• çərşənbə, 24 Aprel, 10:49
  • Baku Bakı 13°C

Turizmin inkişafı üçün yeni imkanlar - Fotolar

05.09.18 18:40 1474
Turizmin inkişafı üçün yeni imkanlar - Fotolar
Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Soçidə keçirilən bu görüşdə prezidentlər İ.Əliyev və V.Putin "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıblar. Bununla yanaşı, Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi”), iqtisadiyyat nazirlikləri arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb. Eyni zamanda, daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında, sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, elektrik ötürücü xətlər və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti, idman sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Tərəflər rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum, malların hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol və sair mühüm sənədlər də imzalayıblar. Sözügedən sənədlər arasında Rusiya və Azərbaycan hökumətləri arasında imzalanan turizm sahəsində əməkdaşlıq haqqında saziş də böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,5 faizi Rusiya Federasiyasının vətəndaşları olub.
Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikovdüşünür ki, Rusiya və Azərbaycan bütün problemləri birgə həll edə, bir çox sahələrlə yanaşı, turizm sahəsinin inkişafı üçün səylərini birləşdirə bilər.
Rusiyalı deputat Azərbaycanın turizm potensialının Rusiyada təbliğini gücləndirməyin vacibliyini qeyd edib: "Azərbaycanın necə inkişaf etdiyi, Bakının necə gözəlləşməsi göz qabağındadır. Mən heç yerdə belə gözəl Dənizkənarı Bulvar görməmişəm. Azərbaycandakı bəzi turizm obyektləri xarici ölkələrdəki kurortlarla müqayisədə qat-qat yaxşı və maraqlıdır. Mən heç gözləməzdim ki, Rusiyadakı kimi təbii şəraiti olmayan Azərbaycan qış turizmi sahəsində bu qədər irəliləyib. Mən tez-tez deyirəm ki, Azərbaycanın kurort potensialını rusiyalılar arasında daha çox təbliğ etmək lazımdır”.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə"Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında bir çox sahələr üzrə əlaqələrin inkişafını nəzərdə tutur. O, həmin sənədlərdə konkret müddəaların göstərildiyini diqqətə çatdıraraq vurğulayıb ki, qeyd olunan istiqamətlər üzrə atılacaq addımlar hər iki ölkəni qarşıya qoyulan hədəflərə çatdıracaq: "Görüləcək işlər, atılacaq addımlar bütün incəliklərinə qədər nəzərə alınıb. Azərbaycana gələn turistlər arasında Rusiya vətəndaşları ilk yerdədir. Bu, ənənəvi hal alıb və hər il davam edir. Cari ilin 7 ayı ərzində 500 mindən çox Rusiya vətəndaşı Azərbaycana gəlib. Azərbaycandan Rusiyaya gedən turistlərin sayı da çoxluq təşkil edir. Bütün bunlar nəzərə alınaraq, həm Rusiyanın mərkəzi strukturları, həm də vilayətləri ilə əlaqələr qurulub. Turizm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri müzakirə edilir”.

Agentlik nümayəndəsi deyib ki, Rusiyanın Xəzəryanı bölgələri ilə turizm marşrutlarının müzakirəsi aparılır: "Burada tarixi-mədəni turizm marşrutlarından söhbət gedir. Misal üçün, vaxtilə Şimali və Cənubi Qafqazda səfərdə olan Aleksandr Düma marşrutu var ki, tanınmış fransız yazıçısının əsərlərini oxuyan, sevən və onun hərəkət etdiyi, olduğu yerləri görmək istəyən turistlər məhz bu marşrut üzrə hərəkət edə bilərlər. Sözügedən marşrutla hərəkət edəcək turistlərin Azərbaycan-Dağıstan sərhədini daha rahat keçməsi üçün fikir və ideyalar var. Digər layihələrlə bağlı da Həştərxan vilayəti ilə danışıqlar gedir. İstər Xəzər dənizi üzərindən, istərsə də quru yolu ilə turist marşrutları çoxdur. Rusiyadan gələcək turistlər üçün "May artıq yaydır” adlı layihə də var. Bu layihə vasitəsilə Rusiyada "mayovka” deyilən bayram ərəfəsində turistləri Azərbaycana cəlb etmək, turizm xidmətləri təklif etmək olar. Yay fəsli ilə yanaşı, qış aylarında da Rusiyadan "Tufandağ” və "Şahdağ” qış turizm komplekslərinə gələnlər çoxluq təşkil edir”.

K.Quluzadənin sözlərinə görə, paytaxt Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, rusiyalı turistlərin Azərbaycanda dil problemi ilə üzləşməməsi də ölkəmizi onlar üçün cəlbedici edən amillərdəndir: "Turizm əlaqələrini daha da inkişaf etdirmək üçün Rusiya ərazisində müxtəlif tədbirlər, təqdimatlar keçirilir, turoperatorlarla əlaqələr yaradılır. Rusiyanın Azərbaycanla sərhədi olmayan vilayətləri ilə də turizm əlaqələrinin yaradılması üçün danışıqlar gedir. Ümumiyyətlə Rusiyanın bütün vətəndaşları, hətta hüquq-mühafizə orqanlarında çalışan vətəndaşları da dincəlmək üçün rahatlıqla Azərbaycanı seçə bilirlər. Halbuki, Rusiya xüsusi-xidmət orqanı əməkdaşlarına bir çox ölkələrə səfər etmək qadağası var”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də bildirib ki, Rusiya və Azərbaycan hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanan saziş böyük əhəmiyyət kəsb edir. İqtisadçı ekspert deyib ki, bu saziş hər iki ölkə üçün turist axını baxımından müsbət təsirə malik olacaq: "Biz bilirik ki, bu gün ölkəmizə gələn turistlərin arasında Rusiya vətəndaşları ilk yerdə durur. Azərbaycandan da Rusiyaya gedən vətəndaşların sayı az deyil. Məhz bu kimi səbəbləri nəzərə alaraq düşünürəm ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı imzalanan ikitərəfli razılaşma iki ölkənin vətəndaşları üçün əlverişli turizm imkanlarının açılmasına köməklik göstərməklə yanaşı, qarşılıqlı investisiya imkanları yaradacaq”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər