• şənbə, 20 Aprel, 18:18
  • Baku Bakı 24°C

Tullantıları əhalinin özünün çeşidlədiyi qəsəbə - Fotolar

22.11.17 11:30 6469
Tullantıları əhalinin özünün çeşidlədiyi qəsəbə - Fotolar
Onların yaşadığımız bölgənin, ümumiyyətlə şəhərin təmizliyində birbaşa rolları var. Söhbət hər gün səhərin sübh çağında, biz hələ yuxudaykən tullantılarımızı yığan insanlardan gedir. Hər gün aidiyyəti üzrə müəyyən ərazilərə yollanır, hava işıqlanana qədər işlərini bitirirlər. Amma bir ərazi var ki, burada tullantılar şəhərin bir çox yerlərindən fərqli olaraq, çeşidlənərək atılır və yığılır. Üstəlik burada çeşidlənmə əhalinin iştirakı ilə aparılır. Söhbət Avropanın hansısa ölkəsindən yox, Bakının Qala qəsəbəsindən gedir.

Qəsəbədə tullantıların yığılması və daşınması prosesində son texnologiyadan istifadə olunur. Bu xidmət Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi "Təmiz Qala” pilot layihəsi çərçivəsində göstərilir. Biz də son texnologiya ilə tullantıların çeşidlənmə və yığılma prosesini izləmək üçün qəsəbəyə yollanırıq.
Göy və yaşıl qutuların sirri...

Ərazidə gəzərkən tullantılar üçün hazırlanmış xüsusi qutular diqqətimizi çəkir. Göy və yaşıl rəngli tullantı qutularının üzərində maarifləndirici lövhə yerləşdirilib. Əhali məişət tullantılarını 2 yerə bölərək üzvi (qida) tullantılarını yaşıl qutuya, qeyri-üzvi (qeyri-qida) tullantıları isə göy rəngdəki qutulara atır. Üstəlik, həmin qutulardakı tullantıları da uyğun rəngdə olan avtomobillər yığaraq "Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən tullantıların çeşidlənməsi zavoduna daşıyır.

Təmiz Şəhər ASC-nin mətbuat xidmətinin rəhbəri Elmar Məlikov deyir ki, bu cür çeşidlənərək yığılan tullantının təkrar emal zamanı məhsuldarlığı daha çox olur: "2010-cu ildən etibarən "Təmiz Qala” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların kompleks idarə edilməsi – tullantıların yığılması, daşınması və utilizasiyası proseslərini müasir şəkildə təşkil edilməsidir. Təşkil olunan işlərin mahiyyəti haqqında əhali arasında mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri aparılır, tullantı konteynerlərindən necə istifadə etmələri barədə bukletlər paylanılır, görülən işlər haqqında əhalinin və təşkilatların iştirakı ilə sorğular keçirilir. Magistral yollarda tullantıların yol kənarlarına atılmaması barədə reklam lövhələri quraşdırılıb”.

Səhər saat 5-dən tullantıları yığmaq üçün avtomobillər hazır vəziyyətdə gözləyir. Hər avtomobildə isə biri sürücü, iki fəhlə öz xüsusi geyimlərində gözləyirlər. Qeyri-üzvi tullantıları yığmaq üçün göy zolaqlarla rənglənmiş avtomobil, uyğun olaraq göy konteynerə yaxınlaşır. İki fəhlə konteyneri avtobusa yerləşdirir, tullantını boşaltdıqdan sonra yerinə qoyur.

İnsan zibil daşısa da...

Onlar işlərini bitirdikdən sonra söhbətləşmək üçün yaxınlaşırıq. Göy rəngli avtomobilin sürücüsü Sərdar Qasımov 21 ildir bu sahədə işləyir. Sərdar dayı elə Qalada yaşayır. Deyir ki, tullantıların çeşidlənməsi, yığılması qəsəbəyə xüsusi təmizlik gətirib: "Qızım, əvvəllər qəsəbədə zibillər yığılıb, günlərlə qalırdı. Pis qoxu ətrafı bürüyürdü. Bu layihə qəsəbəmizə təmizlik gətirib. Hər səhər tullantılar yığılır, çeşidlənir uyğun avtomobillərdə göndərilir. Burada insanlar anlayır ki, xarici ölkədə olduğu kimi, bizdə də tullantıları çeşidləmək mümkündür”.

İşinin çətinliyinə gəldikdə isə Sərdar dayı deyir ki, həyatda yaşamaq üçün mübarizə aparmaq lazımdır: "Hər gün saat 5-də evdən çıxıram. 21 ildir ki, belədir. Əgər işini sevirsənsə, heç bir çətinlik yoxdur. İnsan zibil də daşısa, iş işdir və o, gördüyü işi sevməlidir. Hər dəfə sənət sevgisi ilə bağlı danışanda, "Titanik” filmindən bir kadr yadıma düşür. Gəmi batmaq üzrədir, hamı can hayındadır, amma musiqiçilər ifalarını saxlamırlar. Ölənə qədər ifa edirlər. İşini sevmək budur”.

"Bizim işimiz tökmək, sizinki yığmaqdır”

Şamil Rəhimov fəhlədir. Onu işi konteyneri götürmək, boşaltmaq, ərazini təmiz saxlamaqdır. Deyir ki, layihənin ilk günlərində qəsəbə sakinlərinin çoxu qaydalara riayət etmirdilər: "Əvvəllər çox çətin olurdu. İndi zibil yeşikləri də böyükdür. Kənara çox zibil düşmür. Layihədən öncə əhali zibilləri yeşiyə deyil, eləcə qutunun yanına boşaldıb gedirdilər. Bəzilərinə irad bildirəndə isə deyirlər ki, bizim işmiz tökmək, sizin işiniz yığmaqdır. Biz hökumətə pul ödəyirik, istədiyimizi edə bilərik. Amma indi əvvəlki ilə müqayisədə fərq çoxdur. Artıq insanlar çeşidlənməyə alışıblar”.

Məlumat üçün bildirək ki, tullantıların daşınması üçün müasir standartlara cavab verən tullantı daşıyan nəqliyyat vasitələri istifadə edilir. Həmin nəqliyyat vasitələri xüsusi GPS sistemi ilə təchiz edilib və 24 saat ərzində mərkəzi nəzarət sistemi tərəfindən idarə edilir. "Təmiz Şəhər” ASC Qalada meydançalarda əmələ gələn tullantıların illik, rüblük və aylıq, həmçinin fəsillərə uyğun daşınmasını planlaşdırır. Həm bu proqramlar, həm mümkün ani dəyişikliklər barədə məlumat tullantı avtomobillərində quraşdırılmış planşetlərə ötürülür və sürücülər həmin məlumat əsasında hərəkət edirlər. Həmçinin, sürücülər də qarşılaşdıqları hansısa problemləri kabinələrdəki GPS-danışıq sensorları ilə dispetçerə ötürə bilir.

Yaşıl və göy rəngli yeşiklər müvafiq avtomobillərə boşaldıldıqdan sonra dezinfeksiya maşını vasitəsilə tullantı konteynerləri yuyulur və xüsusi məhlulla dezinfeksiya olunur. Yuyulduqdan sonra isə fəhlələr yenidən konteynerləri yerləşdirir və açarla bağlayırlar.

"Konteynerləri yandırırlar”

Əlvan İsaxanov da 6 ildir bu sahədə işləyir. Onun narazılığı konteynerlərin yandırılması ilə bağlıdır: "Konteynerləri bilərəkdən yandırırlar, əridirlər. Yanan siqareti, yaxud kağızları bilərəkdən konteynerə atırlar. Qəsəbədə belə təmizlik, şərait yaradılıb. Lakin bəzi insanları görünür təmizlik də narahat edir. Zibili qablara yox, eləcə yerə atıb gedirlər. Əvvəllər aylarla tullantılar yığılırdı, gəlib aparan yox idi. İndi tərtəmizdir. Amma insanlar kömək etməlidirlər. Uşağın əlinə arabanı verib zibil atmağa göndərirlər. Uşağın da gücü çatmır, boşaldır yerə. Belə olmaz axı... İnsanlarımız boş qutu ola-ola, zibil torbalarını yerə atırlar. "Ay xanım, zibil qutuya atın!” deyəndə, " bəs siz nəyə lazımsız, götür də” deyib gedirlər. Bu zibilləri də toplayan insanlar var axı...”

Tullantılar maşınlara yığıldıqdan sonra "Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən tullantıların çeşidlənməsi zavoduna yollanırlar. Biz də qəsəbəni gəzib, zibil yeşiklərini müşahidə edirik. Yazıdan da məlum olur ki, yaşadığımız ərazinin təmiz qalmasını istəyiriksə, onlarla yanaşı biz də çalışmalıyıq. Tək onlarla iş bitmir... Atalarımızın da dediyi kimi, tək əldən səs çıxmaz. Zibilləri təkcə, Qalada yox, yaşadığımız hər yerdə çeşidlənmiş formada atsaq, həm ərazi təmiz olar, həm də təmizlik üçün gecəsini gündüzünə qatan işçilərin işləri yüngülləşər.

Sonda məlumat üçün bildirək ki, "Təmiz Qala” layihəsi çərçivəsində Qala ərazisində tullantıların toplanması üçün 150 tullantı meydançası quraşdırılıb, 630 ədəd konteyner yerləşdirilib, müntəzəm yığım və daşınma işi təşkil olunub. Qəsəbə ərazisində əhalinin və turistlərin sıx toplaşdığı yerlərdə ümumilikdə 45 ədəd zibil qutusu, iri istehsal müəssisələri ərazisində isə 200-dən çox konteyner yerləşdirilib.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər