• cümə, 19 Aprel, 06:56
  • Baku Bakı 13°C

Turist sayında artım var - Fotolar

28.03.17 11:30 905
Turist sayında artım var - Fotolar
Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda turist qonaq gəldi. Bayram tətilində demək olar ki, şəhərin bütün mərkəzi küçələri müxtəlif ölkələrdən gələn əcnəbilərlə dolub-daşırdı. Bayramdan öncə ehtimal edilən proqnozlarda bu il ölkəmizə gələn qonaqların sayında 15 faiz artım gözlənildiyi bildirilirdi ki, bu da 193 minə yaxın turistin gəlişi deməkdir.Bəs görəsən ehtimallar özünü doğrulda bildimi? Yəni bayram ərəfəsində ölkəmizə gözlənilən sayda turist gəldimi? Növbəti illərdə bu sahənin inkişafı üçün daha hansı addımlar atılmalıdır?
Turizm Assosiasiyasının sədrinin müşaviriMüzəffər Ağakərimovdeyir ki,gözlənildiyi kimi Novruz bayramı ərəfəsində ölkəmizə böyük turist axını oldu: "Bu turistlərin arasında İran vətəndaşları daha çox üstünlük təşkil edirdi. Həmçinin, ərəb, Avropa ölkələrindən və Rusiyadan da xeyli sayda gələnlər var idi. Turizm şirkətləri və hotellərimizin bu sahədə təcrübəsi getdikcə artır. Buna görə də şirkətlər artıq gələn qonaqlara yeni-yeni əlavə xidmətlər təklif edir, müxtəlif regionlara ekskursiyalar təşkil edirlər. Bayram ərəfəsində turistlər nəinki Bakı şəhərində, həm də bölgə və regionlarımızla yaxından tanış olublar. Onlar bizim mətbəximiz, tarixi abidələrimizdən çox razı qaldıqlarını söyləyirlər. Hesab edirəm ki, gələn il ölkəmizə gələn turistlərin sayında yenə artım olacaq. Çünki hər bir turist gələcəkdə özü ilə 3-4 yeni turist gətirir. Azərbaycanda turizm sahəsinin inkişafı yüksələn xətlə davam edir. Bu, növbəti aylarda özünü İslam Həmrəyliyi Oyunlarında, Formula-1 yarışlarında da göstərəcək. 2017 İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə İndoneziya, Malayziya və digər ölkələrdən də turist axınının olacağı istisna edilmir”.

Assosiasiya rəsmisi bəzi məqamları da qeyd etdi: "Turizm elə bir sahədir ki, burada inkişaf kompleks şəkildə olmalıdır. Turizmin inkişafı üçün ilk növbədə əlverişli infrastruktur yaradılmalıdır. Daha sonra viza rejimi sadələşdirilməlidir. Bizdə turistlər üçün asan viza rejimi tətbiq olunur və bir çox problemlər artıq geridə qalıb. Turistlər üçün müxtəlif marşrutlar və proqramlar təşkil olunmalıdır. Bununla yanaşı, yeni otellərin inşasına da ölkəmizdə böyük ehtiyac var. Yeni hotellər yaradılarkən onların tiplərinə, ulduz sistemlərinə diqqət yetirilməlidir. Həm bir, həm iki, həm də daha çox ulduzlu yəni, ən müxtəlif təbəqələri təmin edən hotellər tikilməlidir. Əgər turizm yüksələn xətlə inkişaf edirsə, analoji olaraq hotellərin sayı artırılmalıdır. Nəinki Bakı şəhərində, aparıcı regionlarımız olan Quba, Qusar, Xaçmazda yeni hotellərə ehtiyac var. Həmçinin, Şimal Qərb zonasında da Şamaxıdan tutmuş ta Balakənə qədər böyük turistik zonada hotellərin sayı artırılmalıdır. Təkcə bahalı hotellər deyil, ucuz, sərfəli, ekonom klass hotellərin də inşası mühüm məsələlərdən biridir. Təcrübə göstərir ki, aztəminatlı turistlər evlərdə deyil, ucuz hotellərdə qalmaq istəyir. Növbəti mərhələdə hesab edirəm ki, yeni bazarları fəth etmək lazımdır. Məsələn, Rusiya bazarı bu baxımdan çox sərfəlidir. Lakin biz hələ Rusiya bazarının demək olar ki, 50 faizini əhatə edə bilməmişik. Bu bazarı Azərbaycana cəlb etmək lazımdır. Bundan başqa, yuxarıda qeyd etdiyim Malayziya, Uzaq Şərq ölkələrinin turistləri də Azərbaycana çox diqqət yetirirlər. Biz onları ölkəmizə cəlb etməliyik. Təkcə Avropa ölkələrininin deyil, Şərq ölkələrinin vətəndaşlarının da ölkəmizə gəlişini və burda qalmasını təmin etməliyik. Bunun üçün isə əlavə işlər görülməlidir. Qeyd etdiyim kimi ilk növbədə hotellərin sayı artırılmalı, yeni proqramlar, marşrutlar və əlavə xidmətlər təklif olunmalıdır. Hər bir ölkənin öz mentaliteti və adət-ənənəsi var. Bununla yanaşı, gələn turistləri məmnun etmək üçün xüsusi iş aparılmalıdır. Avropadan gələn turistlə Şərqdən gələn turist eyni deyil. Onlar arasında böyük fərq var. Ona görə də onlar üçün ayrı-ayrı marşrutlar və proqramlar tərtib edilməlidir”.
Azərbaycan Turizm və MenecmentUniversitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, ümumilikdə Novruz bayramı ərəfəsində Azərbaycana əlli mindən artıq turistin gəlməsi planlaşdırılırdı: "Hesab edirəm ki, təqribən bu hədəfə nail olundu. İran və ərəb ölkələri başda olmaqla bu ərəfədə Azərbaycana 50-120 minə yaxın turist kütləsi gəldi. Düzdür, hələlik statistik rəqəmlər tam açıqlanmayıb. Lakin ümumi müşahidələr göstərir ki, həm Bakıda, həm də regionlarda yaxın və uzaq ölkələrdən xeyli turist gəldi. Bu sahənin gücləndirilməsi baxımından növbəti illərdə Novruz bayramının daha fərqli şəkildə keçirilməsinə üstünlük verilməlidir. Bundan əlavə, turistin gəlməsi ilə yanaşı, onun ölkədə saxlanılması, yəni bir günlük deyil, bir neçə həftəlik və daha uzun müddətdə Azərbaycanda qalması üçün çalışmalıyıq. Bu iqtisadi səmərəlilik baxımından da çox vacibdir. Həmçinin bölgələrdə də Novruz ərəfəsində həm milli mətbəx, həm də folklor nümunələrinin daha fərqli təbliğatı və təşkili bunu zəruri edir. Düşünürəm ki, bu, həm də gələcək illərdə Azərbaycana daha çox turistin gəlməsini təmin edəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovqəzetimizə açıqlamasında bildirdi ki,son dövrlərdə Azərbaycana turist kimi gələnlərin sayı kəskin artıb: "Budəfəki Novruz bayramında da bu artım hiss olunub. Artımın əsas səbəblərindən biri də ölkəmizdəki siyasi sabitlikdir. Hesab edirəm ki, bu amil turizm sahəsində ən önəmli məsələlərdən biridir. Digər tərəfdən, müstəqillik illərində, xüsusilə son 10 il ərzində turizmin inkişafı üçün geniş imkanlar yaradılıb. Düzdür, qiymət və xidmətlə bağlı bəzi problemlər hələ də qalmaqdadır. Lakin onlar yavaş-yavaş öz həllini tapır. Görülən işlər Azərbaycanı cəlbedici ölkəyə çevirib. Hesab edirəm ki, bu problemlər də qısa zaman ərzində öz həllini tapacaq. Turizm sahəsi Azərbaycanın ən çox gəlir götürə biləcəyi sahələrdən biridir. İndiki məqamda ölkəyə turist axınının təmini çox mühüm əhəmiyyət kəsb edir”.
Yeri gəlmişkən qeyd edək ki, bu il Novruz bayramı ərəfəsində təxminən 14 min İran vətəndaşına Baş Konsulluq tərəfindən viza rəsmiləşdirilib. Bu barədəAPA-ya Azərbaycanın Təbrizdəki baş konsulu Əliyyənağı Hüseynov məlumat verib. O bildirib ki, ölkəyə gələn iranlı turistlərin sayının artması Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir: "İranlı turistlər özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss edirlər. Viza ilə bağlı daxil olan müraciətlərin 100 faizinə müsbət cavab verilib. Bu dövr ərzində Baş Konsulluq gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və orta hesabla desək,viza müraciətləri 3 iş günündən az bir müddət ərzində cavablandırılıb. Müqayisə üçün deyim ki, Baş Konsulluq tərəfindən 2016-cı ildə 50 minə yaxın viza verilib. Yeni yaradılmış "ASAN Viza” sistemi əcnəbi vətəndaşlar, o cümlədən İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş və elektron qaydada tez bir şəkildə viza almasında mühüm rol oynayır. Düzdür, VISA və "MasterCard" ödəniş sistemlərinin İran ərazisində işləməməsi İran vətəndaşlarına "ASAN viza”dan tam yararlanmağa imkan vermir. Bayramlar ərəfəsində səfirlik və Baş Konsulluğun gücləndirilmiş iş rejimində çalışması bunu kompensasiya edir".

Diplomat qeyd edib ki, vizanın rüsumu 20 ABŞ dollarıdır və ödənişlər bank hesabı vasitəsilə həyata keçirilir: "Biz həm fərdi, həm də turizm agentlikləri vasitəsilə daxil olan müraciətlərə baxırıq. Turizm agentlikləri göstərdikləri xidmət müqabilində vətəndaşlardan viza rüsumundan əlavə xidmət haqqı da alırlar ki, bunun bizə aidiyyəti yoxdur. Bu, normal haldır və bütün dünyada rast gəlinir”.
Baş konsul hazırda da çoxsaylı viza müraciətlərinin daxil olduğunu söyləyib. O bildirib ki, bu gün ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran əlaqələri yüksək səviyyədədir: "Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılıqlar dediklərimizə bariz sübutdur. Biz də öz növbəmizdə iki ölkə əməkdaşlığına töhfə verməyə çalışırıq. Baş Konsulluq İranın müxtəlif regionları ilə ölkəmiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ostandarların Azərbaycana səfərlərinin təşkili, konsulluq xidmətlərinin göstərilməsi, Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin təmin edilməsi, mədəni-humanitar əlaqələrin, turizmin inkişafının təşviqi, İran vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir”.
Ölkəyə gələn turistlərin rəsmi statistikasına gəlincə isə bu barədə Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov qəzetimizə açıqlamasında bildirdi ki, statistik rəqəmlər yaxın günlərdə açıqlanacaq.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər