• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

Turizm obyektləri vergidən azad edilə bilərmi?

19.05.16 12:52 2742
Turizm obyektləri vergidən azad edilə bilərmi?
Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər. "Trend”in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda mətbuat konfransında deyib. S.Ələkbərov bildirib ki, sözügedən məsələ Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil, əgər bu, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar. Onun sözlərinə görə, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır ki, ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsinlər: "Bu addım atılsa, ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaların artmasına gətirib çıxarmalıdır".
Qeyd edək ki, son illər turizmin inkişafı mühüm prioritet istiqamətlərdən bir hesab olunur. Azərbaycanda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir standartlara cavab verən infrastrukturun yaradılması üçün müxtəlif addımlar atılır. Turizmin inkişafı həm də ölkəmizin beynəlxalq miqyasda tanınmasında və Azərbaycanın müsbət imicinin formalaşmasında çox mühüm rol oynayır. Məlumat üçün qeyd edək ki, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5 faiz artacağı proqnozlaşdırılır. Bəs turizm obyektlərinin vergidən azad olunması fikri nə dərəcədə real görünür? Bunun ölkəmizdə turizmin inkişafı baxımından hansı faydaları ola bilər və əhəmiyyəti nədən ibarətdir? Dünya təcrübəsində də belə bir hal varmı?
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov "Kaspi”yə açıqlamasında bildirdi ki, sözügedən məsələ öz təsdiqini taparsa, bu, Azərbaycanda turizmin inkişafına böyük dəstək olacaq. Müsahibimizin fikrinə görə, bu həm də Azərbaycanın regionda bu sahədə üstünlüyünü artırmış olacaq: "Əgər bu məsələ qanunvericilikdə öz təsdiqini taparsa, Azərbaycan turizmi Cənubi Qafqazda rəqabətdə qalib gələr. Çünki turizm obyektlərindən alınan vergi ləğv edilərsə, bu, Azərbaycanda olan hotellərin qiymətinin ucuzlaşmasına səbəb olacaq. Həmçinin bu addım hotel seçimlərinin artmasına da gətirib çıxaracaq. Hotellərin qiymətinin ucuz olması isə imkan verəcək ki, ölkəyə gələn turistlərin sayı artsın. Belə ki, regiona gəlməzdən əvvəl turist burada olan mövcud hotellərin qiymətinə fikir verir. Təbii ki, onun üçün hər şeydən əvvəl qalacağı hotelin qiymətinin əlverişli olması vacibdir. Bu isə Gürcüstan və Ermənistan turizmi ilə müqayisədə Azərbaycanın bu sahədə liderliyinə və rəqabətdə qalib gəlməsinə səbəb olacaq”.
N.Bağırov həmçinin bildirdi ki, güzəştlərdən sui-istifadə hallarının qarşısını almaq üçün turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq əslində çox düzgündür: "Ölkə turizminə dəstəyin dövlət tərəfindən olması çox müsbət haldır. Təbii ki, bu məsələyə çox ciddi şəkildə yanaşmaq və ehtiyatlı davranmaq lazımdır. Bu gün bu təcrübə dünya praktikasında özünü doğruldub. Misal olaraq, elə yaxın qonşu Türkiyəni misal göstərmək olar. Türkiyə turizminin inkişafına təkan olan ən böyük amillərdən biri də turizm obyektlərinin vergidən azad edilməsi olub. Bunun üçün bizim kifayət qədər geniş potensialımız var. Bu gün ölkəyə kifayət qədər turist gəlir. Bu isə bir daha onu sübut edir ki, bu məsələnin reallaşması aktual məsələlərdən biridir”.
İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında qeyd etdi ki, qeyri-neft sektorunun ən mühüm sahələrindən biri də turizmdir. Mövcud iqtisadi vəziyyətdə turizmin inkişafına dövlət dəstəyinin göstərilməsi çox mühümdür: "Ölkədə qeyri-neft sektorunun inkişafı hazırda prioritet təşkil edir. Turizm isə onun mühüm bir tərkib hissəsi sayılır. Bütövlükdə qeyri-neft sektorunun inkişafı konkret olaraq hansı addımlar atmaq lazım gəldiyini tələb edirsə, bu, onun bütün seqmentlərinə və sahələrinə də aid edilməlidir”.
P.Heydərov qeyd etdi ki, turizm obyektlərinin vergidən azad edilməsi xidmət keyfiyyətlərinin də artmasına səbəb olar: "Eyni zamanda qeyd etməliyəm ki, sözügedən addımların əsasını ilk növbədə stimullaşdırıcı tədbirlər təşkil edir. Turizmin də inkişafı üçün belə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Lakin bu tədbirləri həyata keçirərkən əvvəlcədən mühüm nüanslar nəzərə alınmalı və yaxşı düşünülmüş şəkildə həyata keçirilməlidir. Turizm obyektlərinin vergidən azad olunması, hesab edirəm ki, təkcə qiymətlərin aşağı düşməsi ilə nəticələnməməlidir. Bu addım eyni zamanda ölkədə turizm sahəsində xidmət keyfiyyətinin artmasına da gətirib çıxarmalıdır. Odur ki, fikrimcə, vergilər nazirinin müavini Sahib Ələkbərovun da qeyd etdiyi kimi, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər