AZE | RUS | ENG |

ÜTT-yə üzvlük: itirəcəklərimiz və qazanacaqlarımız

ÜTT-yə üzvlük: itirəcəklərimiz və qazanacaqlarımız
Vahid Əhmədov: “ÜTT-yə üzlük protokollarını imzalayarkən daxili bazarı tənzimləmək üçün 5 il vaxt istəyə bilərik”

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük üçün müraciət etməsindən 15 il vaxt keçib. Bu müddətdə qonşu ölkələr təşkilata üzv olublar. Rusiya isə ötən ay ÜTT-yə üzv olan sonuncu - 156-cı ölkədir. Bəs Azərbaycanda proseslər niyə ləngiyir? ÜTT-yə üzvlüyümüz nə vaxta reallaşa bilər?

ÜTT təmərküzləşmənin qarşısını ala bilər
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov bizimlə söhbətində ÜTT-yə daxil olmanın vacib olduğunu və bu yöndə Xarici İşlər Nazirliyinin çalışdığını qeyd etdi. İqtisadçının fikrincə, ÜTT-yə üzv olmağımız ölkədə monopoliya, korrupsiya və s. kimi mənfi halların aradan qalxmasına kömək edəcək. Ancaq V.Əhmədovun sözlərinə görə, indiki halda ÜTT-yə üzvlüyün ölkəmiz üçün mənfi tərəfləri də var: “Məsələn, ÜTT-yə üzv olacağımız təqdirdə, bazar açıq olacağından, istənilən mal Azərbaycan bazarına rahat şəkildə daxil ola biləcək. Burada əsas problemlərdən biri gömrük rüsumlarıdır”.

Qeyd edək ki, ÜTT-yə daxil olan dövlətlər üçün ümumi ticarət rüsumu müəyyənləşdirilib. Ölkələr ticarət zamanı 5 faizli gömrük rüsumu ödəyirlər. V.Əhmədov deyir ki, gömrük rüsumunun az olması daxili bazardakı satışda problem yarada bilər. Çünki bu zaman ölkəyə idxal olunan mallar ölkədə istehsal edilən mallardan ucuz başa gələ bilər və bu zaman istehsal səviyyəsi aşağı olar.
İqtisadçılar hesab edirlər ki, daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının əsas səbəbi yerli malların rəqabət qabiliyyətinin aşağı olmasıdır. Çünki hazırda ölkəmiz dünya bazarı standartlarına cavab verən mal istehsal edə bilmir. Xarici malların Azərbaycan bazarına axını isə ölkəni xarici mallardan asılı vəziyyətə sala bilər. Bu da iqtisadi təhlükəsizlik baxımından problemlər yaradar.

Standartlara uyğun məhsul istehsal edirik, amma...
V.Əhmədov hesab edir ki, bu gün ÜTT-yə üzvlüyə hazır deyilik: “ÜTT-yə üzvlük vacib olsa da, bu sahədə çox işlər görülməlidir. Ölkədə ixrac məhsullarının 92-93 faizini neft məhsulları təşkil edir. Digər sahələrdə də ixracı artırmalıyıq. Bunun üçün də keyfiyyətli məhsul istehsal etməliyik. Əslində dünya standartlarına uyğun məhsullar istehsal edirik, sadəcə qablaşdırmada problem var. Bundan başqa, torpağın şoranlaşmasının qarşısını almalıyıq və s. Bunları da bir neçə ilə həll etmək mümkündür. Bəzi ölkələr, məsələn, Çin ÜTT-yə üzv olanda 4 il zəmanət istədi ki, daxili bazarı öz bildiyi kimi tənzimləyəcək. 4 ildən sonra isə bazara müdaxilə etməyəcək”.
İqtisadçı bildirdi ki, Azərbaycan tərəfi də ÜTT-yə üzlük protokollarını imzalayarkən daxili bazarı tənzimləmək üçün 5 il vaxt istəyə bilər: “Bu zaman kəsiyində də hər şeyi qaydaya salmaq olar. Hətta bu müddətə ölkəmizin özünü ərzaqla təmin etməsini də reallaşdıra bilərik”.

Üzvlüyün müsbət və mənfi tərəfləri
Azərbaycanın ÜTT-yə üzv olmasının müsbət tərəflərinə gəlincə, iqtisadçılar bunları belə ümumiləşdirirlər:
- Azərbaycan sahibkarlarının ixrac imkanları artacaq.
- Üzv ölkələr bir-birinə hər hansı qadağa tətbiq edə bilməyəcək.
- Ölkə daxili və beynəlxalq ticarət əlaqələrində proseduralar sadələşdiriləcək.
- İnhisar azalacaq, ticarət sahəsində korrupsiya aradan götürüləcək.
Təşkilata hazırkı durumda üzv olmanın mənfi cəhətlərinə gəlincə, iqtisadçıların fikrincə, bu, özünü əsasən aqrar və xidmət sektorlarında göstərəcək. ÜTT üzvü olan ölkələrdə aqrar sektora subsidiyaların verilməsinə limitlər tətbiq edildiyindən bu sahədə zəifləmə ola bilər. Həmçinin xaricdən asanlıqla ölkəmizə daxil olan malların sayəsində daxili bazarda məhsul istehsalı zəifləyə bilər.

Kiçik və orta sahibkarlığın inkişafı ləngiyə bilər
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev Parisdə fransız şirkətlərinin rəsmiləri ilə keçirdiyi görüşündə bildirib ki, hazırda Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı iki fikir var. Bunlardan birincisi təşkilata mümkün qədər tez üzv olmaqdır: «Bu fikir də yetərincə əsaslıdır, çünki bu, bazarda rəqabətə davamlılığı artıracaqdır. Bu isə, ümid edirik ki, istehlakçı qiymətlərinə müsbət təsir edəcəkdir. Hazırda Azərbaycan bir sıra beynəlxalq təsisatlara inteqrasiya edən ölkədir və Ümumdünya Ticarət Təşkilatının bir hissəsi olmağa yaxındır».
Prezident həmçinin bildirib ki, təşkilata erkən üzvlük Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və kiçik və orta sahibkarlığın inkişafını ləngidə bilər.

Kənd təsərrüfatı subsidiyasız qala bilər
Dövlət başçısı vurğulayıb ki, 2013-cü ildə kənd yerlərində kiçik və orta müəssisələrə 300 mln. avro məbləğində güzəştli kreditlər ayrılacaq. Bundan başqa, prezident dövlətin kənd təsərrüfatına da böyük subsidiyalar ayırdığını xatırladıb: «Bizim fermerlərə yanacaq 50% güzəştlə satılır. Onlar gübrəni də 50-75% arasında güzəştlə alırlar. Onlar torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Onlara taxıl əkdikdə hər bir hektara görə 100 avro verilir. Bu subsidiyalar bizə kənd təsərrüfatı məhsullarının idxalından asılılığı əhəmiyyətli şəkildə azaltmağa kömək edir», -deyə prezident bildirib.
Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan özünün bəzi məhsullara tələbatını 80-85% həcmində ödəyə bilir. Məqsəd isə 2015-ci ilin sonunadək ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının 100% daxili imkanlar hesabına təmin etməkdir.
Prezident bildirib ki, əgər Azərbaycan ÜTT-yə tezliklə qəbul olunsa, bu işləri həyata keçirmək mümkün olmayacaq: «Əgər biz Ümumdünya Ticarət Təşkilatına bu gün qoşulsaq, bu, kənd yerində sahibkarlığın inkişafına mənfi təsir göstərə bilər. Bu, məşğulluqla bağlı müəyyən problemlər yarada bilər. Bizim bəzi mallarımız rəqabətə davamlılığını itirə bilər. Biz bu iki yanaşma arasında yolumuzu tapmağa çalışırıq. Beləliklə, biz danışıqlar prosesindəyik. Çox güman ki, bizim üzv qəbul olunmağımız yaxın gələcəkdə baş verməyəcəkdir».

ÜTT-nin məqsədi
Qeyd edək ki, ÜTT 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin paytaxtı Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 156 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 30-dan çox ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Azərbaycan da bu statusa malik olan ölkələr sırasındadır. Dünya ticarətinin 97 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür.
ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219