TÜRKSOY yeni kitabların təqdimatını keçirəcək
8 noyabrda Ankarada
TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr
olunan tədbirlər və təşkilatın elan etdiyi "Qara Qarayev ili” çərçivəsində tədbirlər
davam edir. Tədbirlər çərçivəsində «Azərbaycan
Xalq Cümhuriyyəti -100. Biblioqrafiya» və «Qara Qarayev. Biblioqrafiya»
kitablarının tanıtımı həyata keçiriləcək. Proqrama həmçinin «Azərbaycan Xalq
Cümhuriyyətinin 100 ilinə ithaf edilən əsərlərdən ibarət kitab sərgisinin
açılışı daxildir. TÜRKSOY-dan "Kaspi”yə daxil olan məlumata görə, tədbirdə məruzələr
dinləniləcək və bədii hissə nəzərdə tutulub. TÜRKSOY-un baş iqamətgahında təşkil
olunacaq tədbirə həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan
Milli Kİtabxanası dəstək göstərir. Ankara
və İstanbula ezam olunan nümayəndə heyətinə Milli Kitabxananın direktoru,
professor Kərim Tahirovun rəhbərliyi ilə BDU-nun kafedra müdiri, professor Anar
İsgəndərov, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Milli
Kitabxananın xarici ədəbiyyat şöbəsinin böyük kitabxanaçısı Xanpəri Cəfərova da
qatılacaqlar. Tədbir İstanbulda baş tutacaq Beynəlxalq Kitab sərgisində yer
alacaq Azərbaycan stendində davam etdiriləcək. Tədbirdə TÜRKSOY-un baş katibi
Düsen Kaseinov da iştirak edəcək.