• cümə axşamı, 18 aprel, 20:06
  • Baku Bakı 21°C

Turizm fondlarının yaradılması nə vəd edir?

03.05.16 14:11 1349
Turizm fondlarının yaradılması nə vəd edir?
Azərbaycanda turizm fondlarının yaradılması regionlarda irihəcmli infrastruktur layihələrinin icrasında sahibkarlara kömək olacaq. Fins.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib. M.Qəhrəmanovun sözlərinə görə, regionlarda bütün seqmentlərdə iri infrastruktur yaradılması, turizm məhsulunun formalaşdırılması istiqamətində aparılan işlərin dövlət, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənməsi üçün belə fondların yaradılmasına ehtiyac var. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir: "Ona görə də turizm fondlarının və daha çevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır”.
Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsinə turizm fondlarının yaradılması məsələsi daxil edilib. Bəs bu fondların yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə, turizm fondları necə maliyyələşəcək? Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bu haqda bütün detallar "Turizm haqqında” qanun layihəsində öz əksini tapdıqdan sonra məlum olacaq. Hələlik bu haqda danışılanlar nəzəriyyədən ibarətdir: "Yeni qanun layihəsi təsdiq olunduqdan sonra turizm fondunun yaradılması çox faydalı ola bilər. Məsələn, bəzi turizm şirkətləri iqtisadi problemlərə görə iflasa uğrayıb. Hesab edirəm ki, bu fondun yaradılması turizmin müxtəlif sahələrinə maliyyə ayrılması baxımından faydalı ola bilər. Misal üçün, hazırda səriştəli, bilikli ekskursiya bələdçilərinə ehtiyac var. Belə bələdçilərin hazırlanmasında və müxtəlif turizm kurslarının təşkilində fonddan ayrılan maliyyə dəstəyi mühüm rol oynaya bilər”.
M.Ağakərimovun sözlərinə görə, turizm fondunun yaradılması həm də turizmin təbliği, reklamı, inkişafına da böyük dəstək ola bilər. Lakin bu fondu düzgün şəkildə istiqamətləndirmək lazımdır: "Azərbaycanda yeni turizm növlərinin, marşrutlarının açılmasında bu fondun böyük faydası olacaq. Hesab edirəm ki, bu həm də turizm ədəbiyyatının inkişafı üçün çox vacibdir. Çünki bir çox müəlliflərin kitabları çap etdirmək imkanı olmur. Fond vasitəsilə turizmə aid yeni ədəbiyyatların çap olunması mümkün olacaq. Tələbələrimiz turizmə aid ədəbiyyat cəhətdən çox əziyyət çəkir. Hətta bu sahədə qıtlıq var deyə bilərəm. Olan ədəbiyyatlar isə rus və ingilis dillərində olduğu üçün tələbələr onlara bir o qədər maraq göstərmirlər”.
Ekspert bildirdi ki, fondun maliyyələşməsi həm turizm şirkətləri, həm də dövlət tərəfindən həyata keçirilə bilər: "Şirkətlər aylıq, rüblük və yaxud illik olaraq turizm fonduna cüzi məbləğ ödəməklə turizmin inkişafına böyük dəstək ola bilər. Yeni turizm növlərinin yaranmasına və inkişafına, məsələn, kənd turizminin, yaşıl turizmin inkişafına, turizm marşrutlarının yaranmasına yardım edə bilərlər. Mən hesab edirəm ki, fondun yaradılmasında turizm şirkətləri, hotellər də mütləq şəkildə yaxından iştirak etməlidir. Bundan başqa, fondun maliyyələşməsinə dövlət dəstəyi də göstərilə bilər”.
M.Ağakərimov deyir ki, əgər söhbət hər hansısa bir fondun maliyyələşməsindən gedirsə, bu, müxtəlif qurumlardan gələn vəsait hesabına maliyyələşdirilməlidir: "Əslində fondun özəl şirkətlər və təşkilatlar tərəfindən maliyyələşdirilməsi daha müsbət addım kimi qarşılana bilər. Dövlət onsuz da qeyri-neft sektoru kimi turizmin inkişafı üçün əlindən gələni etməyə çalışır. Çünki turizm infrastrukturunu dövlət yaradır. Bu infrastruktur olmasa, ümumiyyətlə, turizmin inkişafından söz gedə bilməz. Yol, su, qaz xətləri, elektrik enerjisi təchizatı-bütün bunların hamısı dövlət tərəfindən həyata keçirilir. Bu isə özlüyündə böyük maliyyə xərcləri deməkdir. Digər xırda xərcləri isə turizm şirkətləri öz öhdəsinə götürməlidir. Hər şeyi dövlətin üzərinə atmaq da düzgün deyil”.
Ekspert bu barədə xarici təcrübədən də misal çəkdi: "Amerika, Türkiyə, Rusiya, ümumiyyətlə, dünya təcrübəsinə baxsaq, görərik ki, ictimai təşkilatlar turizmin inkişafında daha böyük rol oynayırlar. Məsələn, Türkiyədə TURSAT-ın böyük nüfuzu var. Bu təşkilatın nüfuzu Türkiyədə hətta nazirlikdən də böyükdür. Rusiyada isə RATA-nı misal çəkə bilərəm. Amerikaya gəldikdə isə, bu ölkədə Turizm Nazirliyi deyilən bir anlayış yoxdur. Burada turizmin inkişafına müxtəlif qurumlar dəstək göstərir və nəzarət edir”.
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov "Kaspi"yə açıqlamasında bildirdi ki, hələlik sözügedən qanun layihəsi və turizm fondu haqqında nə isə demək çox tezdir: "Dünya təcrübəsinə baxsaq, hotelləri, şirkətləri birləşdirən ayrıca bir qurumun olduğunu görə bilərik. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Yeni qanun layihəsinə gəldikdə, deyə bilərəm ki, sahibkarlar tərəfindən turizm sənayesinin və fondun maliyyələşməsi üçün müəyyən təkliflərimiz var. Biz bu təklifləri yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyinə göndərəcəyik. Qanun haqqında müzakirələr ən sonuncu yığıncaqda oldu. Ona görə də hələlik bu barədə nə isə demək çox tezdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər