• cümə, 19 Aprel, 21:48
  • Baku Bakı 24°C

TRT-nin Bakı təmsilçisi “Kaspi”-nin qonağı oldu

29.01.14 16:37 1546
TRT-nin Bakı təmsilçisi “Kaspi”-nin qonağı oldu
Yanvarın 29-da Türkiyə Radio Televiziya qurumunun (TRT) Bakı təmsilçisi Emrah Timuçin Yazıcı “Kaspi” qəzetinin redaksiyasında nəşrin təsisçi Sona Vəliyeva ilə görüşdü. Görüşdə izlənmə sayına görə dünyanın əksər ölkələrində böyük reytinq qazanan TRT kanalı ilə “Kaspi” qəzetinin əməkdaşlığı müzakirə edildi.
Söhbət əsnasında Sona Vəliyeva “Kaspi” qəzetinin 3 əsrin qəzeti olduğunu vurğulayaraq, gördüyü işlərdən bəhs etdi: “Qəzetimiz hər il böyük layihələri ilə ilklərə imza atır. Ötən il Məmməd Arazın 80 illiyinə həsr olunmuş yeni materiallardan ibarət kitab çap etdirdik. Bundan əlavə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin türk oxucuları üçün Türkiyədə “Hüseyn Cavid. Əsərləri” kitabını çap etdirdik. Mart ayında onun dərs aldığı universitetdə bu kitabın təqdimatını etmək istəyirik”.
Sona Vəliyeva qardaş ölkə ilə dostluq əlaqələrimizdən söhbət açaraq Türkiyənin Azərbaycan üçün əziz olduğunu, türkün türkdən yaxşı dostu olmadığını qeyd etdi.
Öz növbəsində, Emrah Timuçin Yazıcı TRT kanalının böyük reytinq qazandığını, hər il bir-birindən maraqlı layihələrlə tamaşaçı kütləsi topladığını bildirdi. Qeyd etdi ki, TRT kanalı Azərbaycanla işbirliyinə xüsusi diqqət ayırır və hər zaman buradakı qardaşları ilə işləməyə hazırdır: “Bizim işimiz təkcə efirlə bitmir. Hazırda 35 dildə internet portallarımız fəaliyyət göstərir ki, həmin saytlarda xəbərlərimizi oxucularımıza çatdırırıq. Qeyd etdiyiniz bütün layihələr şairlərimizin tanınması üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar təqdirəlayiqdir. Düşünürəm ki, bizim də öhdəmizə düşən əsas vəzifə sizin həyata keçirdiyiniz bu layihələri işıqlandırmaq, onları yüksək səviyyədə təbliğ etməkdən ibarətdir. Sizə Türkiyədə hər cür media dəstəyi verməyə hazırıq. İstəyirik ki, Hüseyn Cavidin əsərlərinə göstərdiyiniz bu diqqətin nəticəsi olaraq, bir günlük gündəm xəbər proqramımızı bütünlüklə bu böyük şairə həsr edək”.
Söhbət əsnasında Namiq Kamalın, Hüseyn Cavidin yaradıcılığından bəhs olundu. Görüşün sonunda Emrah Timuçin Yazıcı kanalın rəmzi olan “kiçik radio” hədiyyəsini Sona Vəliyevaya təqdim etdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər