Turizm sahəsində inkişaf dinamikası davam edəcək
"Son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayı 557 min
nəfərdən artıq olub”. Bunu Turizm Şurasının iclasında mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, xarici turistlər əsasən
Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk yerlərdə
Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən
gələnlərdir.
Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan
Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən də söz
açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata
keçirilməsini məqsədəuyğun hesab edib. Bakı Şopinq Festivalına hazırlıqla bağlı
fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata
keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam
etməkdədir. Bundan əlavə, bu gündən etibarən 5 gün müddətində iştirakçılar üçün
Azərbaycan Turizm və Menecment Universitetində treninqlər başlayacaq.
Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment
Universitetinin müəllim heyəti tərəfindən həyata keçirilir. Festivalda 40-a
qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib.
Əbülfəs Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra
beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını
daha da artıracağını deyib. Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə
girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı
"Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib. Bu sərəncama əsasən, turistlər üçün vizaların
verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə
gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin
gedişi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bəs görəsən ilin ilk üç ayı ərizndə ölkəyə gələn tursitlərin sayı
qənaətbəxş hesab oluna bilərmi? Qarşıdakı aylarda bu rəqəmlərdə artım gözlənilirmi?
Suallarımızı ekspertlərə ünvanladıq.
Turizm Assosiasiyası sədrinin müşaviriMüzəffər Ağakərimovdeyir ki,bu ilin ilk üç
ayı ərzində ölkəyə gələn turistlərin sayında ötən illərlə müqayisədə artım var:
"Turistlərin 100 mindən çoxunu İrandan gələnlər təşkil edir. Proqnozlar
göstərir ki, bu rəqəm gələn il daha da artacaq. 2015-ci illə müqayisədə 2016-cı
ildə ölkəyə təqribən 870 mindən çox turist gəlib. Aparılan araşdırmalar
göstərir ki, bu il ötən ilə nisbətən ölkəyə gələn turistlərin sayı çox olacaq.
Çünki otellərin indidən bronlaşdırılması, gələn turistlərin sayı da buna
dəlalət edir. Bu il həm də ölkəmizdə iki beynəlxalq tədbirin keçirilməsi
planlaşdırılır. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları və
Formula-1 yarışları ilə əlaqədar ökəmizə xeyli turist axını gözlənilir.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, sərgilər, festivallar ölkəmizə
gələn tursitlərin sayını ildən-ilə artırır. Turistlər sonradan öz ölkələrində
Azərbaycan haqqında təəssüratlarını paylaşırlar ki, bu da ölkəmiz haqqında canlı
reklamdır”.
Assosiasiya rəsmisi dövlətin bu sahəyə olan
diqqətindən də söz açdı: "Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı
nəticəsində xeyli inkişaf var. Təkcə onu demək kifayətdir ki, 2016-cı ilin
sonlarından və bu ilin əvvəllərindən bu sahənin inkişafına dair xeyli sərəncamlar
imzalanıb. Ən vacib məqamlardan biri də Turizm Şurasının yaradılması məsələsidir.
Turizm Haqqında Strateji Yol Xəritəsində göstərilən tapşırıqlar həyata
keçirilir. Həmçinin prezident bu yaxınlarda turist axınının gücləndirilməsini,
çimərlik turizminin inkişafını nəzərdə tutan sərəncamlar imzalayıb. Yeri gəlmişkən qeyd
edim ki, turizm haqqında qanun da bu yaxınlarda öz təsdiqini tapacaq. Bütün
bunlar ölkədə turizm sahəsinə olan diqqətin göstəriciləridir. Turizm ölkənin
artıq prioritet sahələrindən birinə çevrilib. Statistik rərəmlərə nəzər salsaq,
görərik ki, 5-10 il bundan öncə ölkəyə bu qədər turist gəlmirdi. Amma indi görülən
bütün bu işlərin məntiqi davamı olaraq daxili və gəlmə turizm ölkəyə xeyli
valyuta gətirir. Hesab edirəm ki, bu inkişaf dinamikası gələcəkdə də davam
edəcək”.
"Luna Travel” Turizm Agentliyinin direktoru,
hüquqşünasRəhman Quliyev bizimlə söhbətində bəzi məqamları qeyd etdi:
"Statistik rəqəmlər yalnız ilin ilk üç ayını əks etdirdiyi üçün hesab edirəm
ki, kifayət qədər qənaətbəxş bir rəqəmdir. Üstəlik, nəzərə almaq lazımdır ki,
Novruz bayramı ərəfəsi istisna olmaqla, ilin ilk üçü ayı turistik dövr hesab
olunmur. Əgər yay ayları üçün belə bir rəqəm açıqlansaydı, aşağı göstərici
hesab oluna bilərdi. Qeyri-turistik aylarda ölkəyə bu qədər turistin gəlişi,
əlbəttə, sevindirici haldır. Bu rəqəm həm də çəkilən əziyyətlərin nəticəsi kimi
qiymətləndirilə bilər. Əlbəttə, qarşıdakı aylar ərzində ölkəyə daha çox
turistin gəlişi istisna deyil. Çünki qarşıdan yay ayları gəlir və şübhəsiz ki,
göstəricilər bu aylarda daha da artacaq. Biz bunun üçün bütün səylərimizi
ortaya qoymuşuq. Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla, ölkədki turizm
şirkətləri və bütün aidiyyatı qurumlar müxtəlif vasitələrdən istifadə etməklə
ölkəyə gələn tuistlərin sayını artırmağa çalışır. İndi bütün dünyada bu sahədə
böyük rəqabət var. Dünyada gedən iqtisadi proseslər onu göstərdi ki, təkcə bir
sektorun inkişafı ilə kifayətlənmək olmaz. İqtisadi böhran təkcə enerji
sektoruna bel bağalamağın düzgün olmadığını sübut etdi. Bu həm də alternativ
variantlardan istifadə etməyin nə qədər vacib olduğunu bir göstərdi. Bu
baxımdan da hesab edirəm ki, qeyri-neft sektorunun ən gəlirli sahələrindən biri
məhz turizmdir. Çünki bu sahəyə qoyulan investisiya itmir, əksinə, qat-qat öz
əvəzini gətirir”.
Şəbnəm
Mehdizadə