadan istifadə etməliyik. Həm cənub qonşumuz İran, həm şimal
qonşumuz Rusiya tərəfindən təşəbbüslər yaranır. Biz mütləq onları
dəyərləndirməliyik. Bizim üçün vacib olan amil müxtəliflikdir”. Turizm sənayesinin təşkilatlanmasının
ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən F.Zenqstşmid Azərbaycan
Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə
atılmış uğurlu addımlardan olduğunu qeyd etdi: "Yalnız birlikdə turizm
sənayesini inkişaf etdirə bilərik”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının
sədri Rüfət Hacıyev yeni
yaranan qurumun turizm agentliklərinin maraqlarını təmsil edərək, dövlət-özəl
sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd etdi, görüləcək işlər,
məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verdi: "Son illər turizm
sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Ölkə başçısının bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində
Azərbaycan turizmin inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Belə ki,
turizmin inkişafı həm regionların inkişafı, həm də ölkənin iqtisadi
potensialının möhkəmlənməsi, Azərbaycanın imicinin dünyaya inteqrasiya prosesi
üçün mühüm bir vasitədir. Məqsəd dövlət başçısının
tapşırıq və göstərişlərinə uyğun formalaşan turizmə yeni fəlsəfə
gətirməkdir. Həmçinin turizmə peşəkar və kreativ yanaşmalar, bir sözlə,
inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir”. Turizm sahəsinin özündə
50-dən artıq sektoru birləşdirən sənaye olduğunu qeyd edən qurum rəhbəri bildirdi
ki, assosiasiyanın əsas məqsədi rifah və nəticəyə hədəflənməkdir: "Məqsədimiz sahibkarlar
və dövlət qurumları arasında daimi sıx əlaqələri formalaşdırmaqdır. Artıq
turizm şirkətlərinin rəhbərləri öz təklif və rəylərini bildirmək üçün peşəkar
bir platforma ilə əlaqə quracaqlar. Assosiasiyanın
yaradılması ilə turizm şirkətlərinin rəy və təkliflərini bildirməsinə imkan
yaranacaq”.
Qeyd edildi ki, Assosiasiyanın
yaradılması ilə bağlı işlərin ilin sonuna qədər planlaşdırılması və agentliyə
təqdim olunması nəzərdə tutulub.
Tədbirin sonunda
Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxsləri
turizm agentlikləri və sahibkarları maraqlandıran sualları cavablandırdılar.Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova