• cümə axşamı, 18 aprel, 12:13
  • Baku Bakı 22°C

Turizm bazarında yeni reallıqlar

21.02.17 11:30 1852
Turizm bazarında yeni reallıqlar
Ötən ildən bəri iqtisadi islahatlar dalğasında xüsusi razılıq (lisenziya) tələb olunan sahibkarlıq fəaliyyəti növləri sırasından turizm sahəsinin də çıxarılması bu sahədə çalışmaq istəyən insanlara yaşıl işıq yandırıb. Hazırda yerli və xarici otellərlə münasibət quran, sərnişindaşıma şirkətlərinin biletlərini satan, eləcə də sığorta şirkətləri ilə müqavilə bağlayan hər hansı şəxs bu işlə məşğul ola bilər. Bununla belə, lisenziyanın ləğvi bu sahədə müəyyən boşluqların da meydana çıxmasına səbəb olub. Demək olar ki, hər gün sosial şəbəkələrdə adı turizm həvəskarlarına qətiyyən tanış olmayan, bazarda tanınmayan yeni şirkətlərin elanı ilə qarşılaşmaq mümkündür. Əlaqə yaratmaq üçün yalnız mobil nömrələrini yazan bu cür şirkətlər daha çox "online” xidmətlər təklif edir, telefon danışıqlarında sosial şəbəkələrdə təqdim etdikləri qiymətlərdən fərqli qiymətlər söyləyirlər və s. İnsanlar bəzən şirnikləşərək ucuz qiymətin dalınca qaçır, nəticədə əllərində olanı da itirmək təhlükəsi ilə üzləşirlər. İndiki zamanda isə dələduzların toruna düşməkdən heç kəs sığortalanmayıb. Bilet pulları əllərindən gedən, bron etdirdikləri otelin pulu ödənilməyən və s. narazılıq yaradan hallarla qarşılaşmaq olur.
Turizm sahəsində lisenziyanın ləğvi sahibkarlığın inkişafına dəstək versə də, yeni yaranan şirkətlərin fəaliyyətinə nəzarətin olmaması problemini üzə çıxarıb. Turizm agentliyi yaratmağın evində oturub şirkət açacaq qədər asanlaşması öz yerində, amma kəmiyyət keyfiyyəti sıradan çıxarmaqla yanaşı, ciddi turizm şirkətlərinin imicini də şübhə altına salıb. İnsanlar şirkətlərlə iş görməkdənsə otellərlə birbaşa təmasa girməyi üstün tutur, biletləri kassalardan özləri əldə edirlər. Təsadüfi deyil ki, Azərbaycan Turizm Assosiasiyasının rəhbəriNahid Bağırovsosial şəbəkələrdə belə birgünlük şirkətlərin sayının çox sürətlə artdığından şikayətlənərək onların yaratdıqları klon-səhifələrdə öz xidmətlərini elan edərəksonradan naməlum şəkildə yoxa çıxdıqlarını bildirib: "Ayrı-ayrı şəxslər "Facebook” da daxil olmaqla, sosial şəbəkələrdə tanınmış turizm şirkətlərinin adlarından səhifə yaradaraqinsanların etimadını qazanırlar. Təəssüf ki, "facebook-klonlar” kifayət qədər aktivdirlər və onlarla mübarizə aparmaq sosial şəbəkələrdə tənzimləmə mexanizminin olmamasından çətinliklər yaradır”.Assosiasiya rəhbəri belə klon-səhifələrin onların adından istifadə edən turizm şirkətlərinin imicinə mənfi təsir göstərdiyini bildirib: "Turistləri diqqətli olmağa, belə vicdanı olmayan "iş adamları” tərəfindən aldanmamaq üçün hərtərəfli məlumat toplamağa və sonra qərar verməyə çağırıram”.
Xoşagəlməz halların baş verməməsi üçün
Əvvəllər turizm şirkətlərinə lisenziya verilməsinə birbaşa nəzarət edən Mədəniyyət və Turizm Nazirliyi hazırda lisenziyanın ləğvini bu sahədə sahibkarlığın inkişaf etdirilməsinə şərait yaradılması kimi dəyərləndirir.Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov nazirlik tərəfindən turizm agentliklərinin fəaliyyəti ilə bağlı tövsiyələr verildiyini bildirir: «Mehmanxana və turizm fəaliyyəti sahəsində lisenziyaların ləğv olunması birbaşa sahibkarlığın inkişafı və bu sahədə çalışan sahibkarların stimullaşdırılmasına gətirib çıxardı. Bu, həmçinin bu gün mövcud olan və mütəmadi sayı artan turizm şirkətlərinin də təcrübə prosesi üçün imkan yaratdı. Dünyada turizmi inkişaf edən ölkələrdə bu proses zaman-zaman həyata keçirilir. Bu, turizm bazarıdır və burada zamanla ən pis xidmət göstərən şirkətlər ələnəcək və ən yaxşı xidmət göstərənlər fəaliyyətini davam etdirəcəklər”. Nazirlik rəsmisi ümumiyyətlə, bu sahənin nəzarətsiz qaldığını düşünmür: "Dövlət tərəfindən müəyyən monitorinqlər aparılır. Bundan əlavə, ölkədə nazirliyin də dəstək verdiyi turizm assosiasiyaları fəaliyyət göstərir. Onlar mütəmadi olaraq turizm şirkətləri ilə görüşlər keçirir və öz tövsiyələrini verirlər”. V.Şıxməmmədov bir neçə dəfə həm turistlərin aldadılması, həm onlara zəif xidmətin göstərilməsi və s. ilə bağlı bu və ya digər şəxslərdən müraciətlər daxil olduğunu da təəssüflə bildirir. Belə ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün həm Azərbaycana gələn, həm ölkə daxilində turlardan istifadə edən yerli turistlər turizm şirkətlərinin fəaliyyətindən istifadə etdikləri zaman «Turizm haqqında» qanunvericiliyə uyğun olaraq müvafiq müqavilənin və əqdlərin bağlanılması qaydalarına ciddi nəzarət etməlidirlər. Yəni, bu cür hallar baş verdikdə bununla bağlı məsələyə hüquqi qiymət verilə bilsin: "Mədəniyyət və Turizm Nazirliyi turizm agentlikləri ilə görüşlərdə, ümumən ictimaiyyətə bununla bağlı müəyyən tövsiyələr verir”. Nazirlik rəsmisi bildirir ki, gələcəkdə yaradılması nəzərdə tutulan Turizm Reyestri problemin tənzimlənməsində mühüm rol oynayacaq: "Turizm şirkətləri və mehmanxanalar həmin reyestrə daxil olacaqlar».
Ölkənin tanıdılması istiqamətində problemlər ola bilər
"Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev də lisenziyaların ləğvini turizm fəaliyyəti ilə məşğul olan sahibkarların işinin genişləndirilməsi istiqamətində addım kimi dəyərləndirir. "Keçən ilin may ayından etibarən müşahidələr ən azı minə yaxın turizm sahəsində diletant fəaliyyət göstərən şirkətlərin mövcud olduğunu göstərdi. Bu şirkətlər həm ölkə daxilində, həm də ölkə xarici üçün fəaliyyət göstərməyə başladılar. Turizmin inkişafından danışdığımız bir vaxtda bu sahədəki xidmətlərin təqdim edilməsi mühüm məsələdir. Çünki qarşıda hər şeydən əvvəl ölkənin tanıtımı durur. Hər bir halda ölkəyə gələn turist ölkə haqqında yaxşı fikirlərlə getməlidir. Qeyri-peşəkar formada xidmətin göstərilməsi ölkənin tanıdılması istiqamətində problemlər yarada bilər». R.Quluyev hesab edir ki, ölkə başçısının fərmanı ilə yaradılacaq Turizm Reyestri fiziki və hüquqi şəxslərin, bələdçilərin və digər subyektlərin turizm fəaliyyəti ilə məşğul olması üçün tənzimlənmə yaradacaq. Belə ki, həmin subyektlər reyestrdə qeydiyyatdan keçməlidirlər: "Yalnız bundan sonra hər yerdə reyestr siyahısında adı olmayan qurumlarla çalışmağın arzu olunan olmadığı qeyd ediləcək. Bütün dünya ölkələrində lisenziyaların verilməsi, turizm fəaliyyətinə dövlətin nəzarət mexanizmi var. Reyestrin yaradılması statistikanın monitorinqinin aparılması ilə bağlı mühüm bir məsələni ortaya çıxarır».
Xaosun qabağını almaq üçün
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov turizm fəaliyyəti ilə bağlı lisenziyaların və otellərin lisenziyasının ləğvini təqdirəlayiq hesab edir. Belə ki, bundan əvvəl onlar müəyyən məbləğ ödəyərək 5 illik lisenziya alaraq fəaliyyət göstərirdilər. İndi isə buna ehtiyac yoxdur. Amma ümumilikdə yeni sistem nəzarət mexanizmini itirib: "Nəzarət mexanizmini Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda, Azərbaycan Turizm Assosiasiyası birlikdə işləyib hazırlamalıdır. O mənada ki, mütləq yeni fəaliyyətə başlayan turizm şirkətlərinin siyahısı olmalı, fəaliyyətinin monitorinqi aparılmalıdır. Nəzarət hər şeydən əvvəl tövsiyə vermək, yaxşı işlər üçün həvəsləndirməkdir”. Turizm şirkətləri arasında dələduzların ola biləcəyini istisna etməyən M.Ağakərimov bu cür hallarla qarşılaşmaqdan heç kəsin sığortalanmadığını bildirir: "İnsanlardan bilet almaq bəhanəsi ilə pul yığmaq halları ola bilər. Yəni yüzdən artıq normal turizm şirkəti ilə bir yerdə dələduz şirkətlər də fəaliyyət göstərə bilər. Bu baxımdan, xaosun qabağını almaq üçün müəyyən mexanizmlər işlənib hazırlanmalıdır. Yoxsa turizm bazarında xaos yarana bilər.
Əvvəllər qeydiyyatdan keçən turizm şirkətlərinin 300-dən çox olduğunu bildirən M.Kərimov hazırda həmin şirkətlərin yalnız vergi orqanlarında qeydiyyatdan keçdiyini bildirir: «Mən təklif edərdim ki, vergi orqanları turizm şirkətlərinə icazə verəndə heç olmasa onların fəaliyyətə başlaması ilə bağlı assosiasiya tərəfindən arayış alsınlar. Heç olmasa, onların adları siyahıda olsun, ünvanları yazılsın, telefon nömrələri qeyd edilsin. Yeni yaranan turizm qurumları haqında bu məlumatlar yoxdur. İstənilən adam turizm qurumlarının xəbəri olmadan yalnız vergi orqanlarında qeydiyyatdan keçməklə turizm agentliyi yarada bilər. Bu isə mənfi haldır”. M.Ağakərimov hesab edir ki, həmin şirkətlərin etibar qazanması, dayanıqlı olması üçün statistik göstəricilər olmalıdır. Həmçinin turizm şirkətlərinin hansı regionlar, məsələn, ərəb ölkələri, Asiya və ya Avropa ölkələri ilə işləməsi ilə bağlı təsnifat olmalıdır: "Tədbirlərdə iştirak etmələri üçün turizm qurumları onları yığa bilməlidir. Ancaq yeni yaranan turizm şirkətlərinin siyahısı yoxdur. Turizm şirkətlərinin fəaliyyətində mütləq tövsiyələrə tələbat var. Kimsə öz evində oturub turizm şirkəti açır. Bəs ona kim nəzarət edəcək? Bu baxımdan boşluq yaranıb. Turizm bazarı tənzimlənməlidir. İndi yeni yaranan şirkətlərin statistikasını öyrənmək üçün Vergilər Nazirliyi də dəqiq rəqəm deyə bilməz».
Göründüyü kimi, yeganə çarə Turizm Reyestrinin işlək olacağı günə qalıb. Yəqin yalnız onda insanlar turizm şirkətlərinin xidmətindən istifadə edərkən rahat şəkildə dərindən nəfəs ala biləcəklər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər