Turizm dəhlizi boyunca qurulan infrastruktur
Əgər turizmi inkişaf etdirmək, marşrutlar
üzrə turist axınını təmin etmək istəyiriksə...
"Ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca restoran
və kafelərin xidmət səviyyəsinin aşağı olması, sanitar qovşaqların olmamasıdır”.
Bir neçə gün əvvəl Azərbaycan Turizm Sammitində səslənən bu fikirlər
həqiqətən təkcə ölkə əhalisini deyil, həm də gələn turistləri narazı salan
məqamları bir daha gündəmə gətirdi. "Bu, regionlara gedən turistləri çox narahat
edir. Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq
üzrədir. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların
tikintisi nəzərdə tutulub. Bu istiqamətdə çox sayda infrastruktur tikiləcək"-
sammitdə qeyd edildi. Həqiqətən də, xüsusən, regionlara
gedən yollar boyunca kafe və restoranların xidmət səviyyəsinin aşağı olması,
sanitar qovşaqlarının çatışmazlığı və natəmizliyi narahatlıq yaradan
məsələlərdəndir.
Xarici ölkələrin təcrübəsinə istinad etsək, turizm marşrutları
boyunca və ya bir şəhərdən digər bir şəhərə, yaxud bir ölkədən digər bir ölkəyə
avtobus və ya şəxsi maşınla hərəkət edərkən, müəyyən nöqtələrdə kafe və
restoranlar və sanitar qovşaqları fəaliyyət göstərir. Yolçular həmin nöqtələrdə
yüksək standartlara cavab verən kafe və restoranlarda yemək yeyir, çay və ya
kofe içir, dincəlir, müəyyən ərzaqlar alır, təmiz sanitar qovşaqlarından
istifadə edirlər. Nəzərə alsaq ki, bu model Avropa ölkələrində yüksək səviyyədə
qurulub və gedən turistləri son dərəcə razı salır, onda belə bir təcrübənin
bizim turizm marşrutları üzrə də tətbiqinin vacibliyi qaçılmazdır.
Dövlət Turizm Agentliyinin turizm siyasəti
və strategiyası şöbəsi, regional turizm və qoruqların inkişafı sektorunun böyük
məsləhətçisi Könül Nuriyeva qəzetimizə açıqlamasında qeyd etdi ki, xidmət keyfiyyətinin artırılması ilə
bağlı turistlərin səfər etdikləri 25 rayonda təlim ehtiyaclarının ödənilməsi
üçün restoranlara, otellərə, şərab zavodlarına səfərlər edilib: "Həmin
səfərlərdə hansı turizm müəssisəsinin hansı təlimlərə ehtiyacı olduğu ilə bağlı
qiymətləndirmə aparıldı. Bu təlimlər üzrə hesabat hazırlandı. Növbəti ilin
mart-aprel aylarından etibarən təlim ehtiyacları üzrə təkcə otel, restoran və
şərab zavodları ilə kifayətlənmirik. Eyni zamanda, kənd qonaq evləri, turist
qəbul edən kurort və sanatoriyalarına, fermer təsərrüfatlarına təlimlərin
verilməsi, həmçinin milli park ərazisində fəaliyyət göstərən bələdçilərə də
müxtəlif istiqamətlərdə təlimlərin verilməsini planlaşdırırıq”. K.Nuriyeva turizm marşrutları boyunca yol
kənarında sanitar qovşaqlarının düzəldilməsinin qarşıda duran vacib
məsələlərdən olduğunu bildirir. Belə ki, ilkin mərhələdə Şamaxı, İsmayıllı,
Oğuz və Qəbələ istiqamətində yer alan restoranların ətrafında sanitar qovşaqlarının yaradılması
təklifləri edilib ki, onların strukturunun təkmilləşdirilməsi ilə bağlı işlər
həyata keçiriləcək”. Bu zonaların hansı kriteriyalar üzrə seçilməsinə gəlincə,
turistlərin ən çox səfər etdikləri yerlər olaraq nəzərdə tutulub.
"Millenium”
TurizmKonqres DMC şirkətinin rəhbəriRuslan Quliyev bildirdi ki, yol
kənarlarında kafe və restoranların xidmət səviyyəsinin yaxşılaşdırılması və
sanitar qovşaqların yerləşdirilməsi məsələləri "Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin
müddəalarında da yer alıb: "Bundan əvvəl turizm sektoru təmsilçiləri
arasında "hansı nöqtələr üzərində sanitar qovşaqların olması vacibdir?” sualı
ilə bağlı keçirilən sorğular, eyni zamanda bölgədə mehmanxana təmsilçiləri ilə
söhbətlər əsnasında söylənilən marşrutlar üzərindəki yerlər nəzərə alınmalıdır.
Məsələn, Cənub, Şimal, Qərb marşrutları, eyni zamanda, Bakı-Abşeron
marşrutları, həmçinin İpək yolu üzərində yerləşən bütün nöqtələrdə bu tip
təsərrüfatların yaradılması vacibdir. Sanitar qovşaqlarının ən azı 50 km-dən
bir olması zəruridir”.
Turizmçi Ceyhun Aşurov da bildirir
ki, turizm üzrə Strateji Yol Xəritəsində bu tip
məsələlərin həlli nəzərdə tutulub. "Turistlər marşrut boyu gedərkən əvvəllər
kafe və restoranlar müasir standartlara cavab vermirdi, sanitar-gigiyena
qaydaları elementar tələblərə uyğun deyildi və yaxud müasir standartlara uyğun
restoran və kafelərin sayı çox məhdud sayda idi. Xüsusən bura sanitar
qovşaqlarını da əlavə etsək, yolboyu onların ciddi qıtlığı hiss olunurdu. Əgər
turizmi inkişaf etdirmək, marşrutlar üzrə turist axınını təmin etmək
istəyiriksə bu tip məsələlər gündəmdə həllini tapmalıdır. Turist marşrutları
üzrə bir neçə dayanacaq nəzərdə tutulursa, bu, ölkəmiz, turistlərin gedəcəyi
məkanlar haqqında təsəvvürlərinin formalaşmasına ciddi təsir edir. Təsəvvür
edin, Bakıdan hər hansı bir rayon istiqamətində 2-3 saatlıq bir tur ərzində
avtobus ən azı iki dəfə dayanmalı olursa, insanların istər oturacaqları,
yeyib-içəcəkləri məkanlar və sanitar
qovşaqları təmiz, müasir standartlara cavab verən vəziyyətdə olmalıdır. Bütün
bunlar ümumi turizm zəncirinin bir həlqəsidir. Bunlar bir-birilərini
tamamlamalıdır. Bu baxımdan, bunlar ciddi məsələdir. İstər sanitar qovşaqları,
istərsə də restoran və kafelərin xidmət səviyyəsi olsun, bu problemlər, inanıram
ki, yaxın gələcəkdə öz həllini tapacaq”.
Turizmçinin sözlərinə görə, bu istiqamətdə yerli icra hakimiyyəti
orqanları ilə birlikdə ciddi işlər görülür. Bundan sonra mövcud və yaradılacaq
turizm marşrutları üzrə obyektlərin də müəyyən standartlara cavab verməsi üçün
müəyyən tələblər və ya tövsiyələr olacaq”.
Azərbaycan
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab
edir ki, yol kənarlarında
yerləşən ictimai iaşə müəssisələrinin xidmət səviyyəsinin yaxşılaşdırılması və
sanitar-gigiyenik normalara əməl edilməsi vacib məsələlərdir: "Xüsusən,
sanitar-gigiyenik normalara əməl olunmur, sanitar qovşaqları pis vəziyyətdədir.
Fəaliyyət göstərən iaşə müəssisələri bu
qaydalara xüsusi fikir verməlidir. Bu da turistlərdə təbii narazılıq yaradır.
Həmçinin bunlar bizim imicimiz, ümumən turizm strukturu haqqında fikirlər
formalaşdırır. O cümlədən, şəhərdə də sanitar qovşaqları çox olmalıdır ki, gələn
turistlər ekskursiyalar vaxtı bu qovşaqlardan istifadə edə bilsinlər”.
M.Ağakərimov kafe və restoranlarda xidmət səviyyəsinin aşağı olduğunu qeyd
edir: «Bununla bağlı çoxlu narazılıqlar var. Həmçinin, qiymət siyasətində də
dəyişiklik lazımdır. Çünki qiymətlər çox bahadır. Qəribə bir paradoks yaranır:
iaşə müəssisələri qiyməti qaldırırlar, amma xidmət yoxdur. İnsanda narazılıq o
zaman yaranır ki, göstərilən bir manatlıq xidmətə görə on manat tələb edirlər.
Xüsusən, bəzən kafe və restoranlarda, çayxanalarda müştəri oturmamışdan depozit
tələb edirlər. Bu da turistlərin narazılığına səbəb ola bilər. Ölkəyə
turistlərin cəlbi istiqamətində bu kimi xidmətlərin səviyyəsinin qaldırılması
vacib məsələlərdəndir».
Hərçənd ölkəmizdə yeni yaranan bəzi nümunələr var. Məsələn çay içmək, qidalanmaq üçün yeri,
təmiz sanitar qovşağı, tibb məntəqəsi və s. xidmətlərə malik müasir tipli
obyektlər olsa da, onların sayının genişləndirilməsinə və ölkə boyu - turizm
marşrutları boyunca fəaliyyətinə şərait yaradılmasına ehtiyac var. Necə
deyərlər, bir güllə bahar olmur...
Təranə Məhərrəmova