• cümə axşamı, 25 aprel, 14:28
  • Baku Bakı 23°C

Turizm şirkəti seçərkən hansı amillərə üstünlük verməli? - Fotolar

21.11.18 12:07 4250
Turizm şirkəti seçərkən hansı amillərə üstünlük verməli? - Fotolar
Son vaxtlar qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən biri də turizmdir. Beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi, onun daha geniş arenada tanınmasına şərait yaratdı. Bununla da Azərbaycan digər ölkələrin vətəndaşları üçün maraqlı ölkəyə çevrildi. Beləcə, ölkəyə turist axını baş verdi. Nəticə etibarı ilə həm yerli, həm də xarici turistlərə xidmət göstərən həddən artıq turizm şirkəti fəaliyyətə başladı. Amma təəssüf ki, bu turizm şirkətlərinin kəmiyyət göstəriciləri ilə keyfiyyət göstəricilərinin düz mütənasib olduğunu deyə bilmərik. Bu sahədə ciddi problemlərin olduğu hər kəsə bəllidir. Digər tərəfdən də, şirkət açmaq, onu idarə etmək elə də asan deyil. Ona görə də, bütün bu məsələləri nəzərə alaraq, yerli turizm şirkətlərindən birinin təcrübəsi ilə tanış olmaq qərarına gəldik.
Həmsöhbətim "Casablanca Travel” turizm şirkətinin direktoru Xəyal Həmidovdur. Orta təhsilini Ağdaş-Türk Azərbaycan liseyində alıb, ali təhsilini isə İstanbul Dövlət Universitetində iqtisadiyyat sahəsi üzrə bitirib. 2011-ci ildən turizm sahəsində təcrübəyə malik olan Xəyal bəy, 2013-cü ildə "Casablanca Travel” şirkətini təsis edir. Şirkət aviabiletlərin satışı, getmə və gəlmə, daxili, müalicəvi turizmin qrup və fərdi şəkildə təşkili ilə məşğuldur. Bununla bərabər, xaricə getmək üçün ən əsas vasitə olan vizanın alınması prosesinə də dəstək göstərirlər. 3000-dən çox insana viza almaqda kömək edib, onlara viza dəstəyi xidməti göstəriblər. Viza əldə edən insanların (turistlərin) 90%-dən çoxunda bu, ilk viza alışı olub.
Şirkətlərə nəzarət mexanizmi lazımı səviyyədə deyil
Söhbətə isə hazırda turizm şirkəti açmağın asan və çətin məqamlarından danışmaqla başladıq. Xəyal bəy deyir ki, indiki dövrdən fərqli olaraq, 2013-cü ildə lisenziya alıb şirkət açmaq çətin idi: "Bu, əslində, mənim yaralı yerimdir. "Casablanca Travel” şirkətini təsis edərkən lisenziya məsələsində bəzi problemlərlə üzləşdik. Yəni həmin dövrdə şirkət açmaq elə də asan deyildi. Amma biz lisenziya alandan 1 il sonra yeni fəaliyyətə başlayan turizm şirkətlərindən lisenziya tələb edilmədi. Bəlkə də bunun nəticəsidir ki, bu gün həddindən artıq irili-xırdalı turizm şirkəti fəaliyyət göstərir və onların qeydiyyatının harada cəmlənməsi haqqında məlumatlı deyiləm. Yəni hazırda şirkət açmaq üçün turizmi bilməyə ehtiyac yoxdur, hər hansı bir məhdud məsuliyyətli cəmiyyət açıb fəaliyyətə başlamaq olar. Lisenziyaların ləğv edilməsi bazar iqtisadiyyatı şəraitində rəqabətin güclənməsi üçün atılmış doğru addım idi. Əslində, şirkətin çox olmağı pis deyil. Məsələ bu şirkətlərə nəzarət mexanizminin lazımı səviyyədə olmamağındadır. Turizmə olan nəzarət sistemi güclənməlidir. Bütün şirkətlərin fəaliyyəti qanunvericiliklə yoxlanılmalıdır. Dövlət Turizm Agentliyinin bu sahədə ciddi addımlar atacağına əminik” .
Müştərilərimizin etimadı bizim üçün çox dəyərlidir
Turizm sahəsinə yaxından bələd olduğunu deyən həmsöhbətim qeyd edir ki, işə başlayarkən ciddi bazar araşdırması etməsələr də, nələrin çatışmadığını və hansı xidmətləri göstərərək bu çatışmazlığı aradan qaldıracaqlarını bilirdilər: "Çox səmimi bir şəkildə deyirəm ki, ciddi bir araşdırma mexanizmi həyata keçirmədik. Çünki müəyyən müştəri bazamız mövcud idi və yeni müştərilər cəlb edə biləcəyimizə inanırdıq. Amma təbii ki, görüşdüyümüz, fikir mübadiləsi etdiyimiz şirkətlər oldu. Biz 5 il ərzində həmişə müştərilərimizə yüksək xidmət göstərmək üçün çalışmışıq. Hətta, şirkətimizin əməkdaşlarına da həmişə deyirəm ki, biz pulumuzu itirə bilərik, amma etibarımızı itirməməliyik. Bacardığımız qədər işimizi mükəmməl bir şəkildə qurmağa cəhd göstəririk. Müştərilərimizin etimadı bizim üçün çox dəyərlidir, bu etimadı itirməmək üçün xidmət səviyyəmizi daim yüksək tutmağa və iş siyasətimizi onların istəklərinə uyğun qurmağa çalışırıq”.
Müştəri məmnuniyyəti bizim üçün yeganə ölçü meyarıdır
Hazırda ölkəmizdə turizm şirkətlərinin kəmiyyət və keyfiyyəti arasındakı tərs mütənasibə baxmayaraq, müştərilərinə bu qədər önəm və dəyər verən bir turizm şirkətinin olması çox yaxşıdır. Həmsöhbətimdən onlar üçün müştəri məmnuniyyətinin nə məna verdiyini soruşan zaman, aldığım cavab şəxsən məndə tam güvən hissi yaratdı. İndiki dövrdə insanlara bu qədər dəyər verən bir turizm şirkətinin olması, ölkəmizdə bu sahənin inkişafı istiqamətində atılan ən gözəl addımdır: "Bunu tam səmimi şəkildə deyə bilərəm ki, müştəri məmnuniyyəti bizim üçün yeganə ölçü meyarıdır. Şirkətimizin 5 illik təcrübəsinə əsasən deyirəm ki, əgər müştəri ilk dəfədən göstərilən xidmətdən razı qaldısa, növbəti səyahətlərini də eyni turizm şirkətinə həvalə edir. Əməkdaşlarımızla birlikdə əlimizdən gələn qədər çalışırıq ki, müştəri, göstərilən xidmətdən məmnun olsun. Məmnun qalan müştəri şirkət və xidmət haqqında, tanıdıqlarına, ətrafındakı insanlara məlumat verir. Nəticədə müştəri məmnuniyyəti yeni müştəri qazandırır. Bütün proseslər hüquqi müstəvidə həyata keçirilir. Daim müştərilərimizlə əlaqədə oluruq. Yəni "turu aldı və hər şey bitdi” demirik. Həm səyahətdə olduğu, həm də qayıtdığı zaman əlaqə saxlayıb təəssüratlarını öyrənirik. Təbii ki, hər bir xidmətdə bizdən asılı olan və ya olmayan problemlər yarana bilər. Biz müştərilərimizə həmişə bildiririk ki, səyahət zamanı hər hansı problem baş verərsə, həmin an bizimlə əlaqə saxlasınlar. Bu zaman dərhal problemi aradan qaldırmağa və növbəti dəfə belə bir halın baş verməməyinə çalışırıq”.
Bədahətən ağıla gələn ad

Bildiyimiz kimi, hər bir şirkət üçün əsas olan məqamlardan biri də ad seçimidir. Ad seçimini özü etdiyini deyən Xəyal bəy bildirir ki, seçim zamanı bəzi nüansları nəzərə almaq lazımdır: "Seçim edərkən düşündüm ki, həm coğrafi, həm də yadda qalan ad olsun. Məncə, çox uğurlu alınıb (gülür). Kasablanka Mərakeşin böyük şəhərlərindəndir. Yəni çox düşünmədim, bədahətən ağlıma gəldi. Başqa ad təklifləri olsa da mənim seçimim "Kasablanka” (Casablanca Travel) oldu. Onu da deyim ki, bu adın müsbət tərəfləri də var. Belə ki, Mərakeşin Azərbaycandakı səfirliyi sırf bu ada görə bizimlə əməkdaşlıq edir. Adımızın xarici şəhərdən götürülməsinə baxmayaraq, şirkətimiz tam olaraq yerli şirkətdir”.
"Etibarlı, peşəkar və innovativ”
"Casablanca Travel” haqqında heç vaxt eşitməyən, bilməyən birinə şirkətinizi 3 kəlmə ilə necə izah edərsiniz” sualını verdikdə, "etibarlı, peşəkar və innovativ” cavabını verən həmsöhbətim qeyd edir ki, turizm dinamik inkişaf edən bir sahədir və xidmət səviyyəsinə çox böyük önəm verən bir şirkət olaraq, bu inkişafla ayaqlaşmaq üçün daim öz üzərilərində çalışırlar: "İmkan daxilində əməkdaşlarımızı infoturlara göndəririk, digər tərəfdən, onların hər hansı bir məqamda çatışmayan tərəflərini gördükdə, məsələn, dil baxımdan zəiflik hiss etdikdə, dil kursuna göndəririk. Yaxud da, texniki baxımdan kompüterdə hər hansı bir proqramı bilmədikdə, istər özümüzün köməkliyi, istərsə də kursa göndərməklə bu çatışmazlığı aradan qaldırırıq. Xidmətimizin daimiliyinə nail olmaq üçün həm texnologiya, həm də turizm sahəsində gedən inkişafla ayaqlaşmağa çalışırıq”.
Tur-paketin qiymətinə əsas təsir edən amil
Hədəf ölkələr sırasında ən çox səyahətlərin Türkiyəyə təşkil olunduğunu deyən şirkət rəhbəri bildirir ki, turları əsas etibarilə müştərinin istəyinə uyğun hazırlayırlar. Turlar fərdi və qrup şəklində təşkil edilir. Turlar haqqında daha geniş məlumatı şirkətin rəsmi internet səhifəsi www.casablanca.az saytından və rəsmi sosial şəbəkə ünvanlarından əldə etmək olar. Xəyal bəy həmçinin onu da əlavə etdi ki, hazırda getmə turizminə təsir edən əsas amil aviabiletlərin qiymətidir. Təəssüflər olsun ki, bu sahədə rəqabətin olmaması biletlərin yüksək qiymətlə satışına səbəb olur. Qiymətlərdən söz düşmüşkən, tur-paketlərin qiyməti ilə maraqlanmasaq olmazdı: "Tur-paketlər iki cür olur. Hazır tur-paketlərdə aviabiletlər, gediləcək yerlər, qalınacaq otellər bir neçə ay əvvəldən bron edilir və bu tura adamlar cəlb edilməyə başlanılır. Belə turlar daha ucuz olur. Amma yenə də tur-paketin qiymətinə əsas təsir edən amil aviabiletdir. Ümumilikdə, paketlərin qiyməti 2 cür formalaşır: daha əvvəl bronlaşdırılmış stabil və o an sorğu əsasında formalaşan qiymətlər”.
Müştərilər düşünür ki, getmədikləri təqdirdə, həmin pullar bizə qalır
Müştərilərlə müqavilə prosesində innovativ yeniliklər tətbiq edən "Casabalanca Travel” şirkətinin bu məsələdə heç bir problem yaşamadığı bildirilir: "Hələ ki bu məsələdə bir problem yaşamamışıq. Çünki ödənişi yüz faiz alırıq. Əgər hər hansı bir problem olarsa, biz müştəriyə pulunu geri qaytarırıq. Erkən rezervasiya olunanda isə uçuşa qədər hissə-hissə ödəmə şansı veririk. Misal üçün, tur paketi əldə edərkən turun ümumi qiymətinin 30%-ni, səyahətə 3 ay qalmış ümumi məbləğin 50, 2 ay qalmış isə ümumi məbləğin 70% faiz ödənişi həyata keçirilməlidir. Bəzən müştərilər düşünür ki, getmədikləri təqdirdə, həmin pullar bizə qalır. Amma əslində elə deyil. Onlardan alınan pullar otel və xidmət təchiz edən şirkətlərin hesablarına köçürülür.
Bir telefon qədər sizə yaxın
Xəyal bəydən "booking” varsa, turizm şirkətinə ehtiyac varmı” deyə soruşduq: "Şirkətimizdən otel və ya digər xidmətləri sifariş edən müştərilərimizə deyirik ki, istədiyiniz qədər araşdırma aparıb qiymətləri müqayisə edin. Nəticədə isə bizdən alın. Çünki biz daha ucuz qiymətə veririk. Şirkətimiz müştərilərə tur və ya hər hansı oteli təklif edərkən mütləq şəkildə "booking.com” saytında olan qiymətlərə baxıb, mövcud qiymətlərlə bizim təklif edəcəyimiz qiymətlərin müqayisəsini aparırıq, müştərilərə ən optimal qiyməti təklif edirik. Bir çox dostumuza, tanışımıza deyirik ki, "booking.com”dan 100 dollara aldığınız turu, ən pis halda biz də həmin qiymətə veririk. Amma çox hallarda bizim qiymətlər daha ucuz olur. Aradakı digər fərq isə bizim etibarımızdır. Yəni hansısa bir problem yarandığı zaman, bir telefon qədər sizə yaxınıq. 24 saat telefonumuz aktivdir”.
2019-cu il üçün möhtəşəm innovativ yenilik
Həmsöhbətimiz 2019-cu ilin tur-paketlərindən, yeniliklərindən danışarkən bildirdi ki, bir neçə ay sonranın turları artıq şirkətin saytında yerləşdirilib: "Hazırda saytımızda mart, aprel, iyun və təxminən önümüzdəki 1 il üçün nəzərdə tutulan turlar haqqında geniş məlumat var. Yanvar ayından etibarən isə çimərlik turlarına erkən rezervasiya başlayacaq. 2019-cu il üçün isə möhtəşəm bir innovativ yeniliyimiz olacaq. Hansı ki, artıq 6 aya yaxındır ki, bu məsələnin üzərində işləyirik. Çox güman ki, yaxın günlərdə təqdimatını edəcəyik. Həmçinin gəlmə turizm departamentimizi genişləndirməyi, yeni işçilər cəlb etməyi düşünürük”.
Turizm şirkəti seçərkən qiymət əsas və yeganə göstərici olmamalıdır
Son olaraq həmsöhbətimizdən "müştərilər şirkət seçimində hansı nüanslara fikir verməlidirlər” sualına da cavab aldıq: "Biz çox istərdik ki, müştərilər turizm şirkətinə müraciət etməzdən öncə, ciddi araşdırsınlar. Bazarda o şirkət haqqında hansı fikrilərin formalaşdığını, xidmət səviyyələrinin necə olduğunu analiz etsinlər. Ən yaxşı variant kimi, həmin şirkətin xidmətindən faydalanan digər şəxslərin, yaxınlarının, tanışlarının düşüncələrini öyrənsinlər. Hansı xidmətlərdən razı, hansılardan narazı qaldıqlarını soruşsunlar. Bilmədən, tanımadan şirkətə müraciət etməsinlər. Turizm şirkətinin sosial media səhifələrini izləsinlər. Orada yazılan müsbət və mənfi rəyləri oxuyub nəticə çıxarmağa çalışsınlar. Əlbəttə, qiymət əhəmiyyətli bir göstəricidir, ancaq düşünürəm ki, turizm şirkəti seçərkən qiymət əsas və yeganə göstərici olmamalıdır. Yəni ucuzdur deyə, yanlış seçim etməsinlər. Biz də otellərlə işləyərkən araşdırma edirik. Qiymət fərqlərinə baxırıq. Əgər qiymətlər arasında ciddi fərq varsa, biri digərlərinə nisbətən kəskin şəkildə ucuzdursa, həmin otelin və ya təchizatçının xidmətindən istifadə etmirik. Bu işdə əsas nüans güvəndir. İnandığımız, güvəndiyimiz xidmət müəssisələri ilə işləməyi seçirik. Bizim üçün də eynisi keçərlidir. Biz də turizm şirkəti olaraq ilk olaraq etibarlı və güvənli olmağa çalışırıq”.
Günel Azadə

banner

Oxşar Xəbərlər