• cümə, 19 Aprel, 19:01
  • Baku Bakı 24°C

Turizm obyektlərinin, idman mərkəzlərinin özəlləşdirilməsinin hansı faydaları olacaq?

26.11.16 10:17 2715
Turizm obyektlərinin, idman mərkəzlərinin  özəlləşdirilməsinin hansı faydaları olacaq?
Əmlak Məsələləri Dövlət Komitəsi daha bir neçə dövlət müəssisəsini özəlləşdirməyə çıxarıb. Belə ki, qurumdanverilən məlumata görə, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, "Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda "Dalğa”, Xaçmazda "Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə "Qubek Otel”, Qusarda "Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbedici dövlət əmlakları var. Bildirilir ki, belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyük həcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək. Nəhayət, yeni müəssisələrin özəlləşdirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaq. Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılmasıdeməkdir.

Bəs görəsən bu özəlləşdirilmə ölkə iqtisadiyyatına hansı müsbət keyfiyyətləri qazandıracaq? Bu barədə ekspertlərin fikirlərini öyrəndik.
"Bu, Azərbaycan iqtisadiyyatı üçün xüsusən tələb olunan bir amildir”

İq­ti­sa­diy­yat Na­zir­li­yi İq­ti­sa­di İs­la­hat­lar El­mi-Təd­qi­qat İnsti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si Pər­viz Hey­də­rov qəzetimizə açıqlamasında bildirdi ki, özəlləşdirmə iqtisadiyyat üçün idarəetməni təkmilləşdirmək, keyfiyyəti artırmaq, investisiya cəlb etmək və bütün bunların müqabilində də artıma nail olmaq baxımından həmişə vacibdir: "Hesab edirəm ki, real şəraitdə bu, Azərbaycan iqtisadiyyatı üçün xüsusən tələb olunan bir amildir. Məlumdur ki, bu məsələni ilk dəfə cari ilin yanvar ayında dövlət başçısı qaldırdı. Prezident 3-cü özəlləşdirməyə də böyük ehtiyac olduğunu vurğuladı. Ölkədə bundan əlavə iki özəlləşdirmə həyata keçirilmiş olsa da, dövlətin iqtisadiyyatın müxtəlif sektorlarında geri çəkilməli olduğu sahələr çoxdur. Ümumiyyətlə, bu haqda şərhlərimdə də yazmışam ki, iqtisadiyyatın inkişafında özəlləşdirmənin böyük rolu var. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün çərçivədə minimum səviyyə təşkil etməli və onun əsas funksiyası yalnız, tənzimləyici xarakterli olmalıdır. Bu funksiyanı yerinə yetirmək üçün isə kifayət qədər vasitələr vardır. Məsələn, bunlardan biri və ən mühümü məlum olduğu kimi fiskal siyasətidir. Fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunan mexanizm sayılır”.

P.Heydərov deyir ki, ölkəmizdə bu gün istehsal olunan ümumi daxili məhsulda özəl sektorun payı çoxdan 80 %-dən çoxdur. Bununla belə, dövlət iqtisadiyyatdan tam olaraq "əlini çəkmiş" sayılmır: "Belə ki, yenə də təsərrüfat fəaliyyətinin yekunlarına görə, bilavasitə dövlətin məsuliyyət daşıdığı müəssisə və subyektlər vardır. Dövlətin kredit və sair öhdəliklərinə sonda cavabdeh olmaq məcburiyyəti qarşısında qaldığı subyektlər mövcuddur. Bu isə, olduqca təəssüf doğuran haldır. Ümumiyyətlə, dövlət büdcəsindən subsidiyalaşmaya və dotasiya elementlərinə son qoyulmasa, iqtisadiyyatı hər tərəfli şəkildə inkişaf etdirmək əsla mümkün deyil. Yenə də qeyd etmək istərdim ki, Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta, bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhrandan yaxa qurtarmaq üçün də özəlləşdirmə istifadə olunması vacib sayılan ən mühüm vasitələrdən biri sayılır. Özəlləşdirmə həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəmələr probleminin birdəfəlik həlli üçün də çıxış yolu hesab edilir. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf modelinə dair müvafiq mexanizmin yaradılması işində bir növ əsas elementlərdən birini təşkil edir”.
"Bu proses iqtisadi sistemin sağlamlaşdırılmasına imkan verir”

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, özəlləşdirmənin genişləndirilməsi vacibdir: "Nəticə etibarı ilə bu proses iqtisadi sistemin sağlamlaşdırılmasına imkan verir. Həmçinin özəlləşdirmə daha çevik idarəetmə sisteminin yaradılmasına şərait yaradır. Özəlləşdirmə zamanı həm də büdcə vəsaitlərinə qənaət edilir. Digər müəssisələr özəlləşdirilərsə, həm də investisiyaya cəlb etmək mümkün olacaq. Bunun sayəsində həmçinin xidmətlərdə şəffaflığın və səmərəliliyin artırılmasına da nail olunacaq. Ona görə də biz bu prosesin genişləndirilməsində maraqlıyıq. Mənim hazırladığım təkliflər planında həm yeni vəsaitlərin, həm də yeni investisiyaların cəlb edilməsi baxımından özəlləşdirilmə əsas mənbələrdən biri kimi qeyd olunur”.
İqtisadçı bəzi məqamlara da diqqət çəkdi: "Özəlləşdirilən obyektlərin siyahısına diqqət yetirsək, burada həm sosial, həm də turizm obyektləri olduğunu görə bilərik. Xidmət sektoruna aid edilən obyektlərin özəlləşdirilməsi bir tərəfdən həmin sektora vəsaitlərin cəlb olunmasına imkan yaradacaq, digər tərəfdən isə xidmətlərin keyfiyyət və səmərəliliyini artıracaq. Bir şeyi qeyd etmək lazımdır ki, turizm sektorunda dövlət müəssisələri xidmət baxımından keyfiyyətli müəssisələr kimi qiymətləndirilmir. Xüsusən də turizm və digər sektorların praktik olaraq özəl şirkətlər kimi fəaliyyət göstərmələri daha məqsədəuyğundur. Düşünürəm ki, özəlləşdirmə prosesi birmənalı şəkildə sözügedən sektorların sağlamlaşdırılması, inkişafı baxımından xeyli vacibdir. Əmlak Məsələləri Dövlət Komitəsi də çalışmalıdır ki, prosesdə bütün maraqlı tərəflərin və sahibkarların iştirakını təmin edə bilsin. Müəssisələr şəffaf şəkildə özəlləşdirilərsə, yeni investisiya cəlb etmək daha da sadələşər. Fikrimcə komitənin əsas prioriteti məhz bu olmalıdır. Monitorinqlər göstərir ki, özəl turizm dövlət turizmləri ilə müqayisədə daha yaxşı və keyfiyyətli xidmətlər təklif edir. Düşünürəm ki, özəlləşdirmə bu sektorun inkişafı baxımından xüsusilə vacibdir”.
"Bu əlavə xidmətlərin göstərilməsi deməkdir”
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdövlət əmlakının özəlləşdirilməsinin ilk növbədə özəlləşən əmlakın daha səmərəli fəaliyyəti üçün yaxşı başlanğıc olduğunu vurğuladı: "Bunu dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də dəfələrlə sübut edib. Digər tərəfdən, əmlakın özəlləşməsi indiki maliyyə çətinliyi şəraitində ölkənin xəzinəsinə kifayət qədər vəsaitlərin daxil olması demək olacaqdır. Bu gün dövlət və özəl müəssisələrin çalışmasındakı fərqi adi vətəndaş da çox asanlıqla görə bilir. Müəssisə özəlləşdikdən sonra onu alan investor müəssisənin imkanlarından maksimum istifadə etməkdə və onu tam gücü ilə işlətməkdə maraqlı olur. Belə olduqda bu əlavə xidmətlərin göstərilməsi, əlavə məhsul istehsalı, əlavə iş yerlərinin açılması və nəhayət büdcəyə əlavə vəsaitlərin daxil olması deməkdir. bu mənada özəlləşmə Azərbaycan iqtisadiyyatına müsbət töhfələr vedəcəkdir”.

Şəbnəm

banner

Oxşar Xəbərlər