• çərşənbə axşamı, 19 mart, 08:31
  • Baku Bakı 8°C

Tuncər Cücənoğlu: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”

20.04.18 11:50 2237
Tuncər Cücənoğlu: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”
Tuncər Cücənoğlu... Bu ad teatr camesinə çox yaxşı tanışdır. Bu gün Türkiyəli yazarın dövrümüzün ən aktual problemlərindən bəhs edən əsərləri dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur. T.Cücənoğlunun əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon, isveç, gürcü, yapon, azərbaycan, tatar, çin, ərəb, fars, ukrayna, macar, çərkəz, litva, özbək olmaqla 30 xarici dilə tərcümə edilib.
Dünya teatr aləmində dramaturq kimi məşhur olan müsahibimin "Uçqun”, "Matruşka”, "Rəngsaz”, "Gözəlçələr”, "Qızıl çay”, "Çıxmaz küçə”, "Sənət”, "Təyyarə”, "Şapka”, "Ziyarətçi”, "Qadın sığnağı” və s. əsərləri 40-dan çox ölkədə səhnə həllini taparaq bu gün də repertuarlarında yer alır.
Əsərləri Azərbaycanda da sevilə-sevilə tamaşaya qoyulan dünya şöhrətli dramaturqla bu dəfə virtual olaraq söhbət etdik. Söhbətimizi sizə təqdim edirik.
- Tuncer bəy, 50 ilə yaxındır ki, teatr səhnələri üçün əsərlər yazırsınız. Bu da yarım əsr deməkdir. 50 il! Bu, əsərləri dünyanı gəzən bir yazar üçün nə məna daşıyır?
- Bəli, teatr yazarı olaraq 48 ildir ki, fəaliyyətdəyəm. İki il sonra 50 ilim tamam olacaq. Bu nöqtəyə gəlib çatdığım üçün özümü xoşbəxt hiss edirəm.
- Müəllifi olduğunuz pyeslər nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində səhnəyə qoyulub və hələ də oynanılmaqdadır. Bu uğura necə nail olmusunuz?
- Əsərlərimi yalnız Türkiyə üçün deyil, dünya xalqları üçün də yazıram. İnsanlığın problemləri ortaqdır. Əgər sağlam bir hekayəniz, xarakterləriniz və insanlığı maraqlandıran bir mesajınız varsa, bu zirvəyə çatmaq mümkündür.
- Normalda yazar sadəcə bir əsərinin səhnəyə qoyulması üçün illərlə gözləyir.
- Yazdığım ilk əsərimlə teatr səhnəsinə çıxan bir yazaram. Əsərlərim mənə bu şansı yaradır.
- Türkiyənin teatr həyatını necə dəyərləndirirsiniz? Və hazırda Türkiyə teatrında hansı proseslər gedir?
- Türkiyənin aktyor baxımından bir problemi yoxdur. Amma bir qədər rejissor sıxıntımız var. Növbəti önəmli problemimiz də dövlət və bələdiyyə teatrlarının tamaşa seçimində daha sərbəst bir ortama sahib olmasıdır. Bu çox vacib məsələdir.
- Teatr yazarı olaraq fərdi saytınız fəaliyyət göstərir, bu sizə hansı avantajlar yaradır?
- Haqqımda bütün materialları özündə daşıyan Web səhifəm mənə böyük avantajlar təqdim edir. Çünki bütün dillərə çevrilmiş əsərlərimi tez bir zamanda saytıma yerləşdirirəm. Beləliklə tamaşalarımı və əsərlərimi izləmək çox asan olur. Mənə sadəcə, saytımın adresini teatr cameəsindən olan insanlara vermək qalır. Əvvəl poçt vasitəsi ilə tamaşaların diskini göndərirdik və ünvana çatma işi aylarla sürürdü. Bu da bizdən ayrı bir maliyyə tələb edirdi. Hər göndərdiyin yer üçün tamaşaların bir nüsxəsini çıxarmaq və poçtalyonun pulunu ödəmək məcburiyyətimiz var idi. Ancaq indi bir neçə dəqiqə içində sayta daxil olub, tamaşalara baxmaq mümkündür.
- Ötən ay Gəncə Dövlət Dram Teatrında sizin "Matruşka” əsəriniz səhnəyə qoyuldu. Tamaşa sizi qane etdimi?
- Gəncə Dövlət Teatrında "Matruşka” adlı əsərimin uğurlu səhnələşdirildiyini deyə bilərəm. Rejissor Elşad Əhmədli və aktyorlar olduqca yaxşı performans göstərmişdilər. Buradan onları da təbrik edirəm.
- Hazırda isə İrəvan Teatrında Sərvər Əliyev tərəfindən başqa bir əsəriniz səhnəyə qoyulur. Bir ildə iki əsəriniz Azərbaycan teatrlarında səhnə həlli tapır. Sizcə də bu Azərbaycanın sizə bir yazar olaraq verdiyi dəyərdən xəbər vermirmi?
- Sərvər Əliyev çox yaxşı bir rejissordur və mənim ən yaxşı dostlarımdan biridir. İnanıram ki, İrəvan teatrında hazırlanan "Matruşka” tamaşası da çox uğurlu olacaq. Azərbaycan xalqı məni sevdi. Çünki bu günə qədər "Kor döyüşü”, "Ziyarətçi”, "Ah, bir yoxsul olsam”, "Uçqun”, "Gözəlçələr” və "Boyaçı” adlı əsərlərim dost və qardaş Azərbaycanda səhnələşdirilib. Və digər əsərlərim də səhnələşdiriləcəkdir. Çünki mən Azərbaycan xalqı ilə ruh əkiziyəm.
Bunu da əsla unutmayın ki, böyük dünya şairimiz Nazim Hikmətin ən yaxın dostu, ölümündə belə baş ucunda Əkbər Babayev olub. Yenə Nazim ustamın "Fərhad və Şirin” baletinin kompozitoru da dünyanın ən böyük musiqiçilərindən Arif Məlikovdur. Mən "Qızıl çay” əsərimin balet liberotosunu yazdım və Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev buna səhnə həlli verdi. Bu əsər Türkiyə ilə bərabər bir çox ölkələrin repertuarına daxil oldu. Ümid edirəm ki, Türkiyə və Azərbaycan xalqlarının ortaq bir məhsulu olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində də bu tamaşa nümayiş olunar. Mən artıq bir dünya yazarıyam. Amma bilinməlidir ki, xüsusilə Azərbaycan və Türkiyə xalqlarının yazarı kimi fəaliyyət göstərirəm.
- 2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sizin "Uçqun” əsəriniz Bəhram Osmanovun quruluşunda səhnəyə qoyuldu. Türkdilli ölkələrin bir çoxu bu əsərə müraciət edib. Sizcə türkdilli xalqlarda bu əsərə maraq oyadan səbəb nədir?
- "Uçqun” yalnız türk dilində danışan ölkələrdə deyil Rusiya Federasiyanın Muxtar Respublikalarında, Balkanlarda (Bolqarıstan, Rumıniya, Ukrayna), Qafqazda, daha sonra Gürcüstan, İran, Fransa, Litvada səhnə üzü görüb. Bu günlərdə Belarusiyada Minsk M.Qorki adına Dövlət Dram Teatrında "Uçqun”un məşqlərinə başlanıb. Xüsusilə də Rusiya Federasiyanın 24 şəhərində "Uçqun” tamaşası tamaşaya qoyulub. Əsərlərimin bu qədər çox ölkələrin teatr səhnələrinə yol tapmasının səbəbi isə cəmiyyətin ümumi bir mövzusu olan: "Susma, danış! Çünki susmaq əlac gətirməz” ismarıcıdır.
Bu günlərdə Gürcüstanda maraqlı bir layihə həyata keçirildi. 5 ayrı ölkədən 5 rejissor mənim "Uçqun” əsərimin tamaşasını qurdu. Azərbaycanlı rejissor İradə Gözəlova da orada iştirak edirdi. Bu tamaşa dünyanın bir çox ölkəsində Gürcüstanı təmsil edəcək.
- Hazırda Azərbaycan teatrını necə dəyərləndirirsiniz?
- Azərbaycan müasir standartlara uyğun teatr binalarına sahib olan dünyanın ən zəngin ölkələrindən biridir. Xüsusilə də Bakıda saysız və mükəmməl teatr binalarına sahib olmanız təbii ki, təqdirəlayiq haldır. Bu vəziyyət Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin sənətə və xüsusilə də teatrlara verdiyi diqqətin göstəricisidir. Yenə də nazirliyinizin beynəlxalq qurultaylar keçirməsi də çox önəmli qərardır. Mədəniyyət nazirliyinizdən də əvvəl sizin prezidentiniz cənab İlham Əliyev və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı təbrik edirəm. İlham Əliyevin və onu həyat yoldaşının teatr sənətçilərinə önəm verəcəyini və onları sosial baxımdan da məmnun edəcəyini bilirəm. Çünki İlham Əliyev çox önəmli bir adamın, Ulu öndər Heydər Əliyevin oğludur. Bu səbəbdən mədəniyyətin dəyərini biləcək və öz dəstəyini əsirgəməyəcəkdir.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə daha çox ümumi problemlərdən yazdığınızı və həmin problemlərin bütün dünya üçün aktual olduğunu görürük.
- Mən insanlığı ulu öndərimiz Mustafa Kamal Atatürk kimi, eynən onun gözü ilə görməyə çalışıram. Yəni dünyadakı bütün xalqlar böyük insan bədəninin parçaları kimidir. Qəlbi bir xalqdırsa, beyni, əlləri, ayaqları, ayrı bir xalqdır. Ancaq hamısı birlikdə bir bütündür. Yəni tək insanı bütövləşdirir. Əlində, ya da başında problem olan insanın acısını bütün insanlıq hiss edir. Beləliklə insanlığı maraqlandıran bir mövzunun bütün dünyada səhnələşdirilməsi vacibdir. Bu gün Şekspirin əsərləri Afrikadan Amerikaya, Avropadan Asiyaya yayılıb, oynanılmasının əsas səbəbi budur. Mən də əsərlərimlə bütün dünyaya mesaj ötürməyə çalışıram. Bu səbəblərdən də əsərlərim daha çox ölkəyə yayılır.
- Sizcə hər bir teatrın öz yazarı olmalıdırmı?
- Şübhəsiz ki, hər teatr öz dünyagörüşünə uyğun əsərlər axtarır və səhnəyə gətirir. Əlbəttə, yazarın keyfiyyəti teatrın səviyyəsini daha da qaldırar.
- Müəllifi olduğunuz "Matruşka” əsəri 15- dən çox ölkənin teatr səhnəsində oynanılıb. Bir müəllif olaraq hansı hissləri keçirirsiniz?
- Bu məni təbii ki, sevindirir. Əsərimin daha çox yayıldığını görmək gözəl hissdir. Bunun bir çox səbəbləri var. Birincisi, tamaşada iki nəfər oynayır - bir qadın, bir kişi. İqtisadi baxımdan da çox əlverişlidir. İkincisi, asanlıqla daşına bilən alətləri var. Üçüncüsü, mobil bir oyundur. Dördüncüsü isə cəmiyyəti bir mövzu ilə güldürərək insanlara əyləncəli şəkildə izah etmək kimi xüsusiyyəti var. Bu tamaşanın daha çox oynanılmasının onlardan qaynaqlandığını bilirəm. "Matruşka”nın mövzusu da maraqlıdır: "Eşq bütün ümidsizliklərə baxmayaraq gözəl və yaşanılası bir şeydir”.
Onu da əlavə edim ki, bu günlərdə Türkiyədə İstanbul şəhər teatrı və İzmirdə özəl bir teatr da bu tamaşanı hazırlayıb.
- Teatrın çox da dəbdə olmadığı bir dövrdə nə üçün məhz teatr yazarlığını seçdiniz? Axı Türkiyədə serial yazarları daha çox pul qazanırlar?
- Mən teatr yazarlığını 48 il bundan öncə bilərək seçmişdim. Çünki bu sahədə mütləq şəkildə uğur qazanacağımı bilirdim. Serial yazmaq insanı tükədir. Serial yazmaq onu buza yazmaq kimi bir şeydir. Yazarsan və əriyər gedər. Serial yazarları hər həftə bir oyun yazmağa məcburdurlar. Üstəlik hər bölüm üçün bir dəfə pul alırlar. Ancaq qalıcı və cəmiyyətə bir mesaj ötürə biləcəyiniz əsər yazmış olarsanız bir çox ölkə teatrları da bunu oynayacaq və siz daha çox pul qazanacaqsınız. Beləliklə, dünya teatr ədəbiyyatına tanınan və daima xatırlanan bir yazar olaraq daxil olursunuz. Qaldı ki, teatr yazarı insandan dəqiqlik tələb edir. Mən bu 48 ildə 28 pyes yazmışam. Amma bu əsərlərimin hamısı dünyada tanınıb və dəfələrlə səhnəyə qoyulub. Teatr yazarlığı serial yazarlığından daha çox gəlir gətirir.
- Dramaturq kimi çalışdığınız bu illər ərzində cəmi 1 dəfə aktyor kimi səhnəyə çıxmısınız. Təfəkkürünüzün məhsulu olan qəhrəmanı yazarın özünün canlandırması necə hissdir?
- Bəli, yalnız bir dəfə səhnəyə çıxdım. Bu tamaşa Türkiyə aktyor və rejissorlarından Avni Dilligilin teatrında illərcə səhnələnən "Qırmızı fənərlər” tamaşası idi. Bir yunanlı yazarın tamaşası idi. Heç bir aktyor tamaşada oynadığı insan deyildir. Hamleti oynayan aktyor Hamlet, yat da Kral Lirdirmi? O ki qaldı sualınıza, mən aktyor deyiləm və məcburiyyət qarşısında qalıb, bir gecəlik səhnəyə çıxdım.
Bu yaxınlarda yuxumda belə bir şey gördüm. Mənim əsərlərimdən biri səhnələşdirilirdi. Teatrın direktoru böyük həyəcanla yanıma gəlib dedi ki, bütün biletlər satılıb və baş rolu oynayan aktyor ağır bir xəstəlik keçirib. Bunun üçün xəstəxanada yatır. Çox xahiş edirəm səhnəyə çıxıb onun rolunu sən oyna, yoxsa biabr olacağıq. Onsuz da bu əsəri siz yazmısınız. Aktyorun monoloqunu da bilirsiniz. Yuxudan qorxu ilə oyandım. Qan-tər içində idim. Özlüyümdə dedim ki, yaxşı ki, yuxu imiş. Yoxsa qorxu ilə qalxıb infarkt keçirərdim. Aktyorluq çox çətin bir işdir. Yazarlıq isə tamam başqa bir şeydir. Bu baxımdan, hər kəs yerini bilməlidir. Doğrudan da məndən bəhs edən bir əsərim yoxdur. Amma öz yaşamımdan parçalar olan əsərlərim var.
- Müsahibələrinizin birində "Bir ölkənin məşhur olması üçün onun teatr yazarı olmalıdır” demisiniz. Niyə məhz teatr yazarı?
- Təbii ki, bütün mövzularda yazarların olması bir ölkəni tanıdar. Ancaq davamlı olaraq oynanılırsa, ölkəsini daha çox tanıdar. Onun əsərləri dünyanın müxtəlif səhnələrində oynanılsa, müəllifin ölkəsi hər zaman gündəmdə qalacaq.
- Sizin oxucu və tamaşaçılarınızı yeni hansı əsərlər gözləyir?
- Ən son yazdığım "Brut ya da Yuli Sezarın qatili” əsəridir ki, bu əsər hələ ki, səhnəqoyulmayıb, amma bir çox dilə tərcümə olunub. Bu əsərin dünyada ilk premyerası Tiflisdə olacaq. Tamaşanın rejissoru İrakli Gogiadır. İyunun əvvəlində Tiflisdə tamaşanın dünya qalası keçiriləcək.
Hazırda üzərində çalışdığım əsər isə "Sarı gəlin”dir. Xalqların düşmən olmadığını və olmamağın vacibliyini izah etməyə çalışdığım bir musiqi əsəridir. İnşallah, bu ay onu bitirəcəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər