• çərşənbə axşamı, 19 mart, 09:52
  • Baku Bakı 8°C

Turistlərin Azərbaycanda qoyduğu 1,3 milyard

26.09.17 10:15 908
Turistlərin Azərbaycanda qoyduğu 1,3 milyard
2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib. Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,9 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Bu xidmətlər üzrə dövriyyə 858 milyon dollar təşkil edib. Bu məbləğin 48,5 faizi (416 milyon dollar) qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə bağlıdır. Qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 442 milyon dollara bərabər olub. 2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 2,5 milyard dollara bərabər olub. Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz azalaraq 31 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz artaraq 386 milyon dollara bərabər olub.
Bəs görəsən ölkəmizə gələn turistlərə daha çox hansı sahəyə pul xərcləyiblər?
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkəyə turist axını artdıqca onların xərclədiyi pulun miqdarı da artır: "Azərbaycana gələn turistlərin xərcləri sırasında əsas yeri restoranlar, kafelər və digər əyləncə məkanları tutur. Qeyd etməliyəm ki, ölkəyə gələn turistlərin böyük bir qismi milli mətbəximizin nümunələrinə daha çox üstünlük verirlər. Turistlərin daha çox pul xərclədiyi ikinci sahə isə ekskursiya və regionlara səfər xərcləridir. Turistlər marşrutlar üzrə müxtəlif bölgələrə, dağ rayonlarına, tarixi abidələrin çox olduğu yerlərə üstünlük verirlər. Turistlərin marağını çəkən üçüncü bir məqam isə suvenirlər və hədiyyələrdir. İçəri Şəhərdə və paytaxtın mərkəzi küçələrində yerləşən mağazalarda belə hədiyyələrə rast gəlmək olur. Onlar daha çox bizim mədəniyyətimizi əks etdirən suvenirlərə üstünlük verirlər. Turistlər bunu həm də öz yaxınlarına hədiyyə olaraq alırlar. Nəqliyyat turistlərin daha çox pul xərclədiyi sahələrdən biridir. Amma hesab edirəm ki, biz bu rəqəmlə qane olmamalıyıq. Çünki Azərbaycanın turizm potensialı kifayət qədər böyükdür və biz bu sahədən daha çox gəlir əldə edə bilərik. Bunun üçün isə kütləvi turizmi daha da inkişaf etdirməliyik. Aydındır ki, turist axını artdıqca ölkəyə daxil olan valyutanın həcmi də artacaqdır . Azərbaycanın təbii sərvətləri, iqlimi, coğrafi mövqeyi , mətbəxi, incəsənəti turizm potensialının qat-qat artıq olduğundan xəbər verir. Hətta qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda turizm potensialının daha yüksək olduğunu görə bilərik. Təsadüfi deyil ki, 2020-ci ilə kimi Azərbaycanı turistlər üçün cəlbedici bir məkana çevirmək məqsədi qarşıya qoyulub. Strateji Yol Xəritəsində də bu məslə öz əksini tapıb. Rəqəmləri qonşu ölkələrin statistik göstəriciləri ilə müqayisə etmək, məncə, bir qədər düzgün deyil. Çünki hər bir ölkənin özünün fərqli coğrafi mövqeyi var. Müqayisə etdikdə bu kimi nüanslar mütləq nəzərə alınmalıdır. Məsələn, Gürcüstanın yerləşdiyi mövqe və Avropaya daha yaxın olması gələn turist sayına ciddi təsir göstərir. Həmçinin viza məsələlərini də nəzərə almaq lazımdır. Amma turizm potensialı qonşu ölkələrlə müqayisədə bizdə daha üstündür. Sadəcə, biz əlimizdə olan imkanlardan tam olaraq istifadə etmirik”.
Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanovdeyir ki, açıqlanan rəqəm Ümumdünya Turizm Təşkilatının orta statistik göstəricilərinə yaxındır: "Bu, bir turistin bir neçə gün ərzində 700-1000 ABŞ dollarına yaxın miqdarda pul xərcləməsi deməkdir. Bu xərclərin arasında böyük bir hissəsini nəqliyyat və yerləşdirmə xərcləri tutur. Amma ən vacib xərclər asudə vaxtın səmərəli istifadəsi üçün xərclənən məbləğdir. Bələdçiyə, əyləncə və digər xidmətlərə görə ödəmələr mühüm xərclər sırasındadır. Ümumilikdə ortaya qoyulan rəqəmlər, onların faiz göstəricilərini orta Avropa göstəriciləri ilə müqayisə etdikdə, tərs düşən və xüsusi diqqət cəlb edən məqamlar yoxdur. Qeyd etdiyim kimi, xərclərin 25 faizi təxminən əyləncələrə ayrılır. 30 faizə yaxınını nəqliyyat və yerləşdirmə tutur. Qalan hissəsi isə digər xidmətlərə gedir. Qonşu ölkələrlə analoji müqayisə aparılmadığına görə, bu haqda nəsə demək düzgün olmazdı. Amma bu rəqəmlərin arasındakı fərqin elə də böyük olmayacağını deyə bilərəm. Ümumilikdə götürsək, bəzi ölkələrdə nəqliyyat və yerləşdirmə, əyləncə kimi mühüm xərclərin arasında müəyyən qədər fərq ola bilər. Azərbaycanda yerləşdirmə yerlərinin - hotellərin, hostellərin sayının kifayət qədər olmamağı, qiymətlərin digər sahələrlə müqayisədə daha baha olmasına gətirib çıxarır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər