• cümə axşamı, 28 mart, 19:32
  • Baku Bakı 13°C

Turizm ölkəsi kimi tanınmaq üçün nə etməli?

14.08.13 09:18 2396
Turizm ölkəsi kimi tanınmaq üçün nə etməli?
Ölkəmizdə turizm mövsümünün qurtarmasına az qalıb. Amma bu mövsüm ərzində bu sahədə hansısa irəliləyişin əldə olunduğunu deyə bilmərik. Rayonlara səfərlərimiz zamanı da bunu müşahidə etmək çətin deyil. Bu sahədə uğur əldə etmək, uzağa getməyək, qonşu Türkiyədə, Gürcüstanda olduğu kimi turist qəbul etmək, turizm ölkəsi kimi tanınmaq üçün nə etməliyik?
Turizm simvolu yaratmalıyıq
PR üzrə mütəxəssis Vüqar Baba bizimlə söhbətində bildirdi ki, ilk növbədə Azərbaycan turizm sahəsində imic yaratmalıdır: “Turizmə diqqət ayıran ölkələr bu sahədə özlərinin imiclərini yaradırlar. İllərlə həmin imici formalaşdırmaq üçün mütəmadi PR işləri aparılır. Turistlərin səfər etdikləri ölkələri hansı kriteryalarına görə seçdikləri də göz önünə alınır. Məsələn, turist “Türkiyə” deyəndə gözünün önündə Aralıq dənizi sahillərində 5 ulduzlu hotelləri, çimərlikləri və İstanbuldakı tarixi abidələri canlandırır. “İtaliya” sözü Kolizey, Pizza qülləsi kimi tarixi məkanlarla kommunikasiya olunur. Çexiya dünyada ilk universiteti, Karl körpüsü, Bürclü saat binası ilə turistləri cəlb edir, yaxud Fransaya gedib Eyfel qülləsində olmaq çoxlarının arzusudur. Turistlər İspaniyaya daha çox öküz yarışlarına, Brazilyaya Rio karnavalına tamaşa etmək üçün gedirlər. Bir sözlə, gördüyümüz kimi, turist cəlb etmək istəyən ölkələr özünün simvolunu, dəyərini yaradır”.
“Odlar yurdu” - “Land of Fire”
V.Baba hesab edir ki, Azərbaycanın da bu dəyərləri yaratmaq üçün imkanları var: “Ölkənin turizm potensialı genişdir və bu potensialın üzərində dayanmadan işləmək lazımdır. Ölkəmiz üçün “Odlar yurdu” (“Land of Fire”-L.M) sloqanı seçilib və Azərbaycan bu sloqanla tanıdılmağa çalışılır. Bu, çox gözəl ideyadır. Ölkəmizin tanıdılması üçün digər alternativlər də var. Məsələn, nar dünyanın az ölkəsində yetişir, amma çox ölkəsində sevilir. Ölkəmizdə narın çox yetişdiyini nəzərə alaraq bu meyvə ilə də Azərbaycanı tanıda bilərik. Azərbaycanı narın yetişdiyi ölkə, narın ən dadlı olduğu ölkə kimi kommunikasiya edə bilərik. Yaxud müalicəvi Naftalan nefti də turist üçün cəlbedici vasitə olar. Onsuz da neft ölkəsi kimi tanınırıq. Bu imicimizdən istifadə edib turistlərə “bizdə hətta müalicəvi neft də çıxır” mesajını verə və qəbul etdirə bilərik”.
Ov turizmi ilə tanına bilərik
Qafqazın ov turizmi ilə maraqlananlar üçün həmişə cəlbedici olduğunu xatırladan müsahibimiz sözügedən turizmin bahalı turizm olduğunu dedi. Bildirdi ki, bu istiqamətdə yaxşı PR fəaliyyəti aparsaq, “Qafqaz dağları”, “ovçuluq” deyəndə insanların ağlına ilk gələn ölkə Azərbaycan ola bilər.
V.Baba Naxçıvan Muxtar Respublikasının da turizm üçün əlverişli yer olduğunu dedi: “İlk olaraq Naxçıvanın Nuh peyğəmbərlə əlaqələrinin üzərində durmaq olar. Nuh peyğəmbərin gəmisinin Naxçıvan dağlarında dayandığı deyilir, peyğəmbərin özünün orada türbəsi var. Əfsanələrdən, hekayələrdən bolluca istifadə edərək bu bölgəyə də xeyli turist çəkmək olar. Naxçıvandakı Duz dağı da ayrıca bir turistik məkandır. Müalicəvi turizm üçün ən əlverişli yerlərdəndir”.
V.Babanın fikrincə, Azərbaycanın sözügedən turizm növlərindən biri ilə tanınması daha yaxşı olar: “İnsanların beyinlərinə qarışıqlıq yaranmaması və Azərbaycanı tez ağılda saxlaya bilmələri üçün yalnız bir xətt üzrə PR-ın aparılması daha yaxşı nəticə verə bilər. Turizm Nazirliyi bu imici yaratmazdan əvvəl ölkə daxilində vətəndaşlar arasında sorğu da keçirə bilər ki, ölkənin öz vətəndaşları Azərbaycanın dünyada necə tanınmasını istəyir. Əhalini bu tip sorğularda iştiraka cəlb etməklə turizmə dəstək vermələrinə həvəsləndirmək olar”.
Turisti cibimizə girən pul kimi görməliyik
V.Babanın fikrincə, işin vacib tərəflərindən əsası turisti razı salmaqdır: “Razı qalan turist ölkəmizə nəinki bir neçə dəfə gələcək, hətta ölkəsinə döndükdə Azərbaycan barədə yaxınlarına da məlumat verəcək. Bu zaman təbii yolla PR Azərbaycanın xeyrinə işləyəcək. Amma narazı qalsa hər şey əksinə olur. Müşahidələrimə görə, hələlik ikinci hal daha çox yaşanır. Bunun da əsas səbəbi xidmət mədəniyyətimizin aşağı səviyyədə olmasıdır. Ölkə əhalisinin turistə olan münasibəti də həlledicidir. Təəssüflər olsun ki, insanlarımız turistlərlə çox da yaxşı davranmırlar. Türkiyədə turizm ölkə iqtisadiyyatının əsas hədəfi kimi müəyyən olunduqda, bu məsələyə xüsusi diqqət ayrıldı. 1980-ci illərdə dövlət öz vətəndaşları arasında turistə qarşı simpatiya təbliğatı aparmağa başladı. Türkiyədə bu gün də hər bir türk turistə bərəkət kimi baxır. Ölkəsinin rifahının, inkişafının o turistə borclu olduğunu bilir. Dərk edir ki, Türkiyəyə hər gələn turist onun cibinə maaş olaraq girir. Buna görə də turistinə hörmət və sevgi ilə yanaşır. Bizdə də turizmin inkişafı üçün eyni bu siyasəti aparmaq vacib şərtlərdən biridir”.
Xəzərin çirkini görən ikinci dəfə buraya gəlməz
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanda turizmi inkişaf etdirmək üçün ilk növbədə infrastrukturu daha da təkmilləşdirmək lazımdır: “Bundan başqa, xidmətin keyfiyyətini və sayını artırmaq lazımdır. Turistləri Xəzər dənizinə cəlb etmək üçün onun təmizliyinə fikir vermək lazımdır. Çünki bir dəfə Xəzər dənizinə gələn dənizdəki çirki görüb ikinci dəfə gəlməz. Kadr məsələsinə xüsusi ilə diqqətlə yanaşmaq lazımdır. Hazırda kadr yetişdirilməsi sahəsində biganəlik var. İllərdir kadrların hazırlığında problem olduğu deyilsə də, heç bir iş görülməyib. Müxtəlif tədris müəssisələri kadr hazırlığı məsələləri yönündə fəaliyyət göstərsə də, keyfiyyət istənilən səviyyədə deyil. Kadr məsələsi ilk növbədədir. Kadrlar bizim turistlərə göstərmiş olduğumuz xidmətin və bizim turizmin simasıdır. Menecmentliyi, idarə formalarını təkmilləşdirmək, bu sahədə xüsusi kurslar açmaq lazımdır. Bizdə xüsusi kurslara önəm verilmir. Peşə məktəblərində, ali məktəblərdə sahibkarların maliyyəsi hesabına turizmin bütün sahələri üzrə qısa müddətli turagent, barmen, xadimə, ofisiant, inzibatçı, menecerlər üçün xüsusi pullu kurslar açılmalıdır”.
“Gözümüzün qabağındakı bazarı görmürük”
M.Ağakərimov bildirdi ki, dünyada turizm sahəsində tanınmaq üçün reklama ehtiyacımız var: “Amma bir şərtlə ki, reklam xidmətlə uyğun olmalı, reallığı əks etdirməlidir. İlk növbədə MDB ölkələrində reklam aparılmalı, həmin ölkələrlə sıx turizm əlaqələri qurmalıyıq. Təəssüflər olsun ki, biz daha çox Türkiyə, Fransa, İspaniya, Asiya ölkələrindən turist cəlb etməyə çalışırıq. Amma MDB ölkələri, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Ukrayna, Moldova Azərbaycan üçün böyük bir bazardır. Bu bazarı cəlb etmək üçün böyük işlər görmək, turizm sərgiləri təşkil etmək lazımdır. Biz turizm sərgilərini əsasən Berlin, Moskva, Londonda keçiririk. Etiraz etmirəm, bu ölkələrdə də olsun, amma bu cür turizm sərgilərini Orta Asiyada - Daşkənddə, Astanada, Aktau şəhərində edək. Məsələn, Aktau şəhərində on minlərlə azərbaycanlı yaşadığından bu şəhər bizim üçün potensial bazardır. Təəssüflər olsun ki, yaxın qonşuları qoyub, turistləri ölkəmizdən on min kilometrlərlə uzaqlarında axtarırıq. Gözümüzün qabağında olan bazarı görmürük, Alyaskada, Havay adalarında turist axtarırıq”.
Mütəxəssisin fikrincə, il ərzində Azərbaycana gələn turistlərin sayını artırmaq üçün potensialımız yetərincədir: “Azərbaycan həm ekoloji cəhətdən, həm təbii sərvətlərinə, həm coğrafi, həm strateji mövqeyinə, iqliminə görə çox unikal bir regionda yerləşir. 365 gün turizmlə məşğul olmaq üçün Azərbaycanda şərait var. Sadəcə, hərəkət etməliyik. Biz ilk növbədə Azərbaycanın qədim unikalı memarlıq abidələrini, Azərbaycanın qədim dövlət olduğunu, Qız Qalasını, Qala Etnoqrafik Muzeyini, Şirvanşahlar sarayını, nəinki Bakını, Gəncəni, regionları da təbliğ etməliyik. İkinci növbədə, Azərbaycanın coğrafi, unikal təbii sərvətlərini, çaylarını, Xəzər dənizini, meşələrinin, mineral sularının reklama ehtiyacı var. Gürcülərin bir Borjomisi var, gecə-gündüz onun təbliği ilə məşğuldurlar. Amma bizim ondan daha güclü mineral sularımız, sağlamlıq mərkəzlərimiz olduğu halda, təbliğatı yaxşı aparmırıq”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər