• cümə, 26 Aprel, 20:36
  • Baku Bakı 22°C

Turizm sahəsinin inkişafını şərtləndirən amillər

15.01.19 18:36 1432
Turizm sahəsinin inkişafını şərtləndirən amillər
Son dövrlər Azərbaycanda iqtisadiyyatın inkişafında qeyri neft sektorunun, xüsusilə də turizmin böyük rolu var. Turizm dünyanın əksər ölkələrində dinamik inkişaf edən sahələrdən biridir. Belə ki, bu inkişaf paralel olaraq digər iqtisadi sahələrə də öz təsirini göstərir. İstər paytaxt Bakıda, istərsə də turizm regionlarında yaradılan infrastruktur ildən-ilə Azərbaycana daha çox turistin gəlməsini şərtləndirir. Digər tərəfdən, il ərzində Azərbaycanda bir neçə beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin keçirilməsi də ölkəmizə turistlərin marağının artmasına səbəb olur. Ölkəmizdə turizmin inkişafını yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanda olan bütün amillərin turizmin sürətli inkişafını şərtləndirdiyini qeyd edib. Prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib. İlham Əliyev bildirib ki, turizm sahəsində gözəl nəticələr var: "Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport. Bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıb. Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görüləcək işlərlə bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradacağıq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir".
Maraqlıdır, turizmin bugünkü inkişafı və gələcək potensialı ilə bağlı mütəxəssislər nə düşünür, bu sahəni hansı işlər görməklə daha da inkişaf etdirmək olar?
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki, hazırda Azərbaycan turizmi inkişaf mərhələsindədir: "Azərbaycan turizminin inkişafında cənab Prezidentin verdiyi sərəncamlar böyük rol oynamışdır. Bu sərəncamlar turizmin inkişafını sürətləndirmiş və bunun nəticəsində turizm infrastrukturu yaradılmışdır. Bu isə yeni otellərin inşasına təkan verdi. Qeyd edim ki, turizmin hazırkı inkişafını daha da sürətləndirmək olar. Bunun üçün yeni turizm növləri işlənib hazırlanmalıdır. Daxili turizmdə dəmir yolu turizminin rolu daha da yüksəkdir. Gələcəkdə Bakı - Qəbələ , Bakı - Qusar dəmir yolu xəttinin açılması daxili turizmin çəkisini daha da artıra bilər. Azərbaycanda turizmin yüksək səviyyədə inkişafı üçün diqqəti insan amilinə, kadr problemlərinə yönəltmək lazımdır. Kadrlar, digər sahələrdə olduğu kimi, turizm sahəsində də lokomotiv rolunu oynayır. Bunun üçün ilk növbədə savadlı kadrlara diqqət yetirmək məqsədəuyğun sayılır. Peşəkar mütəxəssislərə qayğı ilə yanaşmaq lazımdır. Çünki kadrlar çox məsələləri həll edir. Ona görə də, ilk növbədə ekspertlərdən ibarət qrup yaradılmalıdır. Məhz onların səyi nəticəsində turizmin inkişafı üçün yaxın və uzaq gələcəkdə nələr həyata keçirilə biləcəyi yolları hazırlana bilər. Məhz turizm mütəxəssislərinə diqqət və qayğı göstərilərək onların təcrübəsindən faydalanmaq lazımdır. Bundan sonra həmin mütəxəssislər turizmin hansı növlərini və sahələrini inkişaf etdirmək lazım olduğunu ortaya çıxaracaqdır. Beləliklə də, Azərbaycanda perspektivli sahələrin inkişafı üçün plan tutulacaq və marşrutlar tərtib ediləcək. Turizmin növləri müəyyən edildikdən sonra Azərbaycanın hansı regionunda hansı turizm növlərinin inkişaf etdirilməsi məsələsi gündəmə çıxacaq. Məsələn, Qusar və Qəbələdə dağ turizmini daha da inkişaf etdirmək olar. Lənkəran və Xaçmazda isə çimərlik turizminin infrastrukturu yaradıla bilər. Turizm qeyri-neft sektorunun aparıcı sahəsi olduğu üçün ilk yerlərdən birini tutur. Bu isə yeni iş yerləri və yeni obyektlərin inşası deməkdir. Qeyd etdiyim kimi, turizm inkişaf etdikcə yeni kadrlar yetişəcək. Bununla da Azərbaycan Turizm və Menecment Universiteti, Qərb Universiteti, Bakı Dövlət Universiteti və Peşə Məktəblərinin yetişdirdiyi kadrlar da işlə təmin olunacaqlar”.
Turizm üzrə ekspert Müzəffər Ağakərimov 2019-cu ildə xidmət sahəsində keyfiyyətin daha da yüksələcəyini bildirir: "Ölkəmizə 2018-ci ildə 2 milyondan çox turist gəlib. Bu, 2017-ci illə müqayisədə olduqca böyük rəqəmdir. Eyni zamanda yeni turizm növləri yarandı. Düşünürəm ki, gələcəkdə Azərbaycanda həm qatar, həm də dəniz turizm növləri inkişaf edəcək. Hazırda istifadə edilən turizm növləri isə daha yüksək səviyyəyə çatdırılacaq. Onu da qeyd edim ki, ildən-ilə turizm sahəsində çalışanların təcrübəsi artır. Bu sahədə fəaliyyət göstərən otellər, şirkətlər dünya təcrübəsindən istifadə edirlər. Bu da onun göstəricisidir ki, ölkəmizdə bu sahədə fəaliyyətdə olan obyektlərin nəinki kəmiyyəti, həm də keyfiyyət göstəriciləri qalxır. Düşünürəm ki, növbəti ildə turizm mütəxəssislərinin sayı artacaq. Qeyd edim ki, ölkəmizdə inkişaf etməkdə olan sağlamlıq turizmi də bu ildən daha çox turistin cəlb olunmasında böyük rol oynayacaq. Rusiya və Qazaxıstan turistləri bu sahəyə xüsusi önəm verirlər. Ümid edirik ki, bu il turizm şirkətləri keyfiyyət göstəricilərinə daha çox fikir verəcəklər. Çünki bu sahənin inkişafında onların rolu böyükdür. Məsələn, yeni turizm marşrutlarının tərtib edilməsi məqsədəuyğun sayılır. Məsləhət görərdim ki, turizm şirkətləri turistlər arasında sorğu keçirib, bu sorğunun nəticələrinə əsasən xidmətlər təklif etsinlər. Həmçinin son dövrlər qastronomik turizm də qonaqların marağını çəkən turizm növləri arasındadır. Deyərdim ki, Azərbaycan mətbəxi artıq bütün dünyada məşhur olub. Ona görə də, bu turizm sahəsinin inkişaf etdirilməsi ön planda olmalıdır”.
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov qeyd etdi ki, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyi bir dövrdə turizm ölkəmiz üçün ən gəlirli sahələrdən birinə çevrilə bilər. Bunun üçün isə müəyyən işlər görülməli, gələn turistlər üçün güzəştlər edilməlidir: "Əslində, turizm sahəsinə elə də böyük kapital qoyuluşuna ehtiyac yoxdur. Çünki ən böyük kapital ölkənin özüdür. Yəni ölkənin malik olduğu iqlim, təbiət, yerləşdiyi coğrafi ərazi turistləri cəlb etmək baxımından onun ən böyük üstünlüyüdür. Amma biletlərin, otellərin qiymətinin münasib olması artıq ikinci mərhələdir. Turizm elə bir sahədir ki, burada dövlətin dəstəyi olarsa, daha böyük uğur əldə etmək olar. Bu tip güzəştlər turizm sahəsinin inkişafı üçün olduqca önəmlidir. Turistlər səyahət edərkən, onlar üçün ən sərfəli güzəştləri təklif edən ölkələrə daha çox üstünlük verirlər”.

Günel Azadə
banner

Oxşar Xəbərlər