• cümə, 29 Mart, 10:55
  • Baku Bakı 5°C

Tural Gəncəliyev: İcmalararası dialoq müsbət töhfə verə bilər

13.02.19 18:45 506
Tural Gəncəliyev: İcmalararası dialoq müsbət töhfə verə bilər
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səylərinə və danışıqlar prosesinə xələl gətirir. Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönməsinə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar?!
AZƏRTACxəbər verir ki, bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın açıqlamasına münasibət bildirərkən deyib.
O deyib: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yerdir. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin nədənsə iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüz minlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı jurnalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil”.
Tural Gəncəliyev bildirib ki, qanunsuz rejimin indiyə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri cəkilməyin, etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib. Yaxşı olardı ki, Masis Mailyan və ətrafındakılar qarşı tərəfi ittiham etmək əvəzinə, itirilmiş imkanların geri qaytarılması barədə düşünsünlər və münaqişənin tənzimlənməsinə xələl gətirən bəyanat və şərhlərdən çəkinsinlər. Münaqişə tərəfləri arasında inamın yaradılması məsələsinə gəldikdə isə, biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı müraciətlərimizdə dəfələrlə icmalararası konstruktiv dialoqun aparılması və təmasların qurulması çağırışlarını etmişik. İcmalararası dialoq xalqların gələcək sülhə hazırlanması müstəvisində müsbət töhfə verə bilər. Lakin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "obstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgəyaşayışı üçün zəmin hazırlana bilər.
İcmanın rəhbəri əlavə edib ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir.
banner

Oxşar Xəbərlər