• çərşənbə axşamı, 19 mart, 12:53
  • Baku Bakı 8°C

Turizm potensialının dünya ölkələrinə təqdimatı

20.09.19 18:40 628
Turizm potensialının dünya ölkələrinə təqdimatı
Biznes məqsədilə ölkə xaricinə səyahətləri əhatə edən işgüzar turizm, müasir dövrdə turist axınının əsas istiqamətlərindən biri hesab olunur. Bu perspektivli turizm növünə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər arasında görüşlər, konqres və konfranslar, ticarət və ya elmi-texniki əməkdaşlıq məsələləri üzrə yığıncaqlar, təbliğat-təşviqat tədbirləri, habelə beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakla bağlı səfərlər daxildir.
Son illərdə işgüzar turizm ölkəmizdə də inkişaf etməkdə olan turizm növlərindən biridir. İşgüzar turizmin inkişafının dəstəklənməsi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb.Günümüzdə də bu turizm sahəsinin inkişaf etdirilməsi üçün bir sıra addımlar atılır. Belə ki, 19 sentyabrda Dövlət Turizm Agentliyinin İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib. Agentlikdən verilən məlumata görə, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrup yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək. Görüşdə çıxış edən, işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər, daxili resurslardan doğru şəkildə istifadə, işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq. Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. Alyansın yaradılmasında məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.
Ölkəmizdə turizm sahəsinin kifayət qədər inkişaf etdiyi dövrdə belə bir addımın atılması müsbət haldır. Çünki artıq insanlar bir ölkədən digərinə iş məqsədilə getsə də, oranın turizm potensialı ilə də tanış olur. Bu da ölkənin beynəlxalq aləmdə tanıdılmasına əhəmiyyətli təsir göstərir.
"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev qeyd etdi ki, ölkəmizin bu sahədə olan potensialının xaricdə təbliğ olunması, müxtəlif təkliflərin hazırlanması istiqamətində işlər görülür: "İlk dəfə ölkəmizin beynəlxalq arenada tanıdılması "Əsrin müqaviləsi” ilə baş tutdu. Həmin müqavilənin imzalanması ilə Azərbaycan dünyanın bir çox ölkələri tərəfindən tanındı. Beləcə, ölkəmizə iş adamlarının marağı yarandı. Müəyyən dövrlər investisiyaların qoyulması, biznes mühitində kifayət qədər tanınmış şəxslərin ölkəmizə səfəri turizm sahəsində də irəliləyişlərin əldə edilməsinə zəmin yaratdı. Bu sahəsinin inkişaf etdirilməsi Strateji Yol Xəritəsində qarşıya qoyulmuş məqsədlərdən biridir. Ölkəmizin bu sahədə olan potensialının xaricdə təbliğ olunması, müxtəlif təkliflərin hazırlanması istiqamətində işlər görülür. Həmçinin Bakı şəhərində ticarət festivallarının təşkili də bu işdə böyük rol oynayır. Bu festivalların təşkil edilməsi üçün müəyyən edilmiş hədəf ölkələrdən turistlərin cəlb edilməsi məqsədilə dövlət və özəl sektorun nümayəndələri ilə birgə əməkdaşlıq həyata keçirilir”.
Agentliyin direktoru bildirdi ki, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycanda təhlükəsizliyin təmin olunmasıdır: "Azərbaycan dünya ölkələri üçün siyasi sabitliyin hökm sürdüyü, təhlükəsizliyin mövcud olduğu bir yerdir. Ona görə, konqreslərin, biznes forumların, beynəlxalq yarışların burada keçirilməsinə daha çox üstünlük verirlər. Məsələn, bu tədbirlər nə üçün İraqda, Suriyada, Əfqanıstanda keçirilmir? Çünki həmin ölkələr təhlükəsizlik baxımında güvənli deyil. Amma bizim ölkəmizdə şükürlər olsun ki, belə bir problem yoxdur. Həmçinin iqlim şəraitimiz, coğrafi mövqeyimiz belə tədbirlərin ölkəmizdə keçirilməsi üçün çox uyğundur”.

"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovun sözlərinə görə, beynəlxalq bir tədbirin, istər biznes forum, istər idman yarışı olsun, ölkəmizdə keçirilməsi imic baxımından olduqca əhəmiyyətlidir: "Eyni zamanda bunun turizm baxımından da böyük üstünlüyü var. Belə ki, müxtəlif səbəblərdən ölkəmizə səfər edən şəxs mütləq oteldə qalmalı, bilet almalıdır, həmçinin milli mətbəxin dadına baxanlar da olur. Bütün bunlar turizmin ayrı-ayrı sektorlarının inkişafına təsir göstərir. Ən vacibi, ölkəmizin dünya arenasında tanıdılmasında bunun böyük rolu var. İşgüzar tədbirlərin ölkəmizdə keçirildiyi zaman xarici mətbuat orqanları da tədbirin işıqlandırılması zamanı Azərbaycan haqqında müxtəlif məlumatlar verir. Bu da insanlarda ölkəmizə maraq yaradır, Azərbaycana səfər etmək istəyirlər. Beləcə, ölkəmiz, turizm potensialımız tanıdılmış olur”.

Günel Azadə
banner

Oxşar Xəbərlər