AZE | RUS | ENG |

Tullantılardan yaranan dəyər

Tullantılardan yaranan dəyər
Məişət tullantılarının düzgün çeşidlənməsi və istifadəsi gəlir gətirə biləcək prosesdir

Bu günlərdə Bakıda məişət tullantıları sahəsində baş vermiş yanğın təhlükəli anlar yaratdı. Bakı şəhəri Suraxanı rayonunda 50 kvadratmetr sahədə məişət tullantılarının yanması nəticəsində əmələ gələn yüksək temperaturdan yaxınlıqdakı inzibati binanın girişinin lambirdən ibarət tavanı da 2 kvadratmetr sahədə əridi. İnzibati binanın qalan hissəsinin yanğından mühafizə olunmasına və yanğının gecə saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülməsinə baxmayaraq, bu hadisə bir daha göstərdi ki, ümumiyyətlə, Azərbaycanda məişət tullantılarının zibilliklərə atılması, onların çeşidlənməsi və s. kimi məsələlərlə bağlı vəziyyət qənaətbəxş deyil.  

Həqiqətən də bir çoxlarımız tullantıların ümumi zibil qutusuna deyil, ətraf əraziyə atıldığının dəfələrlə şahidi  olmuşuq. Tullantıların çeşidlənməsi isə ayrı bir problemdir. Qida və qeyri-qida tullantılarını eyni zibil qutusuna atmaq əslində çox təhlükəlidir. Çünki onların tərkibində elə maddələr var ki, onlar yandığı zaman ətraf mühitə zərərli təsir göstərir. Bəs bu sahədə hansı maarifləndirmə işləri aparılır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında qeyd etdi ki, ölkəmizdə tullantılarla bağlı çoxsaylı ekoloji təşkilatlar fəaliyyət göstərir və onlar müxtəlif layihələr həyata keçirir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ilk dəfə olaraq nazirliyin nəzdində İctimai Şura yaradıb. Burada hər ay bir dəfə ətraf mühit və tullantılarla bağlı müzakirələr aparılır. Lakin təəssüflər olsun ki, hələlik əhalinin düşüncəsini dəyişə bilməmişik. Tullantıların kompakt şəkildə yığılması və müəyyən texnologiya ilə məhv edilməsi lazımdır. Məsələn, avtomobil təkərləri təşkil olunmuş şəkildə yığılıb məhv olunmalıdır. Yaxud da maşın akkumulyatorları, batareyalar, kompyuterin ətraf mühitə zərərli  hissələri var ki, onların hamısını bir yerə atmaq olmaz. Bununla bağlı böyük layihələr həyata keçirilməsinə baxmayaraq, bizdə məişət tullantılarının sortlaşdırılıb ayrılması, yığılması, daşınması mədəniyyəti hələlik formalaşmayıb. Çünki əhali hökumətin istəyinə uyğun şəkildə hərəkət etmir və bu məsələdə maraqlı deyil. Ona görə də neqativ hallar, yanğınlar baş verir”.
Müsahibimiz qeyd etdi ki, insanların maarifləndirilməsində bələdiyyələrin böyük rolu olmalıdır. Lakin  təəssüflər olsun ki, bələdiyyələr bu işlə heç də yaxından maraqlanmırlar: "Bələdiyyələrin hər biri  öz ərazisində müəyyən iş aparmalı və  bu sahədə ilk nümunəvi bələdiyyələr önə çıxmalıdır. Bununla da əhalidə tullantı mədəniyyəti formalaşdırmaq lazımdır. Plastik məhsullar yandığı zaman ətrafa çox zəhərli qaz yayır. Bizdə isə  plastik məhsullar kütləvi şəkildə yığılır və yandırılır. Ekoloji təşkilatlar və bələdiyyələr bu sahəni  ciddi şəkildə araşdırmalı və maarifləndirmə işi aparmalıdırlar”.

E.Hüseynovun sözlərinə görə, bəzi qəsəbələrdə bütün növ zibillər ümumilikdə yandırılır ki, bu da  qətiyyən düzgün deyil: "Bəzi tullantılar yandırıldığı zaman ozon qatını zədələyir. Bu isə radioaktiv günəş şüalarının yerə birbaşa gəlməsinə səbəb olur. Cəmiyyətdə zibillərin sortlaşdırılması mədəniyyəti formalaşdırılmalıdır. Azərbaycanda QHT-lər səviyyəsində müəyyən maarifləndirmə işləri aparılsa da, bu, davamlı şəkildə olmadığına görə təsirli olmur”.  

"Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba qəzetimizə açıqlamasında bildirdi ki, Səhmdar Cəmiyyət tullantıların toplanması və daşınması ilə məşğul olmur. Bu işi həyata keçirən Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tullantıları "Təmiz Şəhər"ə təhvil verdikdən sonra tullantıların çeşidlənməsi zavodunda tullantıları əvvəlcə çeşidləyir, daha sonra isə tərkibindəki yararlı materialları təkrar emala göndərirlər: "Bundan sonra yerdə qalan tullantılar isə yandırılma zavodunda yandırılır. Tullantını yandırmaqla biz həm onun həcmini azaldır, həm də ondan elektrik enerjisi alırıq. Məlumat üçün qeyd edim ki, keçən il tullantılardan əldə etdiyimiz elektrik enerjisi Gəncə şəhərinin əhalisinin bir il müddətində istifadə etdiyi enerjiyə bərabərdir. Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən pilot layihəmiz var. Orada tullantıların toplanması və daşınması ilə "Təmiz Şəhər" ASC məşğul olur. Burada biz iki – göy və yaşıl rəngdə qutular yerləşdirmişik. Qida və mətbəxdən çıxan digər tullantıları yaşıl qutuya, qeyri-qida tullantılarını isə  göy qutuya atmağı xahiş etdik və bununla bağlı qəsəbədə insanlara yaşıl və göy rəngdə sellofanlar paylamışıq. Bu isə onların işini asanlaşdırmaq məqsədi daşıyır”.
Müsahibimizin sözlərinə görə, bu, Azərbaycanda çeşidləmə mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır: "Çeşidlənmiş tullantı ondan ötrüdür ki, bizim zavoda gələndə həmin məhsulların tərkibindəki enerji və xammal dəyərini daha asan əldə etmək olsun. Çünki qida və qeyri-qida qarışdığı zaman həm onu xammal kimi təkrar istifadəyə vermək çətin olur, həm də qida tullantıları qarışan məhsulların yanma keyfiyyəti aşağı düşür. Bu həm də təkrar istifadənin keyfiyyətini yüksəltmək üçündür. Maarifləndirmə işi ilə bağlı biz həmin qəsəbədə ağsaqqallar və yaşlı nəslin nümayəndələri ilə görüşüb danışıqlar aparırıq. Məktəblərdə də bu barədə təlimlər keçirik. Qala qəsəbəsində tullantılardan ibarət «Tullantıdan Sənətə» adlı muzey açmışıq. Həmçinin qeyd edim ki, Bakı şəhərində yerləşən universitetlərlə əməkdaşlıq müqavilələri imzalayıb həmin universitetlərdə təlimlər, mühazirələr keçirik”.

V.Baba qeyd etdi ki,  "Təmiz Şəhər”də tullantı lazımsız əşya deyil. Biz  insanlara tullantının hansı dəyərinin olduğunu öyrədirik: "Biz həmin tullantılardan pul qazanır və insanlara da izah edirik ki, bunu lazımsız əşya kimi yox, ölkəmizə daha çox gəlir gətirə biləcək formada idarə etmək olar. Bu sahəyə uyğun olan fakültələrdə biz bununla bağlı dərs keçir, işi öyrədir, digər fakültələrdə isə sadəcə olaraq maarifləndirmə tədbirləri təşkil edirik. Tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavoduna bütün şəxslər, təşkilatlar, universitetlər üçün turlar təşkil edirik. Bizə müraciət edən istənilən qurumlar üçün avtobuslar ayırır, onları zavodlarımıza gətiririk. Onlar zavodlarımızda gəzir və bizim ekspertlərimiz onlara iş prosesini izah edirlər. Qonaqlar öz atdıqları tullantını zavodda necə istifadə etdiyimizi öz gözləri ilə görürlər. Çeşidləmə mədəniyyəti bizdə yavaş-yavaş inkişaf etməyə başlayır”.

Şəbnəm MEHDİZADƏ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000