• cümə, 29 Mart, 02:30
  • Baku Bakı 7°C

Turizm şirkətlərinin erası bitir?

05.10.19 11:30 2112
Turizm şirkətlərinin erası bitir?
Son 3 ildə Azərbaycanda səyahət agentlikləri və tur-operatorların vasitəçiliyi ilə xaricə gedən ölkə vətəndaşlarının sayı azalıb. Trend-in məlumatına görə, 2015-ci ildə səyahət agentlikləri və tur-operatorların vasitəçiliyi ilə xarici ölkələrə gedən turistlərin sayı 59 956 nəfər olduğu halda, 2018-ci ildə onların sayı azalaraq 52 899-a enib.
Bəs görəsən bu azalmanın səbəbi nə ilə bağlıdır? Xaricə gedənlərin sayı azalıb, yoxsa tur-operatorlarına olan inam itib?
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimovdeyir ki,texnologiyaların inkişaf etdiyi dövrdə hər kəs öz işini onlayn qaydada həll edir: "Bu, turizm sahəsində də belədir. İndi insanların gözü daha açıqdır. Əksər insanlar tur-operatora müraciət etmədən, birbaşa olaraq istənilən ölkədə istənilən oteli bron edə bilirlər. Həmçinin nəqliyyat, aviabilet məsələləri də onlayn qaydada həll olunur. Yəni artıq indiki dövrdə tur-operatora müraciət etməyə demək olar ki, ehtiyac qalmayıb. Əslində bu, şirkətlərə inamla bağlı olan bir məsələ deyil. Bu məqam daha çox texnoloji yeniliklərdən qaynaqlanır və proses gələcəkdə daha da sürətlənəcək. Dünyanın ən populyar tur-operatoru "Tomas Kuk” şirkəti iflasa uğradı. Bu proses artıq başlayıb və davam edəcək. Azərbaycanda da tur-operatorlara müraciətin azalması sırf bu səbəbdən qaynaqlanır”.
"SKAL İnternational Baku” klubunun (Səyahət vəTurizmPeşəkarları Beynəlxalq Assosiasiyası) sədri,turizmüzrə ekspertCeyhun Aşurov qeyd etdi ki, əslində bu, müsbət tendensiyadır və bütün dünyada yayılmaqdadır: "İnnovasiyanın tətbiqi, müəyyən tətbiq etmələrin inkişafı insanların səyahətini daha da asanlaşdırır. Getdikcə tur-operatorlardan asılılıq minimuma düşür. İndi elə saytlar var ki, səyahət etmək istəyən şəxslər təyyarə biletini almaqla yanaşı, qaldığı oteli də seçə bilir. Hətta avtomobil kirayəsinə qədər bütün detallar onlayn qaydada həll olunur. Bir çoxları öz səyahət sığortasını da bu üsulla alır. Əgər belə bir imkan varsa, istər-istəməz tur-operatorlara müraciət edənlərin sayı aşağı düşür. Xüsusilə yeni nəsil daha çox səyahət edir və öz səyahətləri zamanı yeni metod və üsullardan istifadə edirlər. Hər kəs gedəcəyi ölkəni, qalacağı məkanı, təyyarə biletini özü alır. Səyahət etməzdən əvvəl həmin ölkə haqqında ətraflı məlumat toplayır, dünyanın müxtəlif yerlərindən olan turistlərin bu ölkə haqqındakı rəylərini oxuyurlar. Əgər indi mövcud imkanlar daxilində bunu özümüz edə biliriksə, tur-operatorlara müraciət edənlərin sayının azalması tamamilə fərqlidir. Düşünürəm ki, bu trend getdikcə daha çox yayılacaq”.
Ekspert bildirdi ki, belə bir şəraitdə plastik formada fəaliyyət göstərən tur-agentlikləri artıq öz fəaliyyətlərini yenidən nəzərdən keçirməlidir: "Şirkətlər artıq unikal turlara yönəlməlidir. Elə bir tur təşkil olmalıdır ki, turistlər onu internet vasitəsi ilə ala bilməsin. Bu halda müştəri seqmenti fərqli olmalıdır. Keçən ilin statistikasına nəzər yetirsək, görərik ki, 1,4 milyard insan səyahət edib. Onun da böyük əksəriyyəti hava nəqliyyatından istifadə edib. Yəni xaricə səfər edənlərin sayı azalmır, əksinə artır. Sadəcə olaraq, klassik qaydada tur-agentliklərinə müraciət edənlərin sayında azalma müşahidə olunur. Çünki fərdi qaydada səyahət etmək tur-operatorlara müraciət etməkdən daha ucuz başa gəlir. Ona görə də, turizm şirkətləri xüsusi seqmentlər üzrə fəaliyyət göstərsələr, daha yaxşı olar. Şirkətlər öz fəaliyyətini müasir texnologiyalar əsasında qurmalıdır. Bunu edən bəzi şirkətlər hazırda özünəməxsus unikal məhsulların reklamını rəqəmsal platformalarda edir. İndiki dövrdə şirkətlər daha çevik olmalıdır. Yalnız bu halda onların fəaliyyəti uzunömürlü ola bilər”.
"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyevqeyd etdi ki, lisenziyanın ləğvindən sonra bəzi iş adamları bu məqamdan sui-istifadə etməyə başladı. Nəzarətsiz qalan bəzi şirkətlər səriştəsiz fəaliyyəti ilə özlərinə olan inamı itirib: "Müştərilərlə tur-operatorlar arasında böyük bir uçurum yaranıb. Nəticədə tur-operatorlara müraciət edənlərin sayı ilbəil azalır. Yeni-yeni açılan onlarla şirkətlər var. Bir müddət sonra onlar öz fəaliyyətini dayandırmalı olur. Bunun əsas səbəbi də fəaliyyət planının qurulmaması ilə bağlıdır. Turizm sahəsindən xəbəri olmayan səriştəsiz insanlar şirkət açırsa, bu şirkət bir müddət sonra bağlanmağa məhkumdur. Proses davam etdikcə, müştərilər də çıxılmaz vəziyyətdə qalır. Ona görə d, müştərilərin əksəriyyəti onlayn şəkildə bilet almağa üstünlük verir. Peşəkar turizm işçilərinin sayı kifayət qədərdir. Tövsiyə edərdim ki, müştərilər həmin şirkətlərlə işləsin. Şirkətlər özləri də fəaliyyətlərini nəzərdən keçirməli, öz işçilərini məlumatlandırmalıdır”.
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, turizm ekspertiRuslan Quliyevdeyir ki, butendensiya davam edəcək: "Həqiqətən də bir müddətdir ki, bu tendensiyanı müşahidə edirik. Əsas səbəb də onlayn sistemlərin və səyahət portallarının sayının artması ilə bağlıdır. İstehlakçılar birbaşa olaraq tur-operatorların köməyi olmadan səyahət etməyə üstünlük verir. Çünki bu, maddi baxımdan onlar üçün daha sərfəlidir. İndi hər kəs aviabileti özü ala bilirsə, tur-operatora pul verməyə ehtiyac qalmır. Yaxın müddətdə bu proses daha da sürətlənəcək, yəni onlayn sistemdən istifadə edənlərin sayı artacaq. İndi dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Belə məsələlər artıq geridə qalıb. Şirkətlər innovativ texnologiyalar tətbiq etməklə, işçilərin ixtisarına gedir. Proqnozlar göstərir ki, tur-operatorlara müraciət edənlərin sayının azalması tendensiyası davam edəcək”.
Şəbnəm
banner

Oxşar Xəbərlər