• cümə axşamı, 25 aprel, 10:18
  • Baku Bakı 14°C

Turizm mövsümünə hazırıqmı?

31.05.13 09:25 1753
Turizm mövsümünə hazırıqmı?
Turizm mövsümü başlamaq üzrədir. Artıq bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilən bu sahəyə Azərbaycanda da dövlət səviyyəsində diqqət və həyata keçirilən siyasət yüksək nəticələrə zəmin yaradır. Ötən il respublikamıza 2 milyon turistin gəlməsi turizmdə inkişafın göstəricisi hesab oluna bilər. Qeyd edək ki, hazırda respublikamızda 500-dən çox mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə 32 minə yaxın yataq yeri var. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 230-a çatıb.
Artıq ölkənin bəzi ərazilərində yay turizm mövsümünə start verilib. Belə bir ərəfədə turizm sahəsində görülən işlər və hazırkı vəziyyət diqqətçəkəndir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın Azərbaycandakı proqram koordinatorluğu ilə birgə regionlarda mehmanxana əməkdaşları üçün tədris kursları təşkil edilib. “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməlik” və “Masa xidməti” ixtisasları üzrə reallaşdırılacaq kurslara bu günlərdə start verilib. Türkiyədən gəlmiş peşəkar mehmanxana mütəxəssisləri tərəfindən aparılacaq kurslar şimal regionu üzrə İsmayıllıda, cənub regionu üzrə Lənkəranda baş tutacaq və iyunun ortalarına qədər davam edəcək.
Həmçinin hər il nazirlik tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər aparılır. Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin və Azərbaycan Turizm Assosiasiyasının əməkdaşları tərəfindən həyata keçirilən monitorinqin məqsədi yay turizm mövsümünün başlaması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması, göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir. Bu il monitorinqlərin iyunun ortalarından başlanması nəzərdə tutulur.
Azərbaycan Turizm Assosiasiyası da mövsümdən əvvəl həm yerli bazarda, həm də xaricə turizm səfərləri ilə bağlı monitorinqlərə başlayıb. Qurumun idarə heyətinin sədri Nahid Bağırovun verdiyi açıqlamaya görə, Qəbələ, Quba və Qusarda yerləşən hotel və istirahət mərkəzlərində müvafiq monitorinqlər aparılıb. Növbəti monitorinqlər cənub bölgəsini (Lənkəran, Astara, Masallı) əhatə edəcək.
Monitorinqlər zamanı qiymətlərə və xidmətin keyfiyyətinə ciddi nəzarət edilir.
Qiymətlərdə elə bir dəyişiklik olmadığını deyən assosiasiya sədri bildirib ki, xidmətin keyfiyyəti ilə bağlı problemlər tədricən həllini tapır.
Xaricə turist səfərlərinə gəlincə, AZTA əməkdaşları müxtəlif turizm şirkətlərində turistlərə göstərilən xidmət, qiymət siyasəti ilə tanış olurlar: “Xaricə səfər edənlər bu məsələdə ehtiyatlı olmalı, müraciət etdikləri turizm şirkətlərinin rəsmi lisenziyasının olub-olmadığı ilə maraqlanmalıdırlar”.
Keçirilən montorinqlərin nəticələri göstərir ki, Türkiyədəki hotellərin qiymətləri bahalaşmadığı üçün təklif edilən paketlərin də qiyməti artmayıb. Belə ki, ötən illə müqayisədə bu il nə biletlərin, nə də hotellərin qiyməti artıb. Əksər xarici ölkələrin vətəndaşları 4-5 ay əvvəldən istirahət etmək istədikləri ölkənin hotelində yer rezervasiya edirlər. Təbii ki, bu zaman qiymətlər də ucuz olur. N.Bağırov qeyd edib ki, Azərbaycanda bu təcrübə hələ geniş yayılmayıb. İstirahət üçün seçimlərini yayın ortasında edirlər. Bu da baha başa gəlir: “Yayda Türkiyədə dincəlmək istəyənlər mayın 1-dək yerləri bronlaşdırsaydı, hotellər 20-30 faiz endirim edərdilər. Vətəndaşlar yerləri nə qədər gec bronlaşdırırlarsa, paketlərin qiyməti də bir o qədər baha olur. Qeyd edək ki, mayın 31-dək Türkiyə istiqamətində paketlərə hotellər tərəfindən endirimlər tətbiq olunur”.
Azərbaycanda potensialı olmayan yeganə turizm növü...
“Azərbaycanda potensialı olmayan yeganə turizm növü kosmik turizmdir”. Bunu Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov deyir. Onun sözlərinə görə, ənəvi turizm növlərinin hər biri üçün ölkədə potensial var və bu da turizm sahəsinin inkişafı üçün baçşlıca amildir: “Bundan başqa, potensialımız olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq hərbi turizm inkişaf etməyib. Məsələn, Rusiyada bu turizm növü geniş inkişaf edib. Ənənəvi turizm növlərinin demək olar ki, hamısı üçün Azərbaycanda potensial var”.
Ekspert qeyd edir ki, turizmin inkişaf etdirilməsi üçün Azərbaycanın potensialı çox böyükdür: “Sadəcə olaraq, biz bu potensialı hələ lazımi səviyyədə turizm məhsuluna çevirə bilməmişik. Düzdür, Azərbaycanda turizmin tarixi kökləri var, ta qədim zamanlardan Azərbaycan səyyahların, elm adamlarının, səyahətsevərlərin marağında olan bir yer olub, sovet dönəmində turizmin maddi-texniki bazasının formalaşması yönündə iş görülüb. Amma sovet turizmi ilə bugünkü turizmin arasında fərq var. Sovet zamanı turizm bir biznes sahəsi kimi nəzərdə tutulmurdu. Hələ ötən əsrin 80-ci illərində Azərbaycanda atçılıq turizminin inkişafı gündəmdə idi. Bu gün bu potensialdan hələ lazımı səviyyədə istifadə edə bilmirik. Dediyim ondan ibarətdir ki, Azərbaycan turizmi 1970-80-ci illərdə formalaşsa da, təəssüflər olsun ki, turizmin inkişafına dair 2002-2005-ci illəri əhatə edən birinci, 2010-2014-cü illəri əhatə edən ikinci dövlət proqramı qəbul olunsa da, biz həm ölkə vətəndaşları üçün bu imkanı yarada biləcək, həm də xaricdən daha çox turist cəlb edəcək turizm məhsulu yarada bilmirik. Məsələn, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramımızı turizm məhsuluna çevirib müxtəlif ölkələrdəki kimi kütləvi bayram turizmi yarada bilməmişik. Göyçayda nar bayramını turizm məhsuluna çevirməyimiz mümkün olmayıb. Bu kimi digər istiqamətlərdə həm təbii, həm tarixi-memarlıq, adət-ənənə, folklor potensialımız hədsiz dərəcədədir”.
B.Bilalov təəssüflə bildirir ki, iş adamları qoyduqları sərmayəni bir-iki ilin içində qaytarmağa çalışırlar: “Bu, mümkün olmayan bir şeydir. Uzunmüddətli strateji plan, menecment təfəkkürü olmalıdır ki, necə edim, qiymət aşağı olsun, gələnlərin sayı çoxalsın, mənim istirahət mərkəzimə insanlar bütün il ərzində gəlsinlər. Amma qiymətlərin baha olması səbəbindən bizim öz vətəndaşlarımız gedir qonşu ölkələrə. Halbuki yay istirahətini yüksək səviyyədə təşkil etmək üçün Gürcüstandan da, Türkiyədən də böyük potensialımız var.
Azərbaycanda ekoturizmin, kənd turizminin inkişafı üçün də işlər görməyin vaxtıdır. Mən qış turizmindən çox danışmaq istəmirəm, bilirsiniz ki, dövlətin bu istiqamətdə siyasəti var və şəxsən ölkə prezidentinin təşəbbüsü ilə bölgənin ən iri komplekslərindən biri olacaq “Şahdağ” qış-yay turizm kompleksi inşa olunur. Hesab edirəm ki, bu kompleksin inşasından sonra qış turizminə yararlı digər bölgələrdə də belələri yaradılacaq. Bu, zərurətdən doğan bir məsələdir.
Dünyanın ən inkişaf etmiş 10 ölkəsindən olan qonşu Türkiyə mövsüm amilini aradan qaldırmaq üçün müxtəlif turizm növlərinin inkişafında maraqlıdır. Məsələn, mədəni turizm, hansı ki, onun üçün heç bir mövsümə ehtiyac yoxdur. Deməli, Azərbaycanda da bu işə diqqət artırmaq lazımdır. Mövsümi amilləri zəiflədəcək növbəti istiqamət biznes turizminin bir qolu olan konqres turizmidir. Bizim istirahət mərkəzləri öz işlərini bu istiqamətdə qurmalıdırlar. Amma təəssüflər olsun ki, bu mərkəzlər sentyabrın 15-dən sonra işçilərinin bir hissəsini ixtisar edib işlərini həftəsonu gələn qonaqlar üzərində qururlar. Belə formada turizmi inkişaf etdirmək mümkün deyil”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər