• şənbə, 20 Aprel, 06:33
  • Baku Bakı 14°C

Trentinoda bayram və festivallar

16.09.18 10:00 561
Trentinoda bayram və festivallar
Oktyabr İtaliyanın şimalında yerləşən Trentino əyalətində hadisələrlə zəngin olur. Burada qonaqlara mənzərəli vadilərə turlar çərçivəsində fabrik və fermalara baş çəkmək, üzüm plantasiyalarını görmək, velosipedlə meşə gəzintisi, incəsənət və qastronomiya tədbirləri təklif olunur. Bütün bunların hamısı Trentinonun əsrarəngiz payız peyzajları fonunda daha maraqlı olur.
AZƏRTAC"visittrentino” saytına istinadla xəbər verir ki, sentyabrın 21-dən 23-dək Trentinodakı Verla di Giovoda, Val di Çembra vadisində 61-ci üzüm festivalı ("Grape Festival”) keçiriləcək. Vadi boyunca bəzədilmiş arabaların paradı, tematik yarışlar, konsert və tamaşalar təşkil ediləcək.
Dağ otlaqlarından qayıdış
Yayın sonunda çobanlar və sürülər Alp dağlarındakı otlaqlarda keçirdikləri bir neçə aydan sonra vadiyə qayıdırlar. "Desmontegade” adlı əlvan paradda yaraşıqlı ənənəvi geyimlərdə olan çobanlar, çiçək və zınqırovlarla bəzədilmiş inək, keçi və qoyunlar sakinlərin alqışları, xalq musiqisinin sədaları altında qəsəbələrdən keçirlər.
Bayramın əsas qəhrəmanları isə çobanlar və fermerlərdir. Onlar dağlarda yay tətilindən sonra evlərinə təkcə heyvan sürüsünü deyil, həm də dağ komalarında hazırlanan pendir aparırlar.
Trentinoda payızın gəlişini beləcə ənənəvi bayramla qarşılayırlar. Bu festivallara gəlin və siz bayram əhval-ruhiyyəsi ilə qarşılaşacaq, yerli süd delikateslərinin dadına baxacaqsınız.
Alma bayramı
Oktyabrın 13-14-də Val-di-Non vadisində bu bölgənin rəmzi olan alma bayramı keçirilir. Kles şəhərinin sakinləri bu münasibətlə "Pomaria” alma festivalı keçirirlər. Festivalın adı meyvə ağaclarının hamisi antik Pomone ilahəsini xatırladır. Siz mənşəcə DOP təsnifatı ilə mühafizə olunan almalar haqqında çoxlu maraqlı məlumatlar alacaq, onların dadına baxacaq və ştrudel (meyvə ruleti) hazırlamağı öyrənəcəksiniz.
Qeyd edək ki, DOP təsnifatı (mənşəyinə görə mühafizə olunma) keyfiyyət və dad göstəriciləri baxımından coğrafi məkana aid olan və istehsalının və emalının aparıldığı meyvənin müəyyən olunması deməkdir.
Şabalıd festivalı
Od üstündə qaydasınca qovrulmuş şabalıdın dadına baxmaq üçün payızdan əlverişli fəsil yoxdur. Trentinoda DOP təsnifatı əsasında qorunan şabalıdlara dair bir neçə maraqlı festival keçirilir. Oktyabrın 20-21-də Kastione-di-Brentoniko qəsəbəsindəki Monte-Baldo təbiət parkında Kastione şabalıd festivalı təşkil olunur. Qədim Brentonikodan aşağı Ronçenyo-Termeyə gedərək çoxəsrlik şabalıd yetişdirilməsi ənənələrinə malik Valsuqan vadisində oktyabrın 27-28-də - ayın son istirahət günlərində 39-cu "Festa della castagna" festivalında iştirak edə bilərsiniz. Nəhayət, oktyabrın 19-21-də Val-di-Çembra vadisində yerləşən Albiano qəsəbəsində "Castagnada Biana” festivalında şabalıd boyunbağılarla bəzənmiş, onları arzu edənlərə satmaq üçün Trentoya yollanan yerli əhali ilə qarşılaşacaqsınız.
Qarda mətbəxinin dadı
Noyabrın 2-4-də Riva-del-Qardada "Garda con gusto" adlı maraqlı tədbir keçiriləcək. Bu, Qarda sahillərindən və Trentinonun digər bölgələrindən gətirilən ətli qəlyanaltılardan zeytun yağınadək bütün yerli məhsulların təqdim olunduğu yeganə festivaldır. Siz onların dadına baxa və ala bilərsiniz. Bazarda alış-verişlə yanaşı, kulinariya üzrə ustad dərsləri və müxtəlif tədbirlər də keçirilir.
banner

Oxşar Xəbərlər