• cümə, 19 Aprel, 13:34
  • Baku Bakı 25°C

“Tural Abbaslı başqanlığa ən şanslı namizədlərdəndir”

21.02.14 09:35 1382
“Tural Abbaslı başqanlığa ən şanslı namizədlərdəndir”
Müsavat Gənclər Təşkilatına (MGT) yaşanan gərginlik günbəgün artmaqdadır. Partiya funksionerləri bunu təkzib etsələr də, bir müddət öncə İcra Aparatının rəhbəri Arif Hacılını tənqid etdiyinə üçün partiyadan qovulan Samir Poladovun son açıqlamaları deyilənlərin həqiqət olduğunu təsdiqləyir. Təşkilatdan və partiyadan uzaqlaşdırılmasını özünə qarşı haqsızlıq sayan S.Poladov gənclərə qarşı edilən son hərəkətlərin əslində başqanlıq mübarizəsi ilə bağlı olduğunu, gənclərin namizədini sıradan çıxarmağa hesablandığını bildirib. O, əks cəbhədə Hacıbəyli ailəsinin dayandığını söyləyib. MGT-də son sədr seçkiləri, gənclər arasında yaranan narazılıq, Müsavatda alternativ təşkilatın yaradılması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Əhəd Məmmədli cavablandırır.
- MP GT-dakı narazılıqlar, fikir ayrılığı, bir sıra gənclərin təşkilatdan çıxarılması kimi hadisələr nədən qaynaqlanır?
- Müsavat Gənclər Təşkilatında hər zaman rəqabət olub. Bu rəqabət tamamilə sağlam əsaslara söykənib. Mən bunu alqışlayır, təqdirəlayiq hal kimi qiymətləndirirəm. Digər tərəfdən, gənclər yaş xüsusiyyətlərindən irəli gələrək bir qədər çılğın, dəliqanlı olurlar. Ona görə də Müsavat Gənclər Təşkilatının bəzi üzvlərinin hərəkətlərini onların dəliqanlılığı, bir az da siyasi təcrübələrinin az olması ilə əlaqələndirərdim. Belə rəqabət mühitində əndazəni aşmalarını da müşahidə edə bilərik. Bəlkə də kimlərsə bunu xoşagəlməz olay kimi də qarşılayır. O ki, qaldı 6 nəfərin təşkilatdan kənarlaşmasına, Divanda bu məsələyə baxılacaq və çıxarılan qərar hər iki qrup tərəfindən qəbul ediləcək. Partiyadan çıxarılan iki nəfər gəncə gəldikdə, onlar bizim təşkil etdiyimiz bəzi tədbirlərdə, aksiyalarda iştirak etməklə ruhən müsavatçı olduqlarını bir daha təsdiqləyiblər. Nizamnamənin tələbinə görə, o iki nəfər partiya sıralarından kənarlaşdırıldıqdan 6 ay sonra təkrar üzvlük üçün müraciət edə bilərlər. Həmin vaxt onların fəaliyyətinə təkrar baxılacaq və buna uyğun qərar veriləcək.
- Sizə elə gəlmirmi ki, MP GT-dakı son olaylar, xüsusən də gənclər arasındakı fikir ayrılığı, qarşılıqlı ittihamlar yeni sədrə olan inamsızlığın, etimadsızlığın göstəricisidir?
- İndidən bu cür qiymət vermək tezdir. Çünki Əhliman Abbasın sədr seçilməsindən az bir müddət keçib. O sədrliyini davam etdirməlidir. Bundan xeyli vaxt keçəndən sonra onun fəaliyyətini qiymətləndirmək olar. Hal-hazırda bu məsələ Divanın da nəzarətindədir. Bu məsələ ətraflı şəkildə araşdırılır.
- Sizcə, nəyə görə gənclər yeni sədrə tabe olmurlar?
- Yaş senzi ilə əlaqədar hal-hazırda mən Müsavat Gənclər Təşkilatında fəaliyyət göstərmir, iclaslarda iştirak etmirəm. Ona görə də iclasların hansı səviyyədə, necə keçirilməsindən, yaxud keçirilmədiyindən xəbərim yoxdur. Hazırda ortada bir qrup razı, bir qrup narazı tərəf var. Kərim bəyin söylədikləri narazı tərəfin fikirləridir. Yəqin ki, qarşı tərəfin də özünə görə arqumenti var. Hər iki tərəfin fikirlərini Divan araşdıracaq. Yalnız bu araşdırma başa çatandan sonra dəqiq nə isə söyləyə bilərik.
- Partiyadan uzaqlaşdırılan Samir Poladov gənclərə qarşı edilən bu hərəkətlərin əslində başqanlıq mübarizəsi ilə bağlı olduğunu, gənclərin namizədini sıradan çıxarmağa hesablandığını, əks cəbhədə Hacıbəyli ailəsinin dayandığını bildirib. Deyilənlər nə dərəcədə əsaslıdır?
- Samir Poladov Gənclər Təşkilatından, ardınca da partiya sıralarından xaric olunanlardandır. Sonradan Müsavatın aksiyasında iştirak etdiyinə görə həbs olunub. Əqidəsinə uyğun mübarizəsini davam etdirib. Ola bilsin ki, o, gərginlikdən, siyasi təcrübəsizlikdən belə fikirlər səsləndirib. Hesab etmirəm ki, Müsavat Gənclər Təşkilatındakı hadisələr qurultaya, başqanlığa namizədliyə görədir. Çünki reallıqda Əhliman Abbas və bir sıra şəxslər qurultay nümayəndəsi deyillər. Onların səsi də yoxdur ki, kimsə buna ehtiyac duysun.
- “Azadlıq” qəzetində dərc olunan materiallardan da aydın olur ki, AXCP təmsilçiləri Müsavatda məqsədli şəkildə potensialı olan gənclərin zərərsizləşdirilməsinə start verildiyini bildirirlər. Bu fikrə münasibətiniz necədir?
- Yaxşı olardı ki, AXCP hal-hazırda təmsil olunduğu Milli Şurada fəaliyyətini davam etdirsin, mübarizəsini aparsın. Müsavat Gənclər Təşkilatındakı hadisələrdən də qəti narahat olmasınlar. Onların iddia etdikləri kimi niyyətlər olarsa, Müsavat rəhbərliyi tərəfindən bunun qarşısı dərhal alınacaq. Bundan başqa, o da reallıqdır ki, potensialı olan istənilən şəxsin qarşısını heç kim ala bilməz.
- Partiyadan kənarlaşdırılan gənclərin Müsavatda alternativ təşkilat yaratmasına münasibətiniz necədir?
- Məndə belə bir məlumat yoxdur. Əgər belə bir şey olsaydı, başqan müşaviri kimi mənim də xəbərim olardı.
- Bunu S.Poladov dünən (srağagün) mətbuata açıqlamasında bildirib...
- Ola bilsin fərd kimi o, subyektiv fikrini ortaya qoyub. Amma hazırda belə bir fakt və ya hadisə baş verməyib.
- Bəzi Müsavat üzvləri, o cümlədən Azər Ayxan gənclər arasındakı olaylara toxunaraq, GT-nın buraxılmasını vacib sayırlar. Bəs öz üzvlərinizin gənclər təşkilatına belə münasibəti nədən irəli gəlir?
- Ötən 6-7 ilə nəzər salsaq görərik ki, Müsavat Gənclər Təşkilatı respublikanın aparıcı təşkilatlarından birinə çevrilməyi bacarmışdı. Artıq partiyalarla rəqabətdə olan bir gücə çevrilmişdi. Bu mənada müsavatçıların, o cümlədən Azər bəyin narahatçılığını da başa düşürəm. Onlar Müsavat Gənclər Təşkilatını güclü görməyə öyrəşiblər. Son seçkilərdən sonra üzə çıxan problemlər isə hamı kimi onlarda da narahatçılıq yaradıb. Bu üzdən bir qədər əvvəl qeyd etdiyiniz fikir ortaya çıxıb. Ümid edirik ki, yaşanan narahatçılıqlar qısa zamanda aradan qalxacaq, Müsavat Gənclər Təşkilatı öz əvvəlki gücünə qayıdacaq.
- Belə bir iddia da var ki, MP GT-da baş verən son proseslər başqanlığa namizəd T.Abbaslını neytrallaşdırmağa, zəiflətməyə hesablanıb...
- Tural Abbaslı başqanlığa ən şanslı namizədlərdəndir. Partiya daxilində də onun böyük nüfuzu var. Müsavat Partiyasının sədri İsa Qəmbər dəfələrlə qeyd edib ki, Müsavat Gənclər Təşkilatı ölkənin bir nömrəli təşkilatına çevrilib. Bu uğurlar, yüksəlişlər məhz Tural Abbaslının dönəmində başlayıb. Ona görə də Gənclər Təşkilatını Tural bəyin əleyhinə yönəltməyin heç bir məntiqi əsası yoxdur. Düzdür, Müsavatda rəqabət var. Amma bu, sağlam rəqabətdir. Əgər Qurultayın nəticələrinə görə Arif bəy başqan olsa Tural bəy onun əlini sıxıb təbrik edəcək, bir yerdə fəaliyyətlərini davam elətdirəcəklər. Eləcə də əksinə.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər