• cümə axşamı, 28 mart, 22:50
  • Baku Bakı 13°C

Turizm Assosiasiyası: Turizm zonaları üçün güzəştlərin tətbiqi vacibdir

07.01.17 12:30 1012
Turizm Assosiasiyası: Turizm zonaları üçün güzəştlərin tətbiqi vacibdir
Azərbaycanda turizm və rekreasiya zonaları üçün güzəşt və imtiyazların tətbiqi vacibdir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın şimal-qərb (Şamaxıdan-Qaxadək), şimal-şərq (Quba-Qusar), Lerik-Astara və Abşeron zonasında turizm və rekreasiya zonaları var.
Azərbaycanın ümumilikdə turizm potensialının geniş olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, ölkənin digər zonalarında da – Aran, qərb zonalarında da turizm və rekreasiya zonaları yaratmaq olar. Amma bunun üçün həmin zonaları inkişaf etdirmək lazımdır. İnkişaf üçün isə müəyyən güzəştlərin tətbiqi lazımdır.
M.Ağakərimov şimal-qərb, şimal-şərq və cənub zonasındakı turizm zonaları üçün hazırda güzəşt və imtiyazların tətbiq edilmədiyini açıqlayıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan "Turizm haqqında” qanun layihəsində turizm və rekreasiya zonaları üçün güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulub.
Layihəyə görə, turizm və rekreasiya zonalarında əsas infrastuktur dövlət hesabına yaradılacaq, belə ərazilər üçün Vergi Məcəlləsi ilə sadələşdirilmiş vergi müəyyən ediləcək.
Bununla yanaşı, müvafiq fondlar vasitəsilə ilə turizm infrastrukturu subyektlərinə güzəştli kreditlər veriləcək. Turizm infrastrukturu üçün nəzərdə tutulmuş və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mallar idxal rüsumundan azad ediləcək. Turizm və rekreasiya zonalarında təqdim olunan məhsulların əmtəə nişanları dövlətin vəsaiti hesabına təbliğ ediləcək.
Qeyd edək ki, turizm və rekreasiya zonaları istehlakçıların əyləncəsini, istirahətini və rekreasiyasını təmin edən, xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi, qanunvericliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədi ilə ayrılan, əlverişli tuirizm potensialına və müvafiq idarəetmə qurumlarına malik olan, sərhədləri dəqiq müəyyən edilmiş ərazilərdir.
banner

Oxşar Xəbərlər