• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

Turizm sənayesini necə yaradaq?

14.04.16 12:18 1912
Turizm sənayesini necə yaradaq?
“Biz turizmə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir”. Bu sözləri prezident İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanda turizm sənayesi yoxdur və biz bunu yaratmalıyıq: “Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər”.
365 günlük turizm
Bəs ölkəmiz üçün vacib sektorlardan olan turizm sənayesini necə formalaşdırmalıyıq? Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov qəzetimizə açıqlamasında bildirdi ki, ümumilikdə turizm sənayesi çox geniş anlayışdır. Ölkəmizdə turizm inkişaf etməkdədir, nailiyyətlərimiz olmasına baxmayaraq, görüləcək işlərimiz də çoxdur: “Tez-tez rəsmi orqanların, ayrı-ayrı ekspertlərin mətbuata açıqlamalarında turizmin müxtəlif sahələrində olan problemlərlə, görülməli olan işlərlə bağlı fikirlərlə tanış oluruq. Bu xüsusilə turizm sənayesinin infrastruktur olaraq tamamilə formalaşdırılmasını özündə ehtiva edir.
Burada söhbət turizmin ayrı-ayrı xidmət növləri, sahələri üzrə infrastrukturun yaradılması, kadr potensialının formalaşdırılması ilə yanaşı, həm də xüsusilə asudə vaxt xidmətlərinin, mədəniyyət menecmentinin, mədəniyyət infrastrukturunun turizm potensialı kimi cəlb olunmasından, 365 gün turizmin yayılmasından gedir. Eyni zamanda, ölkəmizdə keçirilən vacib tədbirlər əsnasında turizm xidmətləri yüksək səviyyədə təqdim olunmalıdır. Bütün bu kompleksi qurmaq üçün müəyyən qədər vaxt və böyük səylər tələb olunur. Ümid edirəm ki, qarşıda gələn müddətdə təsdiq olunacaq yeni turizm strategiyasında bütün bu məsələlər öz əksini tapacaq”.
60-a yaxın digər sektorun xidməti yaxşılaşdırılmalıdır
E.Aslanovun sözlərinə görə, təcrübə olaraq Azərbaycan turizmində hansısa ölkənin ənənəsini tam tətbiq etmək doğru deyil. Amma turizmin ayrı-ayrı növləri üzrə müxtəlif ölkələrin təcrübələrindən faydalanmaq olar: “Misal üçün, yay, günəş turizm xidmətləri ilə bağlı qardaş Türkiyənin, sanatoriya, kurort turizm növündə Almaniya və Rusiyanın, qış, ekstrim turizm növlərində Skandinaviya ölkələrinin, eko turizmdə Amerikanın təcrübəsi bizim üçün daha faydalı və maraqlı ola bilər. Turizmin növləri üzrə fərqli ölkələrin təcrübələrini alimlərimiz, mütəxəssislərimiz tədqiq edirlər. Bu baxımdan fərqli nümunələrdən istifadə edilməlidir və edilir də”.
E.Aslanov bildirdi ki, turizm sektorunda yolun ortasındayıq, gediləcək çox yolumuz var: “Xüsusilə sənayenin tam formalaşması, onun bütün tərəf müqabillərinin işləməsi çox vacibdir. Turizm sektoru anlayışına dar mənada yanaşmaq olmaz. Bu sahə ilə birbaşa işləyən təxminən 60-a yaxın digər sektorun (nəqliyyat, bank, sığorta, tibbi xidmətlər, asudə vaxt, mədəni xidmətlərin təşkili, qida və s.) xidmətlərini də əlavə etməklə tam olaraq nəzərdən keçirmək lazımdır. Mənə elə gəlir ki, yaxın bir neçə il bu istiqamətdə daha intensiv işlər görməliyik. Konkret bir rəqəm demək çox çətindir. Metallurgiya sənayesi deyil ki, zavod-fabrik tikib, onu ixrac edəcəyimiz ölkələri müəyyənləşdirib, müqavilə imzalayıb iş aparaq.
Bu daha mürəkkəb və dəyişkən sahədir. O mənada ki regionda olan siyasi vəziyyət, dünyada kütləvi xəstəliklərin yayılması, beynəlxalq dəyərə malik valyutaların məzənnələri və s. amillər dünyada turizm bazarına təsir göstərir. Bizim hesaba qatmadığımız amillər prosesi sürətləndirə, yaxud əksinə ləngidə də bilər. Ona görə də vaxtla bağlı hansısa proqnoz vermək olmur. Bizim dediyimiz fikirlər ən azı orta ssenari üzrə gedərsə, yaxın 10 ildə turizm sənayesinin qurulmasında ciddi nəticələr əldə edə bilərik”.
“Turizm mətbəx cəhətdən zənginliyi sevir”
Millət vəkili Aqil Abbas deyir ki, bu sahədə görülən işləri sürətləndirmək üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılmasına ehtiyac var: “Türkiyə turizmi Turqut Özalın vaxtında 10 il müddətində müəyyən səviyyəyə çatdı. Əsas görülən iş o oldu ki, turizmlə məşğul olanlara faizsiz kredit ayrıldı və onlara 20 ildən sonra borclarını qaytarmaq tələbi qoyuldu. Onlar maliyyəni yatırdılar, turizm sektoru inkişaf etdi. Azərbaycan gənc və müharibə şəraitində olan bir ölkədir. Ölkəmizi Türkiyə ilə müqayisə etmək düzgün deyil. Amma ölkəmizdə turizm inkişaf etməyə başlayıb və turist axını da artmaqdadır. Amma bizdə turizm sektorunda qiymətlər çox bahadır. Dövlətin imkanı daxilində bir az aşağı faizlə kreditlər verilsə və həmin kreditlər ağıllı şəkildə istifadə olunarsa, bu, turizm sənayesinin inkişafına kömək edər”.
A.Abbas deyir ki, xidmət səviyyəsi cəhətdən də Azərbaycan turizmində görüləsi işlər çoxdur: “Regionlarımızda turizm fəaliyyəti göstərən bəzi şirkətlər var ki, çox yaxşı xidmət göstərirlər. Fikir versək görərik ki, onların çoxunda menecer türklərdir. Ofisiantları belə, çox yüksək mədəniyyətə sahibdir. Bu sahə ilə bağlı sistemli iş aparılmalı, xidmət mədəniyyəti formalaşdırılmalıdır. Mən Avropanın da turizm məkanlarında olmuşam, Türkiyənin də. Qardaş ölkənin turizm məkanlarında gördüyüm mədəniyyət, xidmət, mətbəx zənginliyi Avropada yoxdur. Türkiyə təcrübəsini öyrənə bilərik. Turizm mütəxəssislərini Türkiyədən ölkəmizə cəlb edə bilərik. Turizmimiz inkişaf edir, amma bəzi məqamları da nəzərə almalıyıq”.
Millət vəkili deyir ki, turizm mətbəx cəhətdən turizm zənginliyi sevir: “Bizdə menyuda lülə kabab, tikə kabab, basdırma kabab, toyuq kababı, hinduşka kababı və s. olur. Yəni ancaq kabablar. Azərbaycanın zəngin mətbəxi olduğu halda, bu cür menyunun təqdim edilməsi yaxşı hal deyil”.
A.Abbas bildirdi ki, təcrübələri öyrənmək, qiymətlərə dəyişiklik etmək lazımdır: “Otellərin qiymətində müəyyən qədər ucuzlaşmanı artıq görürük. Otel var ki, bir günlük qiyməti 30 manatdır. Hər kəsin cibinə uyğun otel var. Amma digər qiymət və xidmətlərə də diqqət yetirilsə, yaxşı olar”.
Turizmin reklamı güclü olmalıdır
Millət vəkili onu da qeyd etdi ki, əsas məqamlardan biri də turizmlə bağlı reklam işinin düzgün təşkil edilməsidir. Amma bizdə turizm sektorundakı şirkətlər reklama demək olar ki, önəm vermirlər. Bu isə nəticəni istənilən səviyyəyə gətirib çıxarmağa mane olur: “Turizm həm də reklamdır. Avropa Oyunlarında nə qədər turist Azərbaycan mədəniyyəti, mətbəxi, insanları ilə tanış oldu. Bu cür müxtəlif tədbirlər olur. Bu, bizim dünyadakı reklamımızdır. Dünyanın turizm məkanları həm də reklama geniş yer verirlər. Avropalı hansısa bölgəmizin turizm üçün necə əlverişli olduğunu reklamlar sayəsində öyrənə bilər. Biz turizm məkanlarımızın reklamını aparmalıyıq ki, turistləri cəlb edə bilək. Amma təəssüf ki, bizdə turizm sahəsində reklam çox zəifdir. Hətta turizm şirkətlərimiz, otellərimiz yerli qəzetlərimizə belə reklam vermirlər. Azərbaycanda reklamı təkcə şadlıq evləri verir. Televiziyada bir dəfə görünməklə reklam olmur. Adətən efirdə reklam gələndə hamı kanalı dəyişir. Amma qəzet reklamının gücü başqadır. İnsanlar reklamı qəzetdən oxuyurlar. Qəzetdə hansısa yazını axtaranda artıq o reklamı oxumuş olur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər