• cümə axşamı, 25 aprel, 14:50
  • Baku Bakı 23°C

Turizm, xidmət, yüksək texnologiyalar, sənaye...

13.05.14 12:32 1345
Turizm, xidmət, yüksək texnologiyalar, sənaye...
“Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək”. Bunu ötən ay Nazirlər Kabinetində keçirilən müşavirədəki çıxışında prezident İlham Əliyev deyib. Ölkə başçısının sözlərinə görə, hazırda xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur ki, bu da təbiidir: “Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik”.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın, biznes mühitinin inkişafı istiqamətində tədbirlər görülür. Bu ilin əvvəlində biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli sərəncam imzalanıb. Hansı ki, həmin sənədin icrası imkan verəcək ki, ölkəmiz həm Dünya Bankının “Doing Business” reytinqində yerini daha da yüksəltsin, həm də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əlavə addımlar atılsın. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektorun gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəyi danılmazdır. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir.
Bütün həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında lider rolunu saxlayır. Məsələnin müsbət məqamlarından biri də odur ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. İndi ölkə rəhbərliyinin də qarşıya qoyduğu bir saylı məsələ ondan ibarətdir ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın.
“Xarici investorların öz maraqları var” deyən İ.Əliyevin sözlərinə görə, ölkənin də öz maraqları var: “Biz bunları bir-biri ilə bağlamalıyıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy var. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olub. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik”.
Göründüyü kimi, ölkə başçısının prioritet elan etdiyi məsələlərdən biri də iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsidir. İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, hər bir ölkənin xarici investisiyalara böyük ehtiyacı var: “Bu ehtiyac hətta inkişaf səviyyəsindən də asılı deyil. Yəni ölkə hansı səviyyədə olur-olsun xarici investisiyalara ehtiyacı var. Bəzi ekspertlər belə bir fikir səsləndirirlər ki, ölkəmiz kifayət qədər inkişaf etdiyindən və maliyyə imkanlarımız geniş olduğundan xarici investisiyalara artıq ehtiyac yoxdur. Bu, səhv fikirdir. Son illər iqtisadiyyata qoyulan investisiyaların həcmində xarici mənbələrin payı azlıq təşkil edir. Bunun cəlbi stimullaşdırılmalıdır. Çünki xarici investisiyalara hər zaman böyük ehtiyac var və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyan ölkədə bu xüsusən vacibdir. Bu gün biz, yaxın xarici ölkələrə (Gürcüstana, Türkiyəyə) investisiya yönəldirik. Bununla belə, xarici investisiyaların iqtisadiyyatımızın inkişafında rolu azalır. Keçən il investisiyaların ümumi həcmindən 76,7 %-i daxili investisiyaların payına düşüb. Başqa sözlə desək, artıq bir neçə ildir davam edən tendensiyaya uyğun olaraq 28 milyard dolların 17,5 milyardı daxili sərmayədir. Ümumiyyətlə, əsas kapitala yönəldilmiş vəsaitin 76,7 %-ni və ya 13704,9 milyon manatını daxili, 23,3 %-i və ya 4167,2 milyon manatını isə xarici investisiyalar təşkil edib. Düzdür, 2013-cü ildə xarici mənbələrdən əsas kapitala 5 milyard manata yaxın vəsait yönəldilib. Ancaq 23,3 % kiçik rəqəmdir. Ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi məhz, 2005-ci ildən sonra enməyə başlayıb. Və bu da, daxili maliyyə imkanlarının artması nəticəsində baş verdi. Ölkədə neft “bumunun” başlanması və eyni zamanda, adıçəkilən xammalın dünya bazarlarında qiymətinin ildən-ilə yüksəlməsi Azərbaycan hökuməti üçün əsas infrastruktur layihələri - elektrik stansiyalarının tikintisi, asfalt yolların çəkilişi və körpülərin salınması, qazlaşdırma, su təchizatının inkişafı, kanalizasiya və irriqasiya kimi məsələləri özünün maliyyələşdirməsinə yol açdı”. P.Heydərov bildirdi ki, investisiya şəraitinə görə Azərbaycan postsovet məkanında və regionda olduqca cəlbedici ölkədir. Ölkəmizin xarici sərmayənin cəlbi üçün həm potensial, həm də tələb olunan hüquqi-normativ baza baxımından da əlverişli imkanlar var. Üstəlik, bu gün xarici investorlar üçün daha gözəl imkanlar açılıb: “Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xaricə çıxmaq üçün çalışırıq. Belə olan şəraitdə xaricdən investisiya cəlbi daha prioritet sayılır. Həm də o səbəbdən ki, 1990-cı illərdə əgər, neft-qaz sektoru cəlbedici idisə, hazırda turizm, xidmət, yüksək texnologiyalar və sənaye parklarının yaradılması məsələləri diqqət tələb edir. Bunun üçün ölkədə yerli qeyri-dövlət sərmayəçilərinin mənafeyi daha yaxşı qorunmalı və fikrimcə, onlara vergi-gömrük rüsumları sarıdan xüsusi əlavə güzəştlər verilməlidir. Belə ki, istehsal və digər yüksək əməktutumlu obyektlərin tikintisi - kimya, metallurgiya və energetika, maşınqayırma və tikinti materiallarının istehsalı sahələri məhz xarici investorlar üçün açıq elan edilməlidir. Çünki dünya bazarlarına geniş çeşiddə və yüksək rəqabət qabiliyyətli məhsulları ancaq bu yolla çıxarmaq mümkündür”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər