• çərşənbə, 24 Aprel, 03:32
  • Baku Bakı 14°C

Transxəzərin həllini gözləyən problemləri

24.08.20 16:42 1162
Transxəzərin həllini gözləyən problemləri
"Atlantic Council” nəşri yazır ki, layihənin reallaşması üçün siyasi və iqtisadi maneələr var



Avropaya qazın yeni marşrutla nəqlini nəzərdə tutan Cənubi Qaz Dəhlizi ilə bağlı işlərin başa çatması yenidən Transxəzər boru xəttinə marağı artırıb. Layihə Avropanın enerji təhlükəsizliyinin artırılması baxımından mühüm hesab edilir, eləcə də, Avropanı Mərkəzi Asiya və Xəzərlə bağlayan xətt kimi nəzərdən keçirilir. Qərbin nüfuzlu "Atlantic Council” nəşrində dərc olunan məqalədə bildirilir ki, "çox tezliklə Cənub Qaz Dəhlizi hazır olacaq və Azərbaycanın "Şahdəniz” qaz yatağından il ərzində 10 mlrd. kubmetrlik qazı Avropanın cənub-şərq hissəsinə çatdıracaq”. Cənub Qaz Dəhlizi qazın nəqlinin diversifikasiyasına dəstək məqsədi daşısa da, onun təsiri az həcmdə qazla məhdudlaşdırılacaq: cəmi 10 mlrd. kub metr qazı Avropa bazarına çatdıracaq. Onun tələbatı isə il ərzində 450-500 mlrd. kubmetr qaza hesablanıb. Məhz bu səbəbdəndir ki, ABŞ və Avropa İttifaqı uzun müddətdir ki, Transxəzər boru xətti konsepsiyasının üzərində dayanırlar. Burada il ərzində 30 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub. Türkmənistanın zəngin qaz yataqlarından hasil edilən qazın da layihəyə daxil edilməsi nəzərdə tutulub. Transmilli boru xəttinin inkişafı üçün nə lazımdır? Son 25 ildə Xəzər regionunda neft və qaz boru xətlərinin inkişafı ilə bağlı çoxsaylı variantlar təklif olunub. Bakı-Tbilisi-Ceyhan və bu kimi layihələr nədən uğurlu olub, digərləri isə uğursuz olub? CSIS - Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hesabatında qeyd olunur ki, transmilli boru xətlərinin uğurlu olmasının dörd vacib elementi var: neft və qaz mənbəyi, nüfuzlu kommersiya lideri, əlverişli iqtisadiyyat və siyasi dəstək.
Transxəzər boru xətti layihəsi bu kriteriyalara uyğun gəlirmi? Birincisi, müəyyən qaz mənbəyi mövcud deyil. Türkmənistan iri qaz yataqlarına malikdir. Lakin onun yeni qaz yataqları olsa da, böyük əksəriyyətin istismarı uzunmüddətli müqavilələrlə Çinin əlindədir. Rusiyanın neftlə təchiz etdiyi köhnə yataqlarla bağlı vəziyyət isə bəlli deyil. Bu səbəbdən də Transxəzər boru xətti üçün yeni qaz yatağı gərəkdir. İkincisi, hazırda heç kim kommersiya lideri qismində çıxış etmək istəmir. Əgər beynəlxalq neft şirkətinə Türkmənistanda qazın nəqli ilə bağlı pay təqdim edilərsə, o zaman o öz resurs bazasını boru xəttinin dolması üçün inkişaf etdirə və kommersiya lideri kimi çıxış edə bilərdi. Lakin türkmən hökuməti xarici investisiyanı quruda qaz nəqlinə cəlb etməkdən boyun qaçırır. Podratçı şirkət boru xətlərinin kommersiya lideri rolunda çıxış edə bilər. 90-cı illərdə Transxəzər boru xəttinə ilkin dəstəyi PSG şirkəti göstərmişdi. Lakin bu cəhd uğursuz oldu. Ötən 20 il ərzində heç bir boru xətti şirkəti Transxəzər boru xətti layihəsinə maraq göstərməyib. Bu, təəccüblü deyil. Maliyə resurslarına malik olan nə Qərb, nə də Avropa transmilli boru xətləri şirkətlərindən heç biri bu layihədə iştiraka maraq göstərməyib. Resurs bazası və nüfuzlu kommersiya lideri olacağı təqdirdə belə türkmən qazının Avropaya nəqlinin gəlirli olacağı az ehtimal edilir. Qazın emalının yüksək qiyməti qalır. Türkmən qazının tərkibində kükürd çoxdur, daşınma şəbəkəsi də bahalıdır. Düzdür, Türkmənistan Xəzər dənizində iri qaz yataqları ilə birləşdirən "Şərq-Qərb” boru xəttini inşa edib. Lakin 30 mlrd. kubmetr qazı nəql etmək üçün zəruri kompressorlar quraşdırmayıb. Bura Xəzər dənizinin dibindən keçib gedəcək Transxəzər boru xəttinin qiymətini də daxil etmək gərəkdir. Qazı Avropaya çatdırmaq üçün boru xətlərini genişləndirmək də olar. Lakin 15 mlrd. kubmetrdən çox olmamaq şərtilə. Yəni, yeni infrastruktura əlavə investisiyalar gərəkdir. Sonuncu iqtisadi problem ondadır ki, türkmən qazı özündə "Şahdəniz” qazından fərqli olaraq yüngül kondensant birləşdirir. Mahiyyət etibarilə "Şahdəniz” yatağından olan kondensant isə istifadə olunan qazdır. Türkmən qazının iqtisadi tərəfi ilə bağlı bu cür qiymət 2018-ci ildə Oksford Universitetinin enerji tədqiqatları ilə bağlı təqdim etdiyi hesabatda əks olunub. Əsas nəticə odur ki, türkmən qazı Avropada rəqabətədavamlı deyil. Hələ ki, Avropanın qaza olan tələb koronavirus pandemiyası və digər aspektlər üzündən sual altındadır. Avropa İttifaqının enerji siyasətində qazın roluna gəldikdə avropalı alıcıların türkmən qazını uzunmüddətli və perspektivdə almasını çətin təsəvvür etmək olar. Beləliklə, əgər layihə subsidiya alsa belə, Avropanı rəqabətədavamlı qazla təmin etmək məsələsində hədəfə çata bilməz.
Boru xətti üçün üç əsas əhəmiyyətli məsələ olmadan layihənin uğur qazanması çətin olar. Bəs Transxəzərin inşası ilə bağlı siyasi dəstək necə, varmı? Sözsüz ki, layihə Azərbaycan və Türkmənistanın güclü dəstəyinə malikdir. ABŞ və Avropa İttifaqı da dəfələrlə layihəyə dəstək ifadə ediblər. Lakin təcrübə göstərir ki, siyasi dəstək zəruri olsa da, uğur əldə etmək üçün kifayət etmir. Uğurun əldə edilməsi üçün kommersiya və iqtisadi əsaslar zəruridir. Transxəzər boru xəttinin yeni istehsalçılarının ortaya çıxması və gələcəkdə Avropada qaz qiymətlərinin dəyişəcəyini gözləmək də şübhə doğurur. Bu iqtisadi və kommersiya reallıqları qalır - hətta əgər sabah Türkmənistan öz siyasətini dəyişə və beynəlxalq neft şirkətlərini öz ərazində kəşfiyyat işləri aparmağa çağırsa belə. O ki qaldı Rusiyanın mövqeyinə, qonşumuz lap əvvəldən siyasi səviyyədə Transxəzər boru kəmərinə qarşı çıxıb. Formal olaraq əsas problem kimi Xəzərin statusunun müəyyən olunmaması göstərilirdi. Dənizin hüquqi statusuna dair saziş imzalanandan sonra həm bölgədə, həm də beynəlxalq səviyyədə ilk təəssürat bu oldu ki, artıq Transxəzər layihəsinin reallaşdırılması üçün əngəllər aradan qaxıb. Çünki Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində aydın yazılıb ki, tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər. Lakin bu dəfə İran və Rusiya dənizin dibi ilə boru xəttinin inşasının ekoloji problemlərə gətirib çıxaracağını irəli sürməyə başladı. Bir sözlə, Transxəzər layihəsinin həyata keçirilməsi üçün geosiyasi konsensus tələb olunur. Bu mövzu çoxdan siyasiləşib və layihənin taleyi Avropa İttifaqı ilə Rusiya (həmçinin İran) arasındakı dialoqdan asılı vəziyyətdədir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər