• cümə axşamı, 25 aprel, 01:23
  • Baku Bakı 19°C

Turistlərə məmnunluq bəxş edəcək kart

28.02.18 11:00 963
Turistlərə məmnunluq bəxş edəcək kart
Bakıda turistlər üçün ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb. Bu barədə Trend-ə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib. Bürodan bildirilib ki, "Baku Card" Bakı şəhərini tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur. "Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq. Qeyd edək ki, bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçiriləcək. Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.
Milli Turizm Təbliğat Bürosunun meneceri Kənan Quluzadədeyir ki, belə bir kartın yaradılması vacibdir: "Turizmlə məşğul olan və turizmin inkişaf etdiyi bir sıra ölkələrdə bu təcrübədən geniş istifadə olunur. Ona görə də belə bir kartın Bakıda da yaradılmasına qərar verildi. Bir şeyi qeyd edim ki, bu kart ictimai nəqliyyatdan pulsuz istifadə demək deyil. Kartlar pulu olacaq və onların bir neçə növü olacaq. Vaxtından və xidmətlərdən asılı olaraq, qiymətlər fərqli olacaq. Kartları köşklərdən də əldə etmək mümkün olacaq. "Baku Card”lar turistlər üçün çox əlverişlidir. Kartları həmçinin onlayn da sifariş etmək mümkündür. Karta pul yükləmək, sizə təklif edilən xidmət seçimlərindən yararlanmaq mümkündür. İctimai nəqliyyatdan istifadə xidməti və tarixi məkanlara endirimli qiymətlə girişlər olacaq. Həmçinin kart vasitəsilə mağaza və supermarketlərin xidmətlərindən də yararlanmaq mümkündür. "Baku Card” vahid bir kartdır. Bu kartı əldə etdikdən sonra onun bütün xidmətlərindən istifadə etmək imkanı qazanırsınız. Qeyd etdiyim kimi, biz bunu hazırlayarkən dünya təcrübəsindən istifadə etmişik. Dünyanın bir çox ölkələrində bu cür kartlar mövcuddur. Xüsusilə paytaxtlarda və turizmin daha çox inkişaf etdiyi şəhərlərdə belə kartlardan geniş istifadə olunur. Turizm sənayesinin inkişafı üzrə strateji yol xəritəsində bir sıra məqamlar öz əksini tapıb. Orada qarşıya müəyyən hədəflər qoyulub. Özəl sektorlar və aidiyyəti dövlət qurumlar ilə birgə qarşıya qoyulan hədəfə çatmaq üçün müəyyən işlər görülür. Amma turizm elə bir sahədir ki, burada maksimum diqqətli olmalısan. Çünki bəzən təbliğat anti-təbliğata çevrilə bilir. Yəni ümumilikdə hər kəs bu sahənin inkişafına öz töhfəsini verməlidir. Otellərdə, nəqliyyatda, ümumilikdə turistlərə göstərilən xidmət səviyyəsi yüksək olmalıdır ki, ölkəyə gələn qonaqları məmnun edə bilək. Çünki ölkəyə gələn hər bir turist canlı reklamdır. Onlar öz ölkələrinə qayıdandan sonra təbliğat mexanizminə çevrilirlər. Belə bir kartın yaradılması da bu məmnunluğun bir hissəsi hesab oluna bilər. Hesab edirəm ki, buna ehtiyac var idi”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovhesab edir ki,sözügedən kart mənəvi dəyərlərin təbliğində mühüm rol oynayacaq: "Bu, çox gözəl bir təşəbbüsdür. Ölkəyə gələn turist axınını artırmaq üçün dünya təcrübəsində olan bütün faydalı üsullardan istifadə etmək lazımdır. "Baku Card”ın yaradılması turistlərin diqqətini cəlb etmək üçün atılan bir addımdır. Günümüzdə, nəqliyyat turistlərin daha çox pul xərclədiyi sahələrdən biridir. Turistlər marşrutlar üzrə müxtəlif bölgələrə, dağ rayonlarına, tarixi abidələrin çox olduğu yerlərə üstünlük verirlər. Nəqliyyatdan istifadə və muzeylərə giriş imkan yaradır ki, gələn qonaqlar Azərbaycan haqqında geniş məlumat əldə edə bilsinlər. Bu kartdan istifadə edən turistlərin böyük qisminin mədəni-tarixi abidələrimizi ziyarət edəcəklər. Tariximizi, ədəbiyyatımızı, incəsənətimizi daha yaxından öyrənmək imkanları olacaq. Bu baxımdan, belə bir təşəbbüsün irəli sürülməsi çox müsbət haldır. Gələcəkdə turizm sahəsinin daha da inkişaf etməsi üçün bu kimi başqa addımlar da atılmalıdır. Çünki mənəvi dəyərlərimizin təbliği çox mühümdür”.
Ekspert vurğuladı ki, Azərbaycanın turizm potensialı kifayət qədər böyükdür və biz bu sahədən daha çox gəlir əldə edə bilərik: "Bunun üçün isə kütləvi turizmi daha da inkişaf etdirməliyik. Aydındır ki, turist axını artdıqca, ölkəyə daxil olan valyutanın həcmi daha da artacaqdır. Turizmə dair qəbul edilən qərarlar nəticəsində bu sahədə xeyli irəliləyişlər əldə olunub. Bu addımın atılması da, öz növbəsində turizmin inkişafı üçün münbit mühit yaratmaq məqsədi daşıyır . Yəni belə demək olarsa " Baku Card” turistlərə olan diqqət, qayğı və hörmətin göstəricisidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər