• cümə, 29 Mart, 14:22
  • Baku Bakı 14°C

Turizm sahəsində ciddi inkişaf gözlənilir

03.09.16 15:20 2933
Turizm sahəsində ciddi inkişaf gözlənilir
Bu günlərdə Prezident İlham Əliyev ölkəmizdə "Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən sentyabrın 27-si Azərbaycanda "Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Bundan əlavə, ölkə başçısı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, ölkəmizdə Turizm Şurası yaradılır. Eyni zamanda sərəncamda turizm sahəsi ilə bağlı bir çox məsələlər öz əksini tapıb. Onlardan biri də beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival”) hər il təşkili işinin aparılması, pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsi ilə bağlıdır. Turizm üzrə araşdırmaçı Əhməd Əlili qəzetimizə açıqlamasında bildirdi ki, ticarət festivalları ölkə daxilində olan məhsulların təbliği və satışının təşkil edilməsi ilə bağlı kifayət qədər tətbiq olunan uğurlu praktikadır: "Sərəncama əsasən deyə bilərəm ki, bu, Azərbaycanda qarşıdakı illər üçün nəzərdə tutulub. Sədərək Ticarət Mərkəzi hazırda Türkiyədən gələn mallarla həm iranlı, həm də Şimali Qafqazdan gələn turistlər üçün kifayət qədər maraqlı olub. Azərbaycanda belə bir ənənə var. Hətta xaricdən gətirilən məhsullar olsa belə, Azərbaycanda ticarət festivalları keçirməklə onların satışını təşkil etmək olar”.
Kiçik şəhərləri birləşdirən reyslər...
Daha bir məsələ rekreasiya zonalarının yaradılması ilə bağlıdır. Sərəncamla müvafiq qurumlara Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016 – 2017-ci illər üzrə fəaliyyət planını hazırlayıb təsdiq etmək və zəruri maliyyələşməni təmin etmək tapşırılır. Ə.Əlili deyir ki, bu zonalar həmin ərazidə turistlər üçün xüsusi şəraitin yaradılması və xüsusi olaraq turistlərin cəlb edilməsi cəhətdən əhəmiyyətlidir: "Bildiyim qədəri ilə Azərbaycanda hazırda rekreasiya zonaları yoxdur. Ölkəmizə gələn turistlərin böyük bir qismi Xızı, Xaçmaz, Quba, Qusar zonalarına gedirlər. Təbii olaraq bizdə bu cür turizm zonaları özü formalaşıb. Yaxın gələcəkdə həmin yerlərdə bu cür zonalar yaradılarsa, oradakı turizm obyektləri üçün müəyyən güzəştli şərtlər tətbiq olunarsa, turizm fəaliyyətinin sürətlənməsi üçün əlavə tədbirlər həyata keçirilərsə, daha çox turisti, xüsusən də yerli turistləri regionlara cəlb edər ki, bu da sözügedən regionların inkişafına töhfəsini verə bilər”.
Ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görülməsi də sərəncamda diqqət yetirilən məsələlərdəndir. Ə.Əlilinin sözlərinə görə, turistlər səyahət edəcəkləri məkana daha rahat və sərfəli qiymətə getməyə önəm verirlər: "Böyük ehtimalla nəzərdə tutulur ki, Rusiyanın ayrı-ayrı zonaları, yaxud da Azərbaycana yaxın olan İran, Türkiyə və digər yerlərin ayrı-ayrı bölgələrindən ölkəmizə səyahətin asanlaşdırılması üçün yeni reyslər yaradılsın. Bakıya deyil, birbaşa turizm məkanlarının özünə, Lənkərana, Qəbələyə, Gəncəyə və s. yerlərə reyslər açıla bilər. Yaxud Rusiyanın ayrı-ayrı kiçik şəhərləri var ki, oradan olan insanlara keçmiş sovet məkanı kimi Azərbaycana səyahət daha maraqlı olar. Moskvadan Bakıya gəlib səyahət etmək onlar üçün qat-qat bahalı olur. O şəhərlərdən birbaşa Lənkərana, Qəbələyə və s. reyslər olarsa, onların bu yerlərə səfər etmək imkanları qat-qat asan olar. Təkcə iri şəhərləri deyil, kiçik şəhərləri də birləşdirən reyslərin olması, həmçinin də səyahət biletlərinin qiymətlərinin aşağı salınması turizmin inkişafında öz rolunu oynamalıdır. Turist cəlb etmək istəyiriksə, yalnız pulu çox olanlar deyil, orta və aşağı səviyyəli turistlərin də maddi imkanları nəzərə alınmalıdır”.
Qumlu sahildən səmərəli istifadə
Sərəncamla müvafiq qurumlara Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılır. Turizm üzrə araşdırmaçı deyir ki, Rusiyadan Azərbaycana turistlər birinci növbədə çimərlik üçün gəlirlər. Ölkəmizdə isə çimərliklərin bir qismi qanunsuz olaraq zəbt olunub. Amma bu çimərliklərdən daha səmərəli istifadə etmək olar: "Rusiyanın əksər regionlarında bu kimi imkanlar yoxdur. Azərbaycanda isə dəniz var. Xüsusilə bizim çimərlik qumludur. Avropada və xüsusilə Qara dəniz sahillərində çimərliklərin böyük qismi qumlu yox, daşlıdır. Qumlu çimərlik isə daha yaxşıdır. Bu məqamları nəzərə alaraq Azərbaycanda Xəzər sahili boyunca çimərliklərdən daha səmərəli istifadə etmək lazımdır”.
Ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması və onların fəaliyyətinin təmin edilməsi də yeniliklər sırasındadır. Ə.Əlili bildirdi ki, bu nümayəndəliklər ölkəmizə turist cəlb edilməsi cəhətdən əhəmiyyətli olacaq: "Azərbaycan azsaylı ölkələrdəndir ki, adı hətta təcrübəli səyahətçilərə belə kənar səslənir. Avropalı turistlər rəngarəng yerləri səyahət etməyə çalışırlar. Hətta onlar belə Azərbaycan adını eşidəndə təəccüblənirlər. Düzdür, son illər keçirilən irimiqyaslı tədbirlər ölkəmizin tanınmasında kifayət qədər rol oynayıb. Amma bəzən rəngarəng istirahət sevən turistləri yüngülcə "itələmək” lazımdır ki, ölkəmizə gəlsinlər. Turizm nümayəndəlikləri də Azərbaycanın adını eşidib, ölkəmizə səyahət etmək istəyənlərə bu imkanı yaradacaq”.

Sərhəddə sürətli keçidin təmin edilməsi...
Eyni zamanda Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulur. Ə.Əlili deyir ki, sərhəd məntəqlərində keçidin rahat olması turistlər üçün önəmli faktorlardandır. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır: "Gürcüstan sərhədini keçəndə biz uzun növbələrə rast gəlmədiyimiz halda öz sərhədimizdə bunu görürük. Bürokratik əngəlləri aradan qaldırmaq lazımdır ki, sərhədi rahatlıqla keçmək mümkün olsun. Nəinki əcnəbilər və vətəndaşlığı olmayanlar, eyni zamanda öz vətəndaşlarımız da xaricə gedib qayıdanda sərhədi rahatlıqla keçə bilsinlər. Ərəb turistlərin axını onu göstərdi ki, ölkəmizdə indiyə kimi turizmin inkişafına mane olan bir nömrəli faktor viza məsələsinin çətin olması idi. Sərhəd-keçid məntəqələrindəki bürokratik və digər əngəllərin aradan qaldırılması, vizalarda sadələşdirmələrin aparılması ümumilikdə turizm sektorunun inkişafına böyük təsir göstərəcək”.
Bundan başqa, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestri və informasiya saytı yaradılacaq. Ə.Əlili deyir ki, Turizm Reyestri turizmlə məşğul olan ayrı-ayrı obyektlərin bir-biri ilə əlaqələrinin düzgün və normal qurulmasına xidmət edən bir sistemdir: "Rusiya və digər ölkələrdə bu formada fəaliyyət göstərirlər. Turizmlə məşğul olan obyektlər bu reyestr vasitəsilə bir-biriylə əlaqə saxlaya, xidmətlərini daha asanlıqla bir-birlərinə təqdim edə bilirlər”.
Regionlarda peşə məktəblərinin yaradılması aqro-turizmi inkişaf etdirəcək
Daha bir yenilik isə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlıdır. Azərbaycan Turizm və Menecment Universitetininrektor əvəzi Eldar Aslanovbizimlə söhbətində bildirdi ki, universitetin nəzdində 2011-ci ildə yaradılan Bakı Turizm Peşə məktəbi il ərzində 500 nəfər qəbul edir ki, bu da yetərli deyil: "Bu əsasən Bakı, Abşeron yarımadası, Sumqayıtın ərazisində olan turizm müəssisələri üçün ilkin peşə etikası dərsi üzrə kadr hazırlayır. Bizim ondan sonrakı planımız ölkəmizin turizm potensialının yüksək olduğu regionlarda öz turizm peşə məktəblərimizi yaratmaq idi. Bununla bağlı müvafiq sənədləri, əsaslandırmaları hazırlamışdıq. Sevinirik ki, ölkə rəhbərinin turizm sahəsində əlavə tədbirlərin görülməsi ilə bağlı verdiyi sərəncamda bu məsələ də nəzərə alınıb. Artıq ötən gün bununla bağlı bizim universitetdə işçi qrupu yaradıldı. Qısa bir müddətdə bu məktəblərin konkret hansı regionlarda, hansı formatda yaradılması ilə bağlı təkliflərimizi hazırlayıb təqdim edəcəyik”.
E.Aslanov deyir ki, ilk növbədə 5 istiqamətdə, Xaçmaz-Qusar, Lənkəran-Astara-Lerik, Qax-Balakən-Zaqatala, Gəncə və imkan olsa, Naxçıvan Muxtar Respublikasında peşə-ixtisas təhsili müəssisələri yaratmağı planlaşdırırlar: "Məqsədimiz xüsusilə böyük turizm potensialı olan, yerli və xarici turistləri cəlb edən regionları ilk növbədə önə gətirməkdir. O məktəblər ilk növbədə öz spesifikliyi ilə seçiləcək. O regionun mətbəxini, ənənələrini, kulinariyasını daha çox öyrənəcəklər. Biz çalışacağıq ki, o bölgələrimizə gələn turistlər həmin bölgəyə məxsus olan qonaqpərvərlik mədəniyyətimizi daha yaxından tanısınlar”.
E.Aslanov deyir ki, ölkəmizdə sovet dövründən qalma 100-dən çox peşə məktəbi və lisey var: "Bəzi mətkəblər var ki, onlarda turizmlə bağlı ixtisaslar var. Amma bu, yetərli deyil. Turizm üzrə ixtisaslaşmış peşə məktəbləri və liseylər şəbəkəsi olmalıdır ki, onların maddi-texniki bazası məhz turizm peşələrini öyrətməyə uyğun olsun. Hazırda bu kimi xüsusiyyətləri özündə cəmləşdirən peşə məktəbləri tapmaq çox çətindir. Turizm, ictimai iaşə sistemi sürətlə inkişaf edir. Hotellərin sayı artır. Ali təhsilli kardları universitet olaraq hazırlayırıq. Amma masa xidmətçiləri, aşpaz, bələdçi və s. işlərdə çatışmazlıqlarımız var idi. Məktəblərin yaradılması bizim o boşluğu doldurmağımıza kömək edəcək. Bu, ya yeni məktəblərin yaradılması, ya da mövcud məktəblərin universitetin balansına verilməsi fonunda ola bilər”.
E.Aslanov bildirdi ki, əsas məqsədlərdən biri regionlarda peşə məktəblərini yaratmaqla aqro-turizmi inkişaf etdirməkdir: "Məqsəd regionlarda olan aqrar sənayenin imkanlarını turizm imkanları ilə birləşdirmək və həm daxili, həm də beynəlxalq turizmə Azərbaycanın kəndlərində, regionlarında olan maddi-mədəniyyət və aqrar-sənaye məhsullarının satışını, istehsalını təşkil etmək, turizmlə aqrar sənayenin ortaq sintezini yaratmaqdır. Dünyada bu təcrübə var. Bu sərəncam bizə yol açır ki, o işi aparaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər