• cümə axşamı, 25 aprel, 07:55
  • Baku Bakı 14°C

Turistlərə münasibət qaneedicidirmi? - Polemika

22.06.15 10:35 1638
Turistlərə münasibət qaneedicidirmi? - Polemika
Ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə əlaqədar Bakıda və bölgələrdə turistlərin sayı durmadan artır. Bu günlərdə Azərbaycan təkcə Avropadan deyil, dünyanın hər yerindən qonaq qəbul edir. Bəs əhalinin turistlərə olan münasibəti qaneedicidirmi? Qonaqlarımızı layiqincə qarşılayıb yola sala bilirikmi? Mövzu ilə bağlı gənclərimizin fikirləri ilə maraqlandıq.
“Mədəniyyətimizi ifadə etməyi bacarmalıyıq”
Şükufə Süleymanlı, tələbə
Şükufə deyir ki, əhalinin turistlərə münasibəti qənaətbəxş deyil. Onun sözlərinə görə, buna səbəb gələnlərin mədəniyyət və mentalitetinin bizim adət-ənənəmizə uyğun olmamasıdır “Çünki turistlərin geyimi, dili, dini bizə tamamilə yaddır və onlar burada öz gündəlik həyat tərzinə görə yaşayırlar.Turistlərlə bizim aramızdakı ən böyük anlaşılmazlıq geyim tərzindədir. Bizdən fərqli olaraq, onlar daha rahat və açıq geyimlərə üstünlük verir, küçədə istədiyi yerdə oturub kitab oxuyur və yaxud müxtəlif küçə musiqiləri ifa edirlər. Bu səbəbdən bəzən turistlərin şəkillərini sosial şəbəkələrdə paylaşıb onları gülüş hədəfinə çevirirlər”.
Həmsöhbətimiz düşünür ki, ölkəmizə gələn qonaqlara bəzi insanların belə münasibət göstərməsi düzgün deyil: “Turistləri lağlağı obyektinə çevirdiklərinə görə heç kim heç bir halda özünə haqq qazandıra bilməz. Biz hər şeydən əvvəl dərk etməliyik ki, onlar bizim qonağımızdır və onlara qarşı nümunəvi davranışlarımızla seçilməliyik. Unutmamalıyıq ki, Avropa Oyunları bir idman tədbiridir və bu günlərdə nəinki Avropanın, hətta bütün dünyanın diqqəti burada cəmlənib. Odur ki, biz ən çox belə beynəlxalq tədbirlərdə və yarışmalarda turistlərə, idmançılara normal yanaşmalı və öz sülhməramlı niyyətimizi, mədəniyyətimizi ifadə etməyi bacarmalıyıq”.
“Xalqımız turistlərin yaddaşında iz qoyub”
Nüsrət Zeynallı, jurnalist
Nüsrət Şükufədən fərqli olaraq, düşünür ki, Azərbaycanda xarici turistlərə təkcə indi yox, hər zaman çox yaxşı münasibət göstərilib. Onun sözlərinə görə, Azərbaycan xalqı qonaqpərvərliyi ilə xaricilərin yaddaşında dərin iz buraxıb: “Əvvəllər “Sülh korpusu” xətti ilə ölkəmizə Amerikadan bir çox nümayəndələr gəlirdi. Onlar burada hər hansısa bir evdə Azərbaycan ailələri ilə birlikdə qalırdılar. Turistlər bizim milli adət-ənənələrimizi öyrənir, eyni zamanda Azərbaycan dilini mənimsəmək üçün çalışırdılar. Biz də öz növbəmizdə onlarla qarşılıqlı əlaqə saxlayır və müxtəlif debatlara qoşulurduq. Hər dəfə Azərbaycanın müxtəlif səfalı yerlərini gəzən və dadlı təamlarımızı dadan turistlər bizim xalqın qonaqpərvərliyini xüsusilə vurğulayır, öz minnətdarlıqlarını bildirirdilər. Hazırda Avropa Oyunları ilə əlaqədar Azərbaycana turist axınının gücləndiyi müşahidə olunur . Xarici turistlər üçün paytaxt Bakı və bölgələrimizdə hər cür imkan yaradılıb. Turistlər üçün Azərbaycanın müxtəlif ərazilərinə səfərlər təşkil olunur. Turizm şirkətləri də bununla əlaqədar qiymətləri bazar qiymətlərinə uyğun şəkildə tənzimləyirlər”.
Nüsrət deyir ki, mentalitetimiz turistlərin mentaliteti ilə uyğun gəlməsə də, xalqımız qonaqpərvərliyini göstərməyi bacarır: “Bizdən fərqli olaraq, digər millətlərin nümayəndələri çox sərbəstdir və ətrafda baş verən hadisələrə münasibətdə öz təmkinlərini qorumağı bacarırlar. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Məsələ burasındadır ki, bizim milli-mənəvi dəyər anlayışlarımız onlarınkı ilə çox vaxt üst-üstə düşmür və müxtəlif xoşagəlməz hallar baş verir. Lakin ölkəmiz bir sıra beynəlxalq səviyyəli yarışmalara dəfələrlə ev sahibliyi edib və bu sınaqlardan üzüağ çıxmağı bacarıb. Buna görə hər dəfə bu tədbirlərdən sonra ölkəmizdə turizm sektoru inkişaf edir və səhvlərimizdən nəticə çıxarırıq. Bu, eyni zamanda insanların turistlərə qarşı münasibətinin də tədricən müsbət yöndə inkişaf etməsinə yardım edir. Ümid edirəm ki Azərbaycan bundan sonra da öz uğurlarına görə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanacaq”.
“Turistlərə qibtə edirəm”
Leyla Behbudlu, tələbə
Leyla düşünür ki, Azərbaycanda turistlərə olan münasibət digər ölkələrlə müqayisədə fərqlidir. Həmsöhbətimizin sözlərinə görə, buna səbəb Azərbaycan xalqının qonaqsevərliyi və qonağa olan hörmətidir: “Yəqin ki, hamının evində ən yaxşı büllur qablar, şirniyyat qonaq üçün saxlanılır. Artıq avropalı ve digər qitələrdən gələn qonaqların şəhərimizə axını sürətlə artmaqdadır. Yeni simalar, üzlər, insanlar görürük. Müxtəlif millətlərin nümayəndələri öz mədəniyyətləri və adət-ənənələri ilə bizi tanış edirlər. Turistlərin bizim haqqımızda nə fikirləşdiyini deyə bilmərəm. Açığı, onlar bizdən fərqli olaraq, təmkinli və soyuqqanlı olurlar, hisslərini gizlətməyi yaxşı bacarırlar. Lakin bizim turistlərə olan münasibətimizə gəldikdə, deyim ki, burada hardasa onlara sözün yaxşı mənasında paxıllıq və qibtə edirəm. Çünki bizim bəzən özümüzdə qınaq obyektinə çevirdiyimiz və kobud dildə desəm, lağa qoyduğumuz məqamları turistlərdə çox normal hal kimi qəbul edirik”.
Leyla düşünür ki, biz turistlərə öz millətimizdən də çox dəyər veririk: “Bizlər xaricilərə qoyduğumuz insani münasibəti və hörməti öz millətimizə qoya bilmirik. Hər kəs xariciyə yaxşı, mədəni görünmək üçün əlindən gələni edir. Xaricilər üçün dövlətimiz də hər cür şərait yaradıb.Təbii ki, bu, çox təqdirəlayiq haldır. Amma insanların turistlərə münasibəti daha yaxşıdır. Öz adıma istərdim ki, bu hal daim belə olsun. İnsanlar yerli və xarici kimi təsnifata bölünməsin. Göstərilən istənilən qayğı və hörmət bərabər paylansın”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər