• cümə, 19 Aprel, 23:46
  • Baku Bakı 24°C

TUR, DAR, NUR

15.11.18 10:30 1078
TUR, DAR, NUR
Ucalıq müqayisənin övladı deyil. Əgər belə olsaydı, o zaman mənəvi və maddi aləmdə alçaq qalmazdı. Çünki, bütün alçaqlar bir başqa alçaqla müqayisədə ucadır. Bəli, ucalıq, həqiqətən də fərqli bir kateqoriyadır. Zira, ucalar alçaqları üzə çıxarmaq üçün ucalmırlar. Müqayisəyə gələn ölçülər yaranışın gərəyidir. Xilqət mütləq kamilliyə sahib olduğu üçün onları qiyaslamaq özü naqislikdir. Lakin yaranış yarananın yox, yaradanın fədakarlığıdır. Ucalıq isə xilqətin cəbri deyil, məxluqun ixtiyarıdır. Yəni nə qədər qəribə səslənsə də, alçaqlar kimi, ucalar da İlahi qanunları pozanlardır. Lakin bir fərqi var ki, birincilər, yəni alçaqlar yaranışı məhv edir, ikincilər, yəni ucalar isə yaranışı bir də yaradır. Nəticə olaraq, bunu görürük ki, məxluq yarandığı kimi yaşamır. O, ya alçalır, ya ucalır. Xilqətdən başqa hər şey özünü təyin etmə səlahiyyətinə sahibdir. Onu alçaldan da, ucaldan da məxluqun özüdür. Bu baxımdan, əgər Tanrı varsa, onun görünən adı yalnız "Xaliq"dir. Digər ünsürlərdə Onun iştirakı görünmür. Bu görünməyəni zorla və digər vasitələrlə görünən edən, yenə də məxluq özüdür. Yenə də hər şeyi Onun cəbrinə bağlayan, ancaq bütün həyatını və fəaliyyətini öz fərdi ixtiyarına təslim edən həmin bu yaradılışdır.
İxtiyar cəbrin içindən sıyrılmaqdır. Ucalar isə özünə tərəf yox, Ona tərəf sıyrılanlardır. Ucalar xilqətin gərəyinə doğru can atanlardır. Bu tərsinə gedişin səbəbi isə odur ki, yaranışın özü ixtiyarın doğuluşudur. İstəsək də, istəməsək də məxluq olduqdan sonra Xaliqin cəbrindən çıxırıq. Bunun özü də məhz elə xilqətin gərəyidir. Xaliqi aramaq məxluqun Xaliqə dönüşü ilə mümkündür. Başqa dürlü arayış nəticəsiz, əvvəli şirin, sonu acı və boşluğa dönüşən əfsanələrdən ibarətdir. Əfsanə isə bir şeyə xidmət edir: həqiqəti yox etmək. Heç bir peyğəmbər din gətirmədi. Hamısı ucalıq gətirdi. Onların ucalığını dinə çevirənlər alçaqlar oldu. Ona görə də, Musadan başqa Tura, İsadan başqa Dara, Məhəmməddən başqa Nura çıxan olmadı. Bəli, məhz onlar çıxdılar, yəni qalxdılar, ucaldılar. Onlar insanı gerçək olan Tanrıya, yəni özünə çağırdılar. İnsanlar isə özlərindən ayrılıb, yalan olan Tanrıya doğru getdilər. Bəli, ucalar, məhz özlərinin alçaq olmadıqlarını dərk edənlərdir. Xaliq niyə dərk edilmək istənilir? Bunu məxluqdan kim istədi? Bunu istəyənlər əlbəttə ki, cəbrin içindən sıyrılanlardır. Lakin, onların fədakarlığını yola, cərəyana, qanuna, ehkama çevirənlər isə kütlələri yönəldənlər oldu. Maraqlıdır, əgər ucaların məqamı yaxşıdırsa, biz niyə ucalmırıq? Yox, əgər pisdirsə, onlar niyə ucaldılar? Yox, onların ucaldığı yerə biz ucala bilməriksə, deməli, biz alçağıq? O zaman ucaların yolunu necə gedirik? Alçaq ola-ola, necə olur ki, özümüzü ucaların yolunun talibi, onların davamçısı olaraq görürük? Bu absurd deyilmi? Axı onlar seçilmək üçün ucalmamışdılar. Onlar ucalmamışdılar ki, bizi alçaltsınlar. Özümüzü onlardan seçən və alçaldan bizik. Tənhalıqda, sonsuz göz yaşlarının və o mağaralara sığmayan eşqin nəticəsi olan ucalıqlar necə olur ki, biz alçaqların halal malı olur? Axı o ucalığı onlar qazandılar, biz yox. Demək, belə çıxır ki, bir nəfərin ucalığı milyonların alçaqlığını idarə etmək üçündür?! Hər kəs Musa, hər kəs İsa, hər kəs Məhəmməd olmayacaqdısa, onlar niyə Tura, Dara, Nura çıxdılar? Məsələ burasındadır ki, ucalıq Turdan, Dardan, Nurdan gələnləri qanuna, ehkama çevirib, din yaratmaq və bu yolla növbəti kütlə hakimiyyətinə sahib olmaq deyil, məhz və yalnızca Tura, Dara və Nura çıxmaqdır. Oralara qalxanlar düşünsəydilər ki, buradan enəndən sonra həmin vəhyləri, ayələri qılınca çevirib, insanların gözünə soxsunlar, o zaman o vəhy, o ayələr onlara gəlməzdi və ümumiyyətlə, onlar o yerlərə çıxa bilməzdilər. Bir dəfə anlamaq lazımdır ki, onlar vəhy almaq üçün dağa çıxmadılar, dağa çıxdıqları üçün vəhy aldılar! Bunlar fərqli-fərqli şeylərdir. Özü də bu fərq nə az, nə çox, düz Tanrı ilə şeytan arasındakı fərq qədərdir!
Tənhalıq məxluqdan qaçmaq deyil, Xaliqə qaçmaqdır. Bunlar da fərqli şeylərdir. Çünki məxluqdan qaçan heç bir zaman Xaliqə tərəf qaça bilməz. Həmin qaçışın niyyəti və səbəbi fərqlidir. Xaliqə tərəf qaçışın səbəbi məxluqun yox, nəfsin basqısı olmalıdır. Çünki nəfsin özü cəbridir, onun basqısı ixtiyari. Məxluq bu anlamda heç kimdir. Alçalan da bizik, ucalan da. Ucalmaq istəyənin məxluqla bir dərdi olmadığı üçün məxluqdan qaçar kimi görünür. Ancaq bu sadəcə bir görüntüdür. Gerçəklik isə bir qədər dərindədir. Özünüdərkin mərhələli və əzablı yolları, nəticədə, Xaliqin dərkinə gətirib çıxarır. Bu yolun başqa sonu yoxdur. Ancaq dediyimiz kimi, onlar bunu aşağıya enmək üçün etmədilər. Belə olsaydı, hərəsinin qoltuğuna hazır bir kitab verib göndərərdilər. Heç kimi heç yerə göndərmədilər. Gedişat belə oldu. Son peyğəmbərin sağlığında hələ Qurani-Kərimi bir yerə toplayıb nəşr etməmişdilər. Eşqin ayələrini dövlətin qanunlarına çevirmək o aşiqlərin heç ağlına da gəlmirdi. Onların gözündən baxanda adam demək istəyir: biz nə düşünürük, siz nə düşünürsünüz?! Acıdır, həqiqətən çox acıdır!
Biz isə düşünürük ki, Həllac Mənsurla Həzrəti İsanın arasında elə də ciddi məqam fərqi yoxdur. Hətta onlar eyni zatın görüntüləridir. Hətta və hətta, Həzrəti Mənsurun məqamı Həzrəti İsadan üstündür. Səbəbi isə budur ki, Məsihanı dara çəkənlər bir az sonra onu "Allah" elan etdilər (onlar bunu bütün peyğəmbərlər üçün ediblər - istisnasız olaraq). Çünki onu başdan-ayağa təhrif etdilər. Ancaq Həllac Mənsuru təhrif etmək mümkün olmadı və onu dara çəkənlər bu gün də (və hər zaman) ona "kafir" deyirlər. Böyük Hafiz qəzəllərinin birində Mənsur haqqında "səri-dari-bolənd" ifadəsini işlədir. Çox maraqlı bir məqamdır. "Sər" başdır, "dar" dar ağacıdır, "bolənd" ucaltmaq deməkdir. Hafiz deyir ki, dar ipi Mənsur boynunu, yəni boyunu ucaltdı. Burada həm fiziki mənada iplə dartılaraq yuxarıya doğru çəkilən baş, həm də mənəvi anlamdakı ucalmaq və ən əsası ucaltmaq mənaları ortaya çıxır. Bəli, alçaqlar ucaları öldürərkən, həmişə onları hər iki mənada özlərindən yüksəyə qaldırıblar. Bu mənzərə, bu səhnə, istəsələr də, istəməsələr də hər zaman belə alınıb. Ucaların yolunu alçaqlar tamamlayır. Çünki dünya üzündəki ucalığın bir həddi var. O həddə yetişmək ölməklə, daha doğrusu, öldürülməklə bitir. Bu isə alçaqların görəvidir. Ucaların eşqinə yetişə bilməyənlər onların canına qəsd edir. Tarixdə bir nəfər də olsun, ixtiyar sahibi uca insan görmək mümkün deyil ki, dünyəvi həyatı fəlakətlə davam edib, faciə ilə bitməsin! Alçaqlar ucalmayacaq, ucalar isə alçalmayacaq. Ona görə də, bu təzad və onun acı nəticələri əbədi savaşın bitməyən görüntüləri olaraq qalacaq.
Canımı cananə verdim, canə yoxdur minnətim,
Canı canan eylədim, cananə yoxdur minnətim.
Cümlə əşyavü dəlil varlıq səbəbkarım deyil,
İnü andan keçmişəm, insanə yoxdur minnətim.
Olmadım rahində əsla müddəi, sultanımın,
Dərgəhində bir qulam, sultanə yoxdur minnətim.
Zülfünün küfrü salıb gözdən, nəzərdən dinimi,
Kafəri-eşqəm gülüm, imanə yoxdur minnətim.
Mən ki, yandım atəşi-eşqində hər sübhü məsa,
Canıma rəhm etməsin, Rəhmanə yoxdur minnətim.
Hiyləvü rindanəlikdə çünki "xeyrül-makir"əm,
Məkri-ali məndədir, şeytanə yoxdur minnətim.
Zati-mehmani-Xudavənd olmuş idim donbadon,
Zati-Qürsəm indi mən, mehmanə yoxdur minnətim.
Çərxi-dövranın bəlavü möhnətindən fariğəm,
Çərxi pamal etmişəm, dövranə yoxdur minnətim.
Qeyr qurbanə nə hacət eydi-əkbərdə, könül,
Canı qurban etmişəm, qurbanə yoxdur minnətim.
İstəsə zundanə salsın dəhri-kəcrəftar məni,
Təndən azad olmuşam, zindanə yoxdur minnətim.
Cümlə müşkül tərki-eşq ilə olur asan, vəli,
Mən elə müşküldəyəm, asanə yoxdur minnətim.
Qareyi-rüxsarınam, vird eylərəm ol müshəfi,
Görmüşəm xalu xətin, Quranə yoxdur minnətim.
Saliməm, eşqin yolunda qanım axsın durmadan,
Çünki Sarullahəm ey dil, qanə yoxdur minnətim.
Lakin həyat belə bir kilidlənmə ilə davam edə bilməyəcəyi üçün adına "Allah"dan tutmuş "təbiət"ə qədər hər şey dediyimiz mütləq kamillik mənbəyi olan həmin o Xaliq, ucalıqdan alçaqlığa yol qoymayıb, ancaq alçaqlardan ucalara gedən yolu açıq qoyub. Çünki məsələ şəxslərdə deyil, məqamlardadır - yəni nə ucalar var, nə alçaqlar. Ucalıqlar və alçaqlıqlar, yəni uca yerlər və alçaq yerlər vardır. Bu yerlərə, bu məqamlara gəlib çıxmaq isə ixtiyarın işi olduğu üçün, yollar açıqdır. Ancaq dediyimiz kimi, ucalıqdan geriyə yol yoxdur. Yol ancaq irəliyə, ucalığadır. Elə Xaliqin var olduğu həqiqəti də məhz buradan məlum olur. Çünki Allah olmasaydı, hərəkətin istiqaməti olmaz, gedişlərin və dönüşlərin qaranlıq xaosu yaranar, batini istəyin güclü, qarşısıalınmaz axını hər şeyə üstün gəlməzdi. Bəli, tanrısallıq məhz geriyə yolun olmadığı anlamında mövcuddur. Hərəkətsizlik zatən gerilikdir. Bunun üçün ayrıca olaraq, geriyə doğru hərəkətə ehtiyac yoxdur. Alçaqlar günü-gündən alçalmır. Nisbətdə ucalar günü-gündən ucaldığı üçün iki nəsnə arasındakı məsafə get-gedə böyüyür. Alçaqları hər zaman buraxdığınız yerdə gəlib tapacaqsınız. Görəcəksiniz ki, heç nə dəyişməyib. Onlar yenə öz dediklərindədir. Bu mənada, nə qədər gülünc olsa da, Əbu Cəhl Peyğəmbərdən daha sabitqədəm idi; ömrü boyu dedi ki, Məhəmməd yalan danışır. Çünki o, alçaqda dayanmışdı - həm də mümkün olan ən alçaqda. Dediyimiz kimi, hərəkətin dialektoloji istiqamətindəki icbari qanunauyğunluq irəliyə doğru olduğu üçün Əbu Cəhl və bütün "cəhlin atası" olanlar ondan daha aşağıya düşə bilməzdilər. Niyə? Bəli, bunun başqa bir niyəsi də budur ki, uca Yaradan həm də Rəhmandır. Yəni, əbu cəhllərin də ucalığa yolu açıqdır. Onların da bir gün anlamaq imkanı var ki, taleyin,qəzavü-qədərin bilinməzliyinin tək səbəbi həyatın yoldan ibarət olduğudur. Yol isə müəmmanın babasıdır.
Bilinən yeganə şey odur ki, bütün yollar əvvəl-axır işığa və qurtuluşa doğrudur. Bunun üçün isə, ancaq və ancaq yola çıxmaq lazımdır. Mövlana buyurur ki, sizi hərəkətə gətirməyən imanın sizi Siratdan keçirməsinə imkan yox. Böyük ustad gizli şəkildə demək istəyir ki, nə varsa, bu dünyada, bu həyatdadır. Dünyası hərəkətsiz, həyatı yolsuz olanın axirəti əfsanə, cənnəti nağıldır. Dünyadakı hərəkətin, həyatdakı yolun mənzilinə yetişənlər üçün isə ikinci bir Sirat körpüsünə, ikinci bir cənnətə ehtiyac yoxdur. Allahın dadı xəlvətin sirrində, göz yaşının şirinliyindədir. Kimsəsiz olmayanın kimsəsi olmaz. Kimsəsiz qalmadıqca, O Kimsə gəlməz! Halal gülüş ağlamaqla əldə edilir. Dünyəvi xoşbəxtlik elə dünyəvi bədbəxtliyin öz bətnindədir. Lakin bütün bədbəxtlər o xoşbəxtliyə yetişə bilmir. Çünki bədbəxtliyin hərəkət səbəbi, yol başlanğıcı olduğunu hər kəs bilmir. Dünya həyatının bir ucunda şeytan gözləyir, bir ucunda Allah. Ancaq bu ucların bir fərqi var; şeytana tərəf getməyə gərək yoxdur. Çünki o zatən var. Ancaq Allaha doğru getmək üçün hərəkət və ixtiyar lazımdır. Başından da dediyimiz kimi, məxluq yaradıldığı kimi qalmadığı üçün, insan seçimlə üzbəüzdür. Yəni, yaradılış nə qədər kamil və gözəl olsa da, onun həyatı bir o qədər naqis və xaotikdir. Bu qanunauyğunluq isə İlahinin özünü həyat səhnəsindən vurub çıxarır. Naqislər və çirkinlərin yaratdıqları Tanrı isə əfsanəyə, nağıla çevrilir. Bərbəzəkli, ehtişamlı tanrılardan, dinlərdən heç bir şey çıxmadı. Onlar heç kimi qurtara bilmədilər. Qurtulan hər kəs özü qurtuldu. Bəli, Mövlananı Quran xilas etdi. Ancaq niyə təkcə Mövlananı? Bəlkə Mövlana o Quranı naqislərdən və yobazlardan xilas etdi?! Axı Allah da, Onun mütləq və müəyyən olunmuş əlamət və nişanələri də feliyyət səbəbi olduğu kimi, feliyyət də onların davamiyyətinə səbəb olur. Yəni, belə demək mümkünsə, insanı yaradan Tanrıdır, ancaq Tanrını yaşadan insandır! Həm də dolayısı ilə, Tanrını öldürən də insandır. Xaliqin həyatı da ölümü də məxluqun şüurunda baş verir. Onun insana faydalılıq əmsalı insanın Onu dərk etmə əmsalı ilə düz mütənasibdir. Xəlvətin sirri göz yaşının və sıyrılmanın fərdiliyində və ixtiyarla edilmiş fədakarlıqdadır. Sirrin sirri ancaq və ancaq ucaların alçaqlar qarşısındakı çarəsiz susqunluğundadır. Çünki Turun da, Darın da, Nurun da sirri o mərtəbəyə yetişməklə açılır. Alçaqlar üçün hər görünən sirdir, ucalar üçün hər sirr görünəndir!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər