Turistlərə olan diqqət, qayğı və hörmət
Bu günlərdə prezident İlham Əliyev Azərbaycan
Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb. Sərəncama əsasənDövlət Gömrük Komitəsi
vəDövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya
Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə
dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət
zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay
müddətində təmin edib, bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə
məlumat verməlidir. Xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər
kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin
əks etdirilməsini təmin etməli, dövlət sərhədinin buraxılış məntəqələrindən
keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi
ilə qarşılıqlı fəaliyyət göstərərək, əlaqələndirmə işlərini daha da təkmilləşdirməlidirlər.
Ekspertlərdən sərəncamın əhəmiyyəti və turizmin inkişafına hansı faydaları
olacağı barədə soruşduq.
"Turizm elə bir sahədir ki, bir yerdə dayanmaq olmaz”
Turizm
Assosiasiyasının sədrinin müşaviriMüzəffər Ağakərimov deyir ki, sərəncamın
imzalanmasında əsas məqsəd ölkəyə daha çox turist cəlb etməkdir: "Əsas məsələlərdən
biri də sadələşdirilmiş viza qaydalarıdır ki, onların bir qismi artıq həyata
keçirilib. Digər bir qismi isə yaxın zamanda həyata keçiriləcək. Qeyd edim ki,
80-dən çox dövlətlə bu məsələlər həll olunub. İkinci bir məsələ isə
infrastruktur məsələsidir. Hesab edirəm ki, həm Bakı şəhərində, həm də
regionlarda bu məsələ öz həllini tapmalıdır. Elə yerlər var ki, oranın da
infrastrukturu turizmə yararlı deyil. Həmin ərazilər də mütləq müasir dövrün tələblərinə
cavab verməlidir. Bu mərhələdən sonra isə
Xəzər dənizinin potensialından tam istifadə edə bilmək üçün bəzi məsələlər öz həlini tapmalıdır. Xüsusən sahil
zolağı, Abşeron yarımadası və
Nabran-Yalama zonasının infrastrukturu yenilənməldir”.
M.Ağakərimovun sözlərinə görə, sərəncamdan irəli gələn
əsas məsələlərdən biri də turizm şəbəkələrinə, hotellərə yeni və əlavə xidmətlər
təklif etməkdir: "Yol xəritəsində də shopping festivalların vacibliyi qeyd
olunur. Lakin bununla yanaşı digər
turizm xidmətlərini təklif etmək, turizm qurumlarının vacib məsələlərindəndir.
Turizm elə bir sahədir ki, bir yerdə
dayanmaq olmaz. Daim inkişaf etməlisən. Sərəncam onu göstərir ki, Azərbaycana
kütləvi turizmin inkişafı üçün bütün şərait yaradılır. Kütləvi turizm inkişaf
edərsə, turist axını da təbii olaraq artacaq. Bir neçə il bundan öncə qış turizmi ümumiyyətlə yox idi. İndi isə qəbul
edilən qərarlar nəticəsində bu sahədə xeyli irəliləyişlər əldə olunub. Sərəncam
isə bu sahənin inkişafı üçün münbit
mühit yaratmaq məqsədi daşıyır . Yəni belə demək olarsa, sərəncam turistlərə
olan diqqət, qayğı və hörmətin göstəricisidir. Bu baxımdan hesab edirəm ki, sərəncamdan irəli gələn vəzifələri mütləq həyata keçirmək
lazımdır”.
"Azərbaycana turist axınında ciddi artım var”
Azərbaycan Turizm və
MenecmentUniversitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman
Səfərov əsas məqsədin son nəticədə ölkəyə turist
axınını artırmaq olduğunu bildirdi: "Azərbaycan ümumiyyətlə, son bir ildə bu
tipli müxtəlif vacib sənədlərə imza atıb. Son sərəncamın əsas mahiyyəti isə viza sadələşdirilməsi ilə bağlıdır. Yəni əvvəllər vizalar hava
limanında verilirdisə, indi İran, Rusiya, Gürcüstandan gələcək turistlər
üçün artıq hər bir yerdə vizaların
verilməsi nəzərdə tutulur. Eyni zamanda, sərəncam asan ödəniş terminalları və
asan viza sistemi ilə turistlərin rahat şəkildə Azərbaycana gəlişini təmin edəcək.
Giriş-çıxış və qeydiyyatların
avtomatlaşmasına və eyni zamanda turistlərin daha rahat hərəkəti təmin
olunacaq. Hətta bu sərəncamda vizaların
operativ şəkildə verilməsini təmin etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi
də nəzərdə tutulub. Görülən tədbirlər turistləri məmnun etmək və turist
axınının gücləndirilməsi məqsədi daşıyır”.
Müsahibim bəzi vacib məqamlara
da diqqət çəkdi: "Bununla yanaşı, sərəncamda Xəzər sahili ölkələrlə turist səfərlərinin
gücləndirilməsi nəzərdə tutulub. Nəzərdə tutulan amil gəmi turlarının təşkilidir.
Son iki ildə atılan addımlar və imzalanan sərəncamlar Azərbaycanda ciddi artıma
səbəb olub. Məhz bunun nəticəsidir ki, bu il Novruz bayramı ərəfəsində demək
olar ki, yerlərin təxminən 90-95 faizi artıq tutulub. Həm İran, həm İslam ölkələrindən, həm də digər
region dövlətlərdən Azərbaycana turist axınında ciddi artım var. May ayında
İslam Oyunları ərəfəsində də İslam ölkələrindən turist axınının artacağı
istisna deyil. Bütün bu addımlar
turizmin inkişafına təkan və son
nəticədə ölkənin iqtisadi və sosial durumuna öz töhfəsini verəcək”.
"Bütün vacib
məsələlər öz həllini tapacaq”
«Luna travell» Turizm
Agentliyinin direktoru Rəhman Quliyevin sözlərinə görə, sözügedən sərəncam müəyyən müddət
sonra öz bəhrəsini verəcək. R.Quliyev deyir ki,
ayrılan yaşıl zolaqlar sürətli
keçid xidmətini təmin edəcək: "İndiyə qədər sürətli keçid ödənişli idisə,
bundan sonra xarici vətəndaşlar üçün bu, ödənişsiz olacaq. Həmçinin artıq
turistlər ləngiməyəcək. Azərbaycan ərazisində təyyarədən enən turist
10 dəqiqə sonra rahat şəkildə qeydiyyatdan keçə biləcək. Ümumilikdə bu sərəncamdan
sonra viza problemindən tutmuş bütün vacib məsələlər öz həllini tapacaq”.
Şəbnəm Mehdizadə