• şənbə, 20 Aprel, 11:45
  • Baku Bakı 14°C

Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub

19.06.17 15:16 1175
Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub
İyunun 19-da "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Qeyd edək ki, "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsiTəhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, "British Council” və Bakıda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıqda həyata keçirilib.
Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və "British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt çıxış edərək məzunları təbrik edib və peşə təhsilinin əhəmiyyətini vurğulayıblar.
Dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etmək olub.
Layihə çərçivəsində Birləşmiş Krallığın"People 1st” təşkilatı tərəfindən "aşpaz”, "oteldə konsiyerj” və "mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq 50 faizədək məzun Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib.
Turizm xidmət sektoru üzrə "Abşeron Otellər Qrupu”, "JW Marriott”, "Four Seasons”, "Hyatt Regency”, "Fairmont”, "Hilton”, "Pullman” və "Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib.
Gələcəkdə Azərbaycanın turizm üzrə ixtisaslaşmış digər ilk peşə-ixtisas təhsili müəssisələrinin bu layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.


banner

Oxşar Xəbərlər