• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

Turistlərin London sərgüzəştləri

13.09.13 09:04 1320
Turistlərin London sərgüzəştləri
Milli Şura rəhbərliyinin çoxdandır reklam olunan London səfəri nəhayət, reallaşdı. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Eldar Namazov sentyabrın 11-də Böyük Britaniya paytaxtı Londona yola düşüblər. İki gün davam edəcək səfər guya Milli Şuranın beynəlxalq əlaqələrinin gücləndirilməsi proqram çərçivəsində həyata keçirilir.
Eldar Namazov deyib ki, səfər proqramına Britaniya Xarici İşlər Nazirliyində, Beynəlxalq İşlər üzrə Kral İnstitutunda görüşlər daxildir. Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı media quruluşlarına müsahibələr də nəzərdə tutulur.
Artıq Milli Şura rəhbərliyi Britaniya QHT-lərinin nümayəndələri ilə görüşüb. Özlərinin yaydıqları məlumata görə, görüşdə ölkəmizdə keçiriləcək prezident seçkiləri və siyasi vəziyyətlə bağlı müzakirələr aparıblar. Şəkillərdən də göründüyü kimi, görüşlər çox sönük keçib. Hətta şuranın sədri Rüstəm İbrahimbəyov da müzakirələrə qatılmayıb. Onun dünən axşam Londona gələcəyi bildirilirdi.
Beləliklə, Milli Şura rəhbərliyinin və namizədinin London səfəri əvvəlcədən vəd edildiyi kimi heç də təmtəraqlı keçmir. Əvvəlcədən vəd edildiyi kimi, şura rəhbərliyi bu görüşə böyük nümayəndə heyəti ilə getməyib. Səfərin təşkilində də Milli Şuradakı narazılıqların özünü büruzə verdiyini görməmək mümkün deyildir. Çünki əvvəlcə Milli Şura rəhbərliyinin Londona böyük nümayəndə heyəti ilə gedəcəyi bildirilirdi. Nümayəndə heyətinə Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər partiyaların təmsilçiləri də qatılmalı idilər. Amma Rüstəm İbrahimbəyovun namizədliyi mümkünsüzləşəndən, Cəmil Həsənli ehtiyat namizəd olandan sonra AXCP-Müsavat cütlüyü ilə İbrahimbəyov tərəfdarları arasında başlayan narazılıqlar bu səfərin təşkilinə də təsir etdi. Belə ki, məlum olduğu kimi, ikincilərin istinad nöqtəsi olan «EL» Hərəkatının təmsilçiləri Milli Şuranın son iclasına qatılmayıblar. Bundan sonra tərəflər arasında ciddi narazılıqların olduğu üzə çıxmışdı. Düzdür, sonradan tərəflər bütün narazılıqların həllini tapdığını bildirdilər. Amma bu səfər göstərir ki, Eldar Namazovun İsa Qəmbər və Əli Kərimlidən narazılığı hələ bitməyib. O, Londona adıçəkilən heç bir partiyanın təmsilçisini aparmamaqla əlindəki imkanlardan xətrinə dəyən siyasi rəqiblərinə qarşı istifadə edib. Sirr deyil ki, bu səfərin təşkili xərcləri Rüstəm İbrahimbəyov tərəfindən çəkilib. Çünki AXCP-Müsavat cütlüyünün heç Cəmil Həsənlinin seçki kampaniyasını maliyyələşdirmək üçün yetərli maliyyəsi yoxdur. Onlar seçki kampaniyası üçün qapı-qapı düşüb pul yığmaqla vəziyyətdən çıxmağa çalışırlar. Belə olan halda onların Londona bir neçə günlük turist səfərinin xərcini çəkmələri mümkün deyil. Rüstəm İbrahimbəyov üçün isə bu cür xərclər o qədər də böyük deyil. Onun maliyyəsinin Bakıdakı idarəedicisi Eldar Namazov olduğundan o, da AXCP və Müsavat rəhbərləri üçün əlavə xərcə düşmək istəməyib.
Göründüyü kimi, AXCP və Müsavat Eldar Namazovun istəklərinin əksinə olaraq Cəmil Həsənlini namizəd etməklə özlərini işə salıblar. Eldar Namazov addımbaşı onlara bu səhvlərini xatırlatmaqla necə böyük səhvə yol verdiklərini «başa salmağa» çalışır. Hətta belə bir fikir də vardır ki, seçki kampaniyasının belə qızğın dövründə Milli Şuranın namizədinin Londona aparılması müxalifət üçün ümumi işin xeyrinə olmayan gedişdir. Çünki elə dünən Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin namizədliyini qeydə alıb. İndi o, seçki qərargahında olmalı, tərəfdarları ilə birgə seçki təbliğatının hansı formada qurulmasını müzakirə etməli, təklif və istəklərini dilə gətirməlidir. Cəmi Həsənli isə bunu etmək əvəzinə Londonda yarıqaranlıq otaqlarda heç kimin tanımadığı QHT təmsilçiləri ilə görüşlər keçirir. Belə çıxır ki, Eldar Namazov bu səfəri təşkil etməklə də Milli Şuranın seçki kampaniyasına zərbə vurmaq istəyir.
Təsadüfü deyildir ki, Cəmil Həsənli Londona yola düşən gün Eldar Namazovun ən yaxın adamlarından olan Zəfər Quliyev seçkilərdə hakimiyyətin namizədinin qalib gələcəyini açıqlayıb.
Rüstəm İbrahimbəyovun dünən keçirilən görüşlərə qatılmaması isə artıq başqa bir söhbətin mövzusudur. Belə görünür ki, artıq o da rəhbərlik etdiyi təşkilatın fəaliyyətində çox həvəssiz iştirak edir, öhdəliklərini candərdi yerinə yetirir.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər