• cümə, 29 Mart, 02:29
  • Baku Bakı 7°C

“TRT-1” kanalı “Xəzər”in layihəsindən faydalandı - Fotolar

30.11.17 09:30 5101
“TRT-1” kanalı “Xəzər”in layihəsindən faydalandı - Fotolar
İllərdir verilişlərini, o cümlədən seriallarını sevərək izlədiyimiz, izləməkdən doymadığımız, Türkiyənin bir nömrəli kanalı olan "TRT-1” kanalında noyabrın 18-də "Kalk gidelim” adlı bir serial nümayiş olundu. Çoxdandır anonslardan izlədiyimiz seriala baxanda, gördüklərimə inanmadım. Belə ki, serial «Xəzər» televiziyasının yeni layihəsi olan "Xalxın evi” serialını xatırladırdı. Serialın 2-ci bölümündə tam əmin oldum ki, "Kalk gidelim”lə "Xalxın evi”nin ssenarisi 100-də 90 eynilik təşkil edir.
"Kalk gidelim” serialının mövzusu, ssenari xətti, hətta obrazları belə bizim yerli serialla eynidir. TRT-1 kanalında nümayiş olunan serialın aktyor heyətində Türkiyədə film sahəsində sözünü demiş aktyorlar yer alıb. Onlardan Ufuk Özkan, Erkan Sever, Ayça Varlıer, Mehtap Bayri, Kerem Kupacı, Füsun Kostak kimi tanınmış aktyorları göstərmək olar. Qısa bir zamanda nümayiş olunmasına baxmayaraq, türk tamaşaçısının böyük rəğbətini qazanan serialın rejissoru Hatice Memişdir. Serialın ssenarisi isə Baykut Bademə, Güliz Kucura, Hazan Tomaya məxsusdur. Türkiyədə film sahəsində kifayət qədər tanınan bir şirkət olan "Staff”ın təşkilatçılığı ilə hazırlanan serial hər həftə nümayiş olunur.
«Xəzər» televiziyasının layihəsi əsasında çəkilən "Kalk gidelim” serialından məlum olur ki, Mustafa Ali İstanbulda zəngin həyat yaşayır və günün birində müflisləşir. Mustafa Ali zəngin, dəbdəbəli həyata öyrəşmiş uşaqları və həyat yoldaşı ilə birlikdə doğulduğu kəndinə geri dönmək məcburiyyətində qalır. Serialda modern həyatın gətirdiyi rahatlıq və bu həyatın insanların öz doğmalarından uzaqlaşmasına bir vəsilə olduğu vurğulanır. Ekran əsərində var-dövlətin insanı doğmalarından uzaq salması, ailəvi münasibətlər, sədaqət, xeyirxahlıq, insan sevgisi, ailəvi bağlar, mənəvi dəyərlərin yox olması kimi mövzular yer alıb. Sadaladığımız detallar baxımından "Kalk gidelim” serialı «Xəzər» televiziyasının "Xalxın evi” layihəsi ilə demək olar ki, eynidir. Qeyd edək ki, "Xalxın evi” də əyalətdə - səfalı bölgələrimizdən olan Xızıda çəkilib.
Məsələdən xəbərdar olduqdan sonra "Xalxın evi” serialının baş rejissoru Ramin Hacıyevlə əlaqə saxladıq. R.Hacıyev bildirdi ki, qonşu ölkədə çəkilən "Kalk gidelim” serialının ilk bölümünü izləyib: "Dostlarımız mənə bildirdilər ki, belə bir serial başlayıb. Mən də serialı izlədim və gördüm ki, serialın mövzusu bizim layihəmiz ilə haradasa 80 faizi eynidir. Düzdür, onlar seriala əlavələr ediblər, süjet xəttində bir qədər dəyişikliklər olunub, amma həqiqətən də ümumi ideya eynidir. Orada da maraqlı obrazlar var. Bir çox obrazları bizim serialdakı ilə oxşardır. Misal üçün, bizim serialdakı Mikayıl müəllim ilə onların baş rol ifaçısı eyni xarakterlidir. O da müflis olub, ailəsini götürüb ata yurduna gəlib. Ata yurduna geri döndükdən sonra hadisələr cərəyan etməyə başlayıb. Eynilik çoxdur, hətta obrazlarda da eynilik var”.

Ssenarinin, süjet xəttinin məhz onların özlərinə məxsus olduğunu deyən R.Hacıyev deyir ki, bu layihə mayda hazır olub: "Biz bu layihəni mayda hazır etmişdik. "Xalxın evi” layihəsi iyunda təsdiqləndi və iyulda çəkdik. Ancaq "Kalk gidelim” serialı heç bir ay deyil ki, efirə gedir. Yəni deməyim odur ki, bu layihə bizə - «Xəzər» televiziyasına məxsusdur”.

Rejissordan bu layihənin ötən illərdə hər hansı xarici telekanalda çəkilib-çəkilmədiyini soruşduq: "Ümumilikdə bu formatda hazırlanan sitkomlar əsasən bir qaynaqdan bəhrələnir. O da yayımlanır. Misal üçün, bir zamanlar Türkiyədə sevilən serial olan "Dadı” serialı Rusiyada var idi. Yəni deməyim odur ki, bu, bir yerdən qaynaqlanır. Ancaq biz bu layihəmizi lisenziyalaşdırmışıq. "Xalxın evi” layihəsinin müəllifi bizik. Bu ssenari və süjet xətti «Xəzər»indir. Fərq bundadır ki, bizdə serial sitkom janrında çəkilib. Belə ki, bir bölümdə hadisə başlayır və bitir. Ancaq onlarda bir bölümdə hadisə başlayır və növbəti bölümdə davam edir. Onlarda adi seriallar kimidir”.

Belə olan halda, məsələnin hüquqi müstəviyə gətirilə biləcəyi ehtimalı ilə maraqlandıq. Rejissor bildirdi ki, qarşıda nələrin olacağını özləri də bilmir: "Əslində qanunla icazə almalıdırlar. Nəzəri baxımdan, əgər məhkəmədə sübut olunsa ki onlar bu layihəni bizdən götürüblər, təbii ki, cəzalandırma mümkündür. Ancaq biz iddiaçı deyilik. Türkiyə serial baxımından çox irəlidədir. Film sektorunda inkişaf etmiş ölkələrindəndir. Onların və hələ üstəlik də TRT-1 kanalı kimi prestijli bir kanalın layihəmizdən bəhrələnməsi bizim üçün təbii ki, xoşdur. Həm də Türkiyə qardaş dövlətdir. Bizim aramızda heç bir problem yoxdur. Onların layihəmizdən faydalanması təkcə bizim üçün deyil, eyni zamanda bütün kinematoqrafiyamız üçün müsbət göstəricidir. Burda pis heç nə yoxdur”.

Qeyd edək ki, "Xalxın evi” serialında əsas obrazları Çingiz Əhmədov, Gülnarə Əzizova, Mətləb Səfərli, Məcid Hüseynov, Niftulla Əsgərov və Rəsul Abbas canlandırır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər